““AzerRos”un Federal Şurasının sədri olduğum üçün baş verənlərə münasibətim çox pisdir. Çünki baş verən hadisələr “AzerRos”un parçalanmasına gətirib çıxarır”.
Bunu Modern.az saytına açıqlamasında “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Federal Şurasının sədri Mehriban Sadıqova deyib:
“Bəziləri yanvarın 15-də Federal Şuranın üzvlərini başqa bir ünvana yığıblar. Halbuki, Federal Şuranın birinci ofisində onları öz iclasımıza çağırırdım. Onlar isə başqa ofisdə yığıncaq keçiriblər”.
Mehriban Sadıqova “AzerRos”un Ağsaqqallar Şurasının rəhbəri Abbas Abbasovun da baş verənlərlə bağlı fikirlərini çatdırıb:
“Ağsaqqallar Şurasının sədri Abbas Abbasov “AzerRos” ətrafında baş verən hadisələri pisləyir. Bizim prezident Asif Məhərrəmov dekabr ayının sonunda öz ərizəsi ilə istefa verib. Ona görə də Abbas Abbasov qurultay keçirmək, qanuni yolla prezident seçilməsini istəyirdi. Təəssüflər olsun ki, şuranın bəzi üzvlərinin öz məqsədləri var. Məqsədlərindən başa düşmək olar ki, onlar bunu qəsdən edirlər. Onlar konkret olaraq “AzerRos”u dağıtmaq istəyirlər. Əlbəttə, qanuni yolla qurultay olacaq və prezident, şuranın sədri seçiləcək. “AzerRos”un parçalanması üçün Tahir Hacıyev, Qalib Ağayev, Söyün Sadıqov, Mehriban Abdullayeva, Elçin İbrahimovdan ibarət təşkilat komitəsi yaradılıb. Onlar başqalarını aldadaraq ora yığıblar. “AzərRos”u parçalamaq istəyən əsasən onlardır. Onlar başa düşmürlər ki, elədikləri hərəkət bizim nizamnamənin əleyhinədir. Təbii ki, onlar bunu çox gözəl başa düşürlər. Əgər başa düşə-düşə hərəkət edirlərsə, bunu yalnız “AzerRos”u dağıtmaq cəhdi kimi qiymətləndirmək olar”.
Namidə BİNGÖL