Modern.az

QHT Şurası “20 Yanvar”la bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün işçi qrup yaratdı - FOTOLAR

QHT Şurası “20 Yanvar”la bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün  işçi qrup yaratdı - FOTOLAR

19 Yanvar 2015, 18:51


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan toplantı keçirib.
Modern.az xəbər verir ki, müzakirələri açan Şura sədri, millət vəkili Azay Quliyev 20 Yanvar hadisəsinin xalqımızın totalitar Sovet rejiminə qarşı qəhrəmanlıq mübarizəsinin simvolu olduğunu deyib. Azay Quliyev Azərbaycan xalqının 20 Yanvar günü göstərdiyi şücaətlə bütün dünyaya müstəqilik uğrunda apardığı haqq davasında nə qədər qərarlı olduğunu göstərdiyini bildirib. 1989-cu ilin 9 noyabrında Berlin divarlarının sökülməsinə ilk böyük dəstəyi Azərbaycan xalqının verdiyini deyən Şura sədri, 20 Yanvar qətliamından sonra kommunist rejiminin dağılmasının qarşısıalınmaz prosesə çevrildiyini, ancaq beynəlxalq ictimaiyyətin onu hələ də yetərincə dəyərləndirmədiyini qeyd edib. Azay Quliyev bu günki tədbirin keçirilməsində məqsədin vətəndaş cəmiyyəti inistitutlarının 20 Yanvar hadisəsi ilə bağlı fikirlərinin cəmləşdirilməsi və beynəlxalq ictimaiyyətə müraciətin qəbul edilməsi olduğunu vurğulayıb.

Toplantıda məruzə ilə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni 1990-cı ilin 20 Yanvar hadisəsini doğuran səbəblərdən danışaraq ölkədəki o zamankı ictimai-siyasi vəziyyəti xranaloji ardıcıllıqla təhlil edib.

Milli Jurnalistika Konqresinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu 20 Yanvar hadisəsinin xalqımız üçün unudulmaz  tarixi hadisə və eyni zamanda qəhrəmanlıq nümunəsi olduğunu deyib. N.Yaqublu Azərbaycanın müstəqilliyini bərpa etməsində müstəsna rolu olan 20 Yanvar şəhidlərinin tarixdəki rolunun düzgün qiymətləndirilməsi və daim diqqətdə saxlanılması üçün orta məktəblərin tarix dərsliklərində həmin şəxslərə xüsusi yer ayırılmasının vacibliyini vurğulayıb.

Məruzələr ətrafında Tənzilə Rüstəmxanlı, Məhərrəm Zülfüqarlı, Azər Həsrət, Əliməmməd Nuriyev, İradə Yaqubova, Nazim Əhmədli, Qəmzə Yusifova, Xanım Əhmədzadə, Niyaməddin Orduxanlı, Emin  Həsənli, Mahirə Əmirhüseynova, Sevda Tahirli, Çingiz Bayramov, Xanoğlan Əliyev və digər QHT rəhbərləri çıxış edərək 20 Yanvar qətliamına beynəlxalq ictimaiyyətdən ədalətli münasibət gözlədiklərini deyiblər.

Müzakirələr nəticəsində 20 Yanvar hadisəsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq üçün QHT-lərdən ibarət İşçi qrupun yaradılması ilə bağlı qərar qəbul edilib.  İşçi qrupunun sədri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin rəhbəri Şahin İsmayılov, üzvləri isə tanınmış QHT rəhbərləri Rauf Zeyni, Sənan Nəcəfov, Mahirə Əmirhüseynova, Məhərrəm Zülfüqarlı, Niyaməddin Orduxanlı, Mais Əliyev,  Mehriban Abdullayeva, Azər Həsrət, Xanım Əhmədzadə, Asif Əsgərov, Sevda Tahirli, Məhluqə Rəhimova¸ Nəriman Abbasov, Çingiz Bayramov və Venera Əsgərova seçilib. İşçi qrupun ilk iclasında 20 Yanvar hadisəsinin beynəlxalq ictimaiyyətə tanıdılması üçün müvafiq petisiyanın təşkil edilməsi haqqında razılıq əldə edilib.

Toplantının sonunda QHT-lər  20 Yanvar qətliamı ilə bağlı dünya ictimaiyyətinə ünvanlanan müraciət qəbul edib.









Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu