Moskvadakı Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunda (AMİİF) qurumun və Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) təşəbbüsü ilə Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçirilib.
Görüşdə AMİİF-in, ASGA-nın, “Şəhriyar” Ədəbi-mədəni Cəmiyyətinin rəhbərləri və üzvləri, Moskvada yaşayan ziyalılar, yazarlar, şairə Maya Bədəlbəyli, Afaq Şıxlı, Yaşar Süleymanlı, azərbaycanlı tələbə-gənclər və eləcə də KİV nümayəndələri iştirak ediblər.
Görüşü Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili açıb. O, millət vəkilini salamlayaraq, onun gəlişinin Moskvada yaşayan ziyalılar və eləcə də gənclər üçün çox xoş olduğunu söyləyib.
Bu görüşün qanlı 20 yanvar ərəfəsində keçirilməsinin də tarixi bir an olduğunu qeyd edən AMİİF-in rəhbəri Şamil Tağıyev, vətəndən uzaqda yaşayan azərbaycanlıların öz tarixini bir gün belə unutmadığını, hər zaman vətən eşqiylə yaşadıqlarını vurğulayıb.
Fondun rəhbəri möhtərəm qonağı dinləmək arzusunda olduqlarını deyərək, sözü ona verib.
Sabir Rüstəmxanlı bu görüşdən çox mütəəssir olduğunu bildirib, qürbətdə yaşamağın asan olmadığını söyləyərək, soyuq qış axşamında görüşə gələnlərə təşəkkür edib.
“1990-cı ilin yanvar günlərini çox yaxşı xatırlayıram. Azərbaycana hücum olunmayacağı haqda fikir bildirmiş Qorbaçov sözünü tutmadı. Bakıdakı ekstremist qüvvələrə qarşı mübarizə adı altında, sovet qoşunları hava, su, quru – hər yolla paytaxtımıza yeridildi. Bakılılar öz şəhərini qorumaq niyyətilə küçələrə axışımışdı. Həmin günlərdə vətənin ziyalısını da fəhləsinı də - vətən sevgisi bir araya gətirmişdi. Gecə-gündüz meydanda olurduq. Yanvarın 19-dan 20-nə keçən gecə bir neçə saatlıq evə getdim. Komendant saatı bitən kimi küçəyə çıxdım ki, meydana qayıdım. Şəhəri tanımadım. Gözəl Bakımız darmadağın olmuşdu. İnsanlar öldürülmüş, nahaq qanlar axıdılmışdı. Bir şey məni dəhşətə gətirdi. Küçə boyu qərənfillər düzülmüşdü, güllərin rəngü qana qarışmışdı. Demək ki, bazara gül aparan adamlar bu dəhşəti görüb o gülləri yollara – soydaşlarının qanı tökülən asfaltın üzərinə düzmüşdülər...
Meydanda bir qadın hər gün bizi görəndə “Özünüzü qoruyun” deyə yalvarırdı. Sonradan ölənlər arasında onun da olduğunu bildim... Bizi qorumaq istəyən bir ana, bir bacı ürəyinə düşmən gülləsi dəymişdi.
Xəstəxanaları gəzirdik. Bir palataya daxil oldum. Gənc bir oğlan can verirdi, çarəsiz, dərdli anası isə ağlayırdı. Məni görəndə oğlan başını qaldırmaq istədi, gücü çatmadı. Zorla da olsa gülümsədi. Gözlərim doldu. Həkim məni bayıra çağırıb “onun bütün qarın boşluğu darmadağın olub. Ömrünə 2-3 dəqiqə qalıb, amma qəlbindəki dəyanətə və sevgiyə bax ki, ölüm ayağında belə sizə hörmətini bildirməyə çalışdı” dedi.
Şəhidlərimizi xiyabanda dəfn edərkən torpağın altından illər öncə dəfn olunmuş digər şəhidlərimizin sümükləri çıxdı. Sümük-sümüyə qarışdı. Sanki, erməni terrorundan həlak olmuş şəhidlərimiz öz oğullarını qoynuna alırdılar...
Əzizlərim, o hadisələr haqda danışmaq çox çətindir. 20 yanvar - Azərbaycan xalqının, bakılıların ürəyində bir xal kimi ömürlük qalacaq. O zaman biz bu dəhşətin qarşısını ala bilmədik. Zamanı geri qaytarmaq mümkün deyil. Lakin biz yeni faciələrin qarşısını almaq iqtidarındayıq. Qarabağı, işğal olunan torpaqlarımızı, qara yanvarımızı zamanla bizə unutdurmaq istəyirlər. Vətənimizi bəlalardan qorumaq üçün ilk öncə olanları unudulmağa qoymamalıyıq. Bu öz əlimizdədir! Bu gün siz – Moskvada yaşayan gənclər, ziyalılar - şəhər hökumətindən 20 yanvar gününü meydanlarda sakit nümayiş şəklində keçirmək icazəsini ala bilərsiniz. Bu sizin haqqınızdır!”.
Moskva Beynəlxalq Əlaqələr İnstitutunun müəllimi, DAK həmsədrlərinin MDB üzrə müavini Abuzər Bağırov deyib ki, Sabir Rüstəmxanlını uzun illərdən bəri tanıyır. Yaxın dost və yoldaş olduqlarını bildirən Abuzər Bağırov, onun şəxsiyyəti, yaradıcılığı, əsərlərinin dünya ölkələrində yayımlanması barədə maraqlı söhbət edib: “O günlərdə insanların içində elə böyük vətən sevgisi, xalqın şairlərinə, yazıçılarına, ələlxüsus da, vətənpərvər yazarlarına elə dərin hörmət və ehtiram vardı ki, Sabir Rüstəmxanlının “Ömür kitabı”nı analar qızlarına cehiz verirdilər. Bu kitab hər evdə, hər ocaqda vardı. Sabir bəyin böyüklüyü onda idi ki, başqa xalqları aşağılamadan öz xalqını ucaltmağı bacarmışdı”.
Abuzər Bağırov 20 yanvar günlərində Moskva ziyalılarının yaşadıqları hiss və həyəcandan, keşirilən nümayişlərdən, yaratdıqları təşkilat komitəsinin 40 gün daimi nümayəndəlikdə fəaliyyət göstərməsindən, ekstremist adı ilə Moskvada yaşayan azərbaycanlılara qarşı aparılan siyasətə son qoymağa nail olmaqlarından da danışıb. “Çox heyf ki, biz yalnız qan töküləndə birlik oluruq!” - deyə şəhidlərin ruhuna rəhmət oxuyub
“Şəhriyar” Ədəbi-mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov da S.Rüstəmxanlıya ürək sözlərini söyləyib.
Daha sonra R.Rüstəmxanlı görüş iştirakçılarının suuallarını cavablandırıb.
Modern.az