Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər.
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
Öz Qızıl ordumuzun Yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız;
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saat Kərbübəla düzləridir düzlərimiz;
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz?!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
Kim görüb böylə, mərasim ola milyonlar ilə?
Bakı insan axınıyla dola milyonlar ilə,
Salına şanlı şəhidlər yola milyonlar ilə,
Analarla bacılar saç yola milyonlar ilə,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
Qəbrin üstündə də heç kukla olar çanta ilə,
Ağ gəlinlik fatası... qırmızı al lenta ilə,
Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?!
Açınız tarixi, həm indi elə, onda elə...
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
Düşdü dildən-dilə bu qətl, bu matəmgahımız,
Çatdı hər ölkəyə bu şərhi-bəyani ahımız,
Gördü aləm ki aman... cəlladımızmış şahımız...
Yoxsa da bir kəsimiz, vardı fəqət, Allahımız,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
Hər qızıl güllü məzar - sinəmizin dağı, məzar!
Əyilir üstünə göy qübbəsinin tağı, məzar!
Hər məzar qanlı beşik - laylaları ağı, məzar!
Dayanıb kam alacaq bizdən hələ yağı, məzar!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını!
Qan haçan yerdə qalıb, tazələ öz yaddaşını!
Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
Görməyib ancaq hələ böylə cinayət işini...
Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
21 yanvar 1990