25 il bundan əvvəl idi. Yanvarın 24-ü, səhər saat 8-9 olardı. Daşkənd Dövlət Universitetində dərsə gedirdim. Universitetin əsas binasının qarşısında atamı gördüm. Qəfildən atamı burada gördüyümə çaşıb qalmışdım. Heç nə fikirləşə bilmirdim. Birdən elə bil ki, ayıldım, qaçıb atamın boynuna sarıldım. Atam ağlayırdı. Və tez-tez deyirdi ki, “şükür Allaha, sağ salamatsan”. Qoşa dərsin birinə getmədim. Gedib universitetin kafesində oturub, anamın göndərdiyi şirniyyatlarla çay içdik. Atam yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənlərdən, Qızıl Ordu əsgərlərinin həmyerlilərimizin başına gətirdikləri faciədən danışıb, ağlayırdı. Daşkənddə isə bu olaylardan kimsənin xəbəri yox idi. Sadəcə həmin ərəfədə bir dəfə Rusiyanın ümumittifaq “Zaman” Xəbərlər proqramında 40 saniyəlik süjetdə göstərilənlərdən başqa, kimsə heç nə bilmirdi. Həmin süjetdə Bakıda insanların kütləvi şəkildə hardasa yığılıb partiya biletlərini yandırmaqlarından bəhs etdilər.
Təbii ki, sovet üsul- idarəsinin informasiya blokadasında yaşayan insanlar bundan artıq heç nə eşitməyəcəkdilər. Atam Azərbaycanda baş verən son hadisələri bütün təfsilatı ilə mənə danışdı. Mən də eşitdiklərimi tələbə yoldaşlarımla bölüşdüm. Baxdım ki, kimsə məni dinləmək, anlamaq istəmir. Əslində nə baş verdiyinin fərqində deyildi heç kim. Elə həmin günün axşamı atam dedi ki, bu gün sənin dekanın Said Umarovun evinə qonaq gedəcəyik. Dedim ki, ay ata, bizim orda nə işimiz var, dedi ki, bala sən qarışma, belə lazımdır. Azərbaycandan gətirdiyi sovqatlardan Səid əkə üçün də ayırdı. Axşam getdik Daşkənd Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanının evinə. Bizi özbəklərə məxsus qonaqpərvərliklə qarşıladılar. Atam rəhmətlik şərqin fəlsəfi tarixinin rəvayətlərini gözəl bilirdi. Səid əkəni danışdığı maraqlı rəvayətlərlə heyran etmişdi. Söhbətləri xeyli uzandı. Atam Azərbaycanda baş verən 20 yanvar qırğınını bütün təfərrüatlarını kişiyə və onun ailəsinə də nəql etdi.
İki gündən sonra atam Azərbaycana qayıtdı. Həmin gündən etibarən dekanımız Səid əkə mənimlə əvvəlkilərdən də çox maraqlanmağa başladı. Əslində əvvəlcə xoşuma gəlmirdi. Bir dəfə ondan soruşdum ki, Səid əkə, niyə bu qədər mənə nəzarət edirsiniz? Dedi qızım, dünya dəyişir, atan səni mənə tapşırıb. Və o zaman anladım ki, Bakıdakı o qarışıq günlərdə atam nə üçün, tez məqam tapıb qaçıb yanıma gəlmişdi. Məqsədi məni ermənilərdən qorumaq olubmuş. Çünki bu o zamanlar idi ki, ermənilər azərbaycanlıları tarixi torpaqları İrəvandan qovmuşdular. İlk qaçqın düşərgələrimiz yaranmışdı. Qış imtahan sessiyasını uğurla verdim. Atam gedəndən 1 həftə sonra poçt qutusunu açdım. O zaman Azərbaycanda çıxan qəzetlərə abunə olub, başqa respublikalarda almaq imkanımız var idi. Mən yaşadığımız binanın girəcəyindəki poçt qutusundan “Azərbaycan gəncləri” qəzetini götürüb tez səhifələrinə baxdım. Qəzetin səhifələrində heç vaxt görmədiyimiz dəhşətli şəkillər var idi. Tanklar insanların üstündən keçmişdilər, yaralı əsgərlər, xəstəxana palataları... yeni qəbirlər və üstü dolu qərənfillər... Bir də onda ayıldım ki, qonşunun evində məni yatağa uzadıblar, su verirlər... Nə vaxt bayıldığımdan xəbərim olmayıb, qonşu poçt qutusun qarşısında mənim yıxıldığımı görüb evinə aparıb... Sonra təcili yardım maşını gəldi... Dedilər ki, nə baş verib?! Mən dayanmadan ağlayırdım... Qəzeti göstərib , dedim ki, rus ordusu Bakıda günahsız insanları qanına qəltan edib...
Elə həmin ilin yay imtahan sessiyasına hazırlaşırdım. Bir gün avtobus dayanacağında erməni Poqosyan familiyalı bir qadın müəllimə ilə həmsöhət oldum. Bizə dərs deməsə də, kafedramızda başqa qruplara dərs deyirdi. Dedi ki, Şuşada doğulub, Şuşanın gözəlliyindən, təbiətindən danışdı. Söhbət əsnasında demək istəyirdi ki, Şuşa ermənilərə məxsusdur. Mən ona etiraz edib dedim ki, siz axı universitet müəllimisiniz, alimsiniz, yəni tarixi bu qədər zəif bilirsiniz?! Sonra hər birimizin marşrutu gəldi, hərəmiz öz ünvanımıza getdik. Demək olar ki, gülə-gülə ayrıldı. 1 həftədən sonra, Said Umarov məni otağına çağırıb soruşdu ki, erməni müəlliməyə nə demisən?!Niyə onun üzünə qışqırmısan, savadsız demisən?! Məəttəl qaldım?! Mən Səid əkəyə aramızda baş verən dialoqu olduğu kimi çatdırdım. Səid əkə dedi ki, “yaxşı get, dərsinə. Lakin əgər mən lazım bilsəm, bu danışdıqlarını olduğu kimi yazıb verərsən mənə..”.
Yay imtana sessiyasını verib, Səid əkə ilə sağollaşanda , Səid əkə mənə gözaydınlığı verdi. Təəccübləndim. Dedi ki, get atana de ki, “səni lazımınca qoruya bildim”. Həmin o qadın Poqosyan müəllimə universitetin rəhbərliyinə şikayət yazmışdı ki, sən universitetdə siyasi provokasiya aparırsan. Sözün doğrusu bilmirəm, bu boyda ağır yüklü məsələni Səid İmarov necə yoluna qoymuşdu, ancaq, o erməni qadınını şərindən məni qurtara bilmişdi. Bu məsələni yoluna qoyulmasında həm də, sonra diplom rəhbərim olacaq, krım tatarı Bekir Ablayeviçin də böyük əməyi olmubmuş. İki türk oğlu məni erməni fitnəsindən, 5 illik təhsilimin heç olmasından belə qorudular. Və mən 25 il bundan əvvəl atamın yanvar gecəsinin yaraları qan verəndə, sızlayanda hövlanak özünü Daşkəndə yetirməsinin səbəbini o gün daha çox anlamışdım.