Səbinə Məhərrəmova
İbrahimlə ilk dəfə AMEA Rəyasət Heyəti binasının yanında qarşılaşdıq. Mənə diqqətlə baxıb çox ciddi və zəhmli bir şəkildə “Siz bu sahədə işləmisiniz? Sizə sınaq müddəti veriləcək, özünüzü doğrultsanız, yəqin ki, sizinlə işləyərik. Sabahdan sınaq müddəti üçün işə başlayın…” dedi. Ertəsi gün işə çıxdım, İbrahim otaqda məni qarşıladı, salamlaşıb masanın üstündəki kompüteri göstərdi və 2 səhifəlik bir yazını mənə uzadıb yazmağı xahiş etdi. Nədənsə narahat oldum, həyəcanlandım, amma dərhal yazını yazıb “hazırdı” dedim. İbrahim təəccüblə, qəribə baxışlarla mənə baxdı “artıq hazırdı???” soruşdu – “bəli” deyərək yazını ona uzatdım. Məni otaqda tək qoyub “gəlirəm” deyib çıxdı. Bir gün sonra qəzetin baş redaktoru Afaq xanım məni yanına çağırıb “get ərizəni yaz, sən işə qəbul olundun” dedi. O gündən mən AMEA Rəyasət Heyətinin “Elm” qəzetində işə başladım. Hərçənd ki, mənə 1 həftə sınaq müddəti verilməli idi, lakin İbrahim Afaq xanıma mənim işgüzarlığımı çox təriflədiyi üçün sınaq müddəti bitməmiş işə qəbul olundum və həmin ayın maaşını hamı kimi tam aldım.
Beləliklə, İbrahimlə mən bir otaqda iş fəaliyyətimə başladım. Zaman keçdikcə İbrahimlə olan münasibətim iş yoldaşlığından dostluğa çevrildi. O, həyatda tanıdığım ən səmimi, dostluğa dəyər verən, insanlara doğru-düzgün qiymət verən, hər kəsi anlayan idi… Mən ondan ilk gündən özümə qarşı hörmət gördüm. Kollektivimizdə qadın əməkdaşların sayı çox olsa da, İbrahimin işlədiyi otaqda qadın işçi yalnız mən idim. Deyirlər insan anadan olmamışdan əvvəl yazılır onun taleyi, bəlkə də İbrahimlə dost olmaq da varıymış qismətimdə və beləliklə, bu gözəl insanla otaq yoldaşı olmaq mənə nəsib oldu. Ümumiyyətlə, elə bir əməkdaşımız yox idi ki, İbrahimin xətrini bir qardaş kimi çox istəməsin, onunla bir otaqda işləmək arzusunda olmasın. İlk vaxtlar İbrahimin zarafatlarından utanırdım. Təklikdə qalanda ona deyirdim ki, “ay yeraz, o anekdotlarını danışanda denən mən otaqdan çıxım, Aqşindən, Rafiqdən utanıram”. O da gülüb deyirdi: “Vallah, ay Səbiş, elə bilirəm otaqda 4 kişi otururuq, çünki səndə olan kişi qeyrəti indi, demək olar ki, bəzi kişilərdə yoxdu”...
Amma çox vaxt məzəli anekdotlarına başlayanda, mənə baxıb deyirdi: “Ay çuşka, qulaqlarına “nauşnik” tax, uşaqlara anekdot danışım”. Mən də qulaqcıq taxıb mahnıya qulaq asırdım. Həm fikrim kompüterdə olduğundan, həm də qulaqcıqla mahnı dinlədiyim üçün İbrahimin nə danışdığını eşitmirdim. Sadəcə başımı qaldırıb baxanda onun pəncərə tərəfdə dayanaraq siqaret çəkdiyini və mənə əli ilə qulaqcığı çıxartmağımı işarə etdiyini görürdüm. Geri dönüb uşaqların gülməkdən qızarmış üzlərini görəndə başa düşürdüm ki, bizim yerazımız “çox maraqlı anekdot” danışıb yenə.
İşlədiyimiz 15 il ərzində İbrahimin necə mülayim, təmkinli, heç kimin xətrinə dəyməyən, kollektivdə böyük hörmət sahibi bir insan olduğunu hər gün daha çox başa düşürdüm. Çox işgüzar, bir dəqiqə özünə rahatlıq verməyən, qaçaqaçda olan, məsuliyyətli idi İbrahim. Fikri ancaq oxumaq, savadını, bilgilərini artırmaq idi. Deyirdim “ay yeraz, oxumaqdan başında tük də qalmayıb, sən artıq professorsan, onlar kimi keçəl oldun, 3-4 ilə dişlərin də tökülər”. “Eybi yox, professor olanda, vəzifədə olanda qəbuluma yazılacaqsan, mən də katibəmə deyəcəm “gözləsin” – deyib ürəkdən gülürdü. Rus dilini tam öyrənmək istəyirdi və mənə “ay Səbiş, mənnən rus dilində danış” deyir, çaşıb birdən Azərbaycan dilində nəsə soruşanda “deməmişəm, mənnən rusca danış? Çox paxılsan, istəmirsən dili öyrənim. Birdə ki, zəhmət olmasa, “Жёлтые тюльпаны” mahnısını qoy qulaq asım, sevirəm o mahnını” deyib qaşlarını düyünləyirdi və həmin dəqiqəcə bu ciddiliyi əvəz edən üzündəki təbəssüm hamımızı güldürürdü. “Yaxşı, danışaq, amma neynirsən, bu dilləri öyrənirsən, nəyinə lazımdır? – soruşanda həmişə belə cavab verərdi – “Sokrat demişkən, nikoqda ne qovori “nikoqda”, bir gün lazım olar”…
Nə oldu İbrahim, lazım oldumu? Bu qədər əziyyət çəkirdin, gecələr yuxusuz qalırdın, övladların - Alı və Nizaminin üzündən ancaq gecə yarısı öpüb, onları ancaq yatarkən qoxlayırdın. Yalnız işləmək fikri ilə yaşayıb özünü bu qədər yormana dəydimi?..
Kollektivimizin ən şən, yumor hissi dolu, hamının uğuruna sevinən, problemlərimizi dinləyən, diqqətlə qulaq asıb kömək edən, ağıllı məsləhətlər verən bir insan idi. Lakin öz problemlərini heç kəsə bildirməzdi. Onun uzaqgörənliyi məni heyran edirdi. Şənliklərimizin tacı olan İbrahim, heç kəsin şad günündən geri qalmırdı. Onunla toya getmək bizim üçün ayrıca bir zövq idi, çünki musiqi səslənən kimi kollektivi ayağa qaldırır, ortalıqda rəqs edir və bizi bir-bir rəqsə dəvət edir, toy yiyəsi qədər sevinib şənlənirdi.
İşdə nə olursa olsun, nə qədər gərgin, əsəbi oluruqsa olaq, İbrahim otağa daxil olanda hamı problemini bir anlıq da olsa unudurdu, çünki onun üzündəki təbəssüm hər bir gərginliyi aradan qaldırırdı. Bilmirəm niyə, amma o, həddən artıq çox siqaret çəkirdi. “Ay İbrahim sən nə qədər siqaret çəkirsən, bəsdir də, boğuldum otaqda, bu qədər çəkmək ziyandır sənə”…. “Əşiiii, 50 yaş yaşayım, bəsimdi... Vallah ay Səbiş, elə yorğunam, dincəlmək istəyirəm…”.
“Siqaret çəkməklə dincəlirsən? Ailənlə bir yerdə get istirahət et, onlar da sənin bu mübarək üzünü görsünlər, bir gün ayılacaqsan ki, Əli evlənir, Nizami Universitetə qəbul olub, sən isə rus, ingilis dili öyrənirsən”. O isə gülərək belə cavab verdi:
“Dayan, dayan, həmin universitetdə rektor olajam, sən də gəlib dejəcəksən ki, nəvəm az bal yığıb ay İbo, neynəyək?..”.
İbrahimin “odnoklassnik” səhifəsi vardı, profil şəklini görüb pis oldum, - “Ay yeraz, bu nədi, elə bil başdaşı şəkli qoymusan. Yığışdır bu şəkli, normal şəkil qoy” - dedim – O isə cavabında - “ay çuşka, bu şəkli özüm düzəltmişəm, mən öləndə bunu başdaşıma qoyarsız”... – “Aaaaa, bəs oğlum Kənanın toyunda iştirak etməyəcəksən? Bəs deyirdin, yerazları bəyənmirsən, qoy Kənan universiteti bitirsin, mən yeraz onu yaxşı yerə işə düzəldəjəm... Nooldu? Nə tez ölmək fikrinə gəldin, elə çey yoxdur, demisən, eləməlisən” – deyə zarafat etdim. “Dəlisən, mən ölənə kimi Kənanın uşaqları universitetdə oxuyar, tak şto narahat olma. Kənanın toyunda bilirsən nə qədər rəqs edəjəm, özü də yeraz mahnılarıyla, sən də mənnən yeraz mahnısı oynayacaqsan” – deyib həmişəki kimi ürəkdən qəhqəhə çəkdi. İbrahimlə mən həmişə bir-birimizin ləhcəsinə sataşırdıq. O telefonda danışanda “Hələ baxxx…” sözüylə danışığına başlayırdı. Mən də həmişə ona gülərdim – “Ay yeraz, hara baxsın, o telefondadı, heç olmasa denən, hələ eşit…”. O da cavabında “yox, sizin ləhcəniz yaxşıdı… çaynik qeynədi… həri… qərdeşim…” deyib gülürdü. İbrahimlə demək olar ki, işlədiyimiz müddətdə hər gün müxtəlif mövzularda mübahisə edirdik, amma bu mübahisələr aramızdakı DOSTluğa heç vaxt zərər vermirdi, bir-birimizdən zərrə qədər də incimirdik. Çünki İbrahim inciməyi bacarmırdı. Ürəyində kin-küdurət olmayan İNSAN idi bizim İBO.
“Elm” qəzeti bağlananda, şöbəmizin işçilərini hərənin öz ixtisasına uyğun AMEA-nın müxtəlif institutlarına yerləşdirdilər. Kollektivimizin ayrılması ona pis təsir etmişdi, baxışları çox qəmgin idi. “İbrahim, ayrılırıq, bəlkə, bir şəkil çəkdirək yadigar qalsın” – dedim. – “Çəkdirək Səbiş, çəkdirək... Bəlkə də, sonuncu şəklimiz oldu, nə bilmək olar” – deyib həmişəki kimi gülümsədi, amma bu gülüş o gülüşdən deyildi... İbrahim, kaş sən o sözü deməyəydin, axı sən hardan bilirdin ki, o şəkil, həqiqətən də, sonuncu şəklimiz olacaq?!..
İbrahimi heç vaxt həyacanlı, təlaşlı görməzdik. Bizə elə gəlirdi ki, o, bu həyata gülmək üçün, zövq almaq üçün gəlib. Xasiyyətindən doğan müsbət aurası var idi. Onunla danışarkən insan dincəlirdi, sanki bütün problemlər unudulurdu.
Lakin bir gün İbrahim mənə zəng vurdu, həyəcanlı səslə “Ay Səbiş, Əli həyətdə oynayarkən yaralanıb, cərrahiyyə əməliyyatı etdilər, çox narahatam. Sən həmişə pirlərdən danışırsan, nəzir deyirsən, yenə denən, xahiş edirəm, Əliyə kömək olsun, ay Səbiş” – deyəndə, bu neçə ildə ilk dəfə idi ki, İbrahimi bu qədər həyəcanlı görürdüm, əslində o elə yerlərə getmirdi, təəccübləndim, onun nə qədər daxilən kövrək və həssas olduğunu anladım.
Hər bir insan özünə yaxın dost axtarır. Xoşbəxt anlarını paylaşacaq, çətin anlarında ona dəstək olan, həll edə bilmədiyi problemlərdə ona yol göstərən, onu sevən, sədaqətli, onu qoruyan, tək buraxmayan könül dostları axtarır. Həyatda ən xöşbəxt duyğulardan biri də tək olmağını hiss etməməkdir. Bəzən ətrafında elə bir insan olur ki, gözləmədiyin xoş münasibət görürsən, amma bəzən də çox təəssüf ki, dost bildiyin insanları çətin zamanında nə arxanda, nə də yanında tapa bilirsən... Önəmlisi, onun kim olduğu, hansı nəsildən, necə geyinməsindən, kimin övladı olmasından asılı deyil, önəmli olan onun sənə nə qədər yaxın olması, əzabına nə qədər yanması, sevinəndə səndən də çox sevinən, sən uğur qazandın o isə uğursuzluğa düçar oldu deyə ağız büzməyən birisi olmalıdır və sən də ona qarşı tam səmimiyyətlə qarşılıq verməlisən. Qısacası, səni içdən anlayan birisi olmalıdır sənin Dostun. Əgər sənə kimsə dost deyirsə, deməli, sən də onu daxilən anlamalısan. Dostluq yaşamağı, gülməyi, sevgiyə layiq olmağı, vəfa unutmamağı, sadiqliyi bilənlər üçündür! Biz dostlarımızı tər çiçəklər kimi ovcumuzda deyil, dost itkilərimizi güllə yarası kimi ürəyimizdə gizləyərik.
Can dostum, könül sirdaşım İbrahim 36 yaşında dünyasını dəyişsə də, elə bil, bu dünyanın neçə əsrlik sakini idi. O, ləyaqətli, sadə, səmimi, yanar ürəkli bir DOST idi... Dostun qayğısını öz qayğısı bilirdi. Mənim DOSTum təmənnasız, ETİBARLI, GÖZÜTOX, MƏRD idi. Böyük və saf qəlbi vardı, hər kəsi öz dilində, özünün səviyyəsində danışdırardı. Çox çalışqan, oxumaqdan doymayan bir insan idi. “Ay İbrahim, sən nə vaxta kimi oxuyacaqsan” - soruşanda - “Ölənə kimi!”... – deyə cavab verirdi.
İndiyə kimi yadımdadır... Səhər saat 10 radələri idi, telefonuma zəng gəldi... “Bacı, valerian iç, bir söz deyəcəm… qurban olum, özünü ələ al…. – Noolub axı???? – İbrahim rəhmətə gedib… – Kim?! …. İbrahim...” Bu sözlərdən sonra telefon əlimdən düşdü, hönkürtüylə ağladım …
Həmin dəqiqə “ağıllı, maa bir çay süz, qaçıram, tələsirəm, işim çoxdur, “Xalq”a getməliyəm, qəzet çıxan gündü, mətbəədə gözləyirlər” və s. sözləri qulağıma gəldi, gözümün onündən bir anlıq İbrahimin gülüşü keçdi.
«Я измеряю жизнь количеством друзей» - Əziz DOSTUM İbrahim bizi tərk edəndən bəri hər gün O.Qazmanovun bu mahnısına qulaq asıram. Əziz dostum, səni xatırlamaq nə qədər xoşdursa, yoxluğunla barışmaq bir o qədər çətindir. Lakin ən çətini sənin haqqında yazmaqdır. Sevimli müğənnimiz İslam Rzayevin mahnısında deyildiyi kimi
Necə nəğmə qoşum, necə dillənim,
Dost gedib, özümə gələ bilmirəm.
Elə bil, əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
İbrahim, səndən yazmaq çox çətindir, çox… Hər sətri yazdıqca göz yaşlarımı saxlaya bilmirəm, İbo… AMEA Rəyasət Heyətinin 5-ci mərtəbəsində yerləşən 508-ci otağın pəncərəsinə söykənib dayanmağın, gülüşün gözümün önündən getmir. Bir ildir ki, sən yoxsan aramızda, amma inan ki, bu bir ildə hər gün səni xatırlamışıq, hər gün sənin “sitatlarından” misal gətirmişik, ağlamışıq, gülmüşük. Ailəm də sənin xətrini çox istəyirdi. Sən həmişə mənə deyirdin “Səbiş, burda istədiyim işi qura bilməsəm, ailəmi də götürüb xaricə köçəcəm”. Və biz sənin yoxluğunu, aramızdan həmişəlik getməyini – “İbrahim xaricdədir, köçüb, orda qurub həyatını” - kimi qəbul edib özümüzə təsəlli veririk. Lakin heç bir təsəlli sənin yoxluğunu unutdura bilməz. Çox az yaşadın, cəmi 36 il. Amma bu az müddətdə həyatda çox böyük uğurlar qazandın, kişi kimi yaşadın. Ən əsası isə səni tanıyanların qəlbinə bir imza atdın... Bir DOST imzası... Səndən çox şey öyrənirdik. Sən bizə əsl dost necə olmalıdır, bunu öyrətdin. Ürəyimizdə haqqın böyükdür. Onu bizlərə halal elə, DOSTUM. Allah-taəla sevdiyi bəndələrini yanına tez aparır deyirlər. Rahat yat, Əziz DOSTUMUZ! Dualarımız sənə cənnəti qazandırsın. Amin!