Modern.az saytı xəbər verir ki, 20 Yanvar Ümumxalq hüzn günündə Bakıdakı “Park Cinema” əyləncə mərkəzində kinokomediya nümayiş etdirilib. Azərbaycan xalqının kütləvi şəkildə şəhidləri yad etdiyi bir gündə “Park Cinema”nın belə bir addım atması qınaqla qarşılanıb.
Məsələyə Milli Məclisin deputat Fuad Muradov da sərt münasibət bildirib. Modern.az-ın məlumatına görə, deputat “Park Cinema”ya etiraz edib:
”Bu gün, xalqımızım ümummilli hüzn günündə “Park Cinema”da kinokomediya nümayiş etdirilib. Hər birimiz xalqımızın sevincini də, kədərini də yaşamağı bacarmalıyıq. Sözdə deyil, işdə bunu göstərməliyik. Onu da unutmamalıyıq ki, atdığımız hər bir addımı gənclər izləyir, gənclər görür. Yəni gənclərin tərbiyə olunmasında, formalaşmasında hər kəsin rolu var. Gənclərə örnək olmaq üçün nümunəvi addımlar atmalıyıq. Mən bu hüzn günü xalqımızın dərdinə şərik çıxmayanları qınayıram. Belələri öz səhvlərini anlamalıdırlar. Bu, düzələn səhvlərdir. Səhv edənlər özlərini düzəltməlidirlər”.
Modern.az