Modern.az

İlham Əliyevin Almaniya görüşləri...

İlham Əliyevin Almaniya görüşləri...

Təhsil

20 Yanvar 2015, 23:26


Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Berlində Almaniya-Azərbaycan Forumunun üzvləri, Almaniya Bundestaqının Xristian Demokratlar və Xristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin rəhbərləri və üzvləri ilə görüşüb.

AzərTAc-ın məlumatına görə, səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşünün önəmi qeyd edilib. Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması baxımından bu görüşün əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi, parlamentlərarası əlaqələrin bu prosesə mühüm töhfə verdiyi bildirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Görüşdə Azərbaycan ilə Almaniya arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı da müzakirə olunub. Bundan əlavə, ölkələrimizin parlamentlərarası əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, “Şərq tərəfdaşlığı” Proqramında iştirakla bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu əlaqələrdə Azərbaycana münasibətin ədalətli olmasının zəruriliyi vurğulanıb.

***

Prezident İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşü də olub.

Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırladıb, həmin səfərin məhsuldar olduğunu bildirib.

Söhbət zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

***

İlham Əliyev yanvarın 20-də Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşingerlə də görüşüb.

Görüşdə Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfə verdiyi qeyd olundu, digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu