Modern.az

“Rektorlar Boloniya sistemini sərf edən qaydada tətbiq edirlər”

“Rektorlar Boloniya sistemini sərf edən qaydada tətbiq edirlər”

Təhsil

21 Yanvar 2015, 09:54


Avropada vətəndaşların işlə təmin olunması imkanlarının sürətlə inkişaf etdirilməsində,  əsas istiqamətverici sistem kimi qurulmasında təhsil müəssislərində Boloniya sistemindən istifadə olunur. Avropanın intellektual, mədəni, sosial və elmi-texniki potensialının formalaşması və möhkəmlənməsi üçün təşkil olunan bu sistem hazırda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində də tətbiq olunur. Lakin tələbələr Boloniya sisteminin  düzgün  formada həyata keçirilməməsindən şikayət edirlər. 

“Bu gün universitetlərdə Boloniya sisteminin tam imitasiyası (oxşarı)  həyata keçirilir. Bu sistem 2005-ci ildən fəaliyyət göstərsə də, təhsilin keyfiyyətində  hansısa müsbət dəyişikliklər etməyib”.

Bunu Modern.az saytına tələbələrin fikirlərini, şikayətlərini təsdiqləyən təhsil üzrə ekspert Etibar Əliyev deyib.

O, təhsil sahəsində ciddi problemlərin olmasında  keçmiş təhsil naziri Misir Mərdənovun günahının olduğunu qeyd edib: “Boloniya sisteminin ilk 5 mühüm şərtləri var. Onlardan biri təhsilin keyfiyyətinin qiymətləndirilməsidir. Bu qiymətlənirilmə keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında çox subyektiv aparılıb”.

Hazırda sistemdə xeyli ciddi problemlərin olduğunu qeyd edən ekspert, təhsilin müddətində ciddi anlaşılmazlıqların yaşandığını  bildirib: “Təhsil müddəti qeyri-müəyyən qalır. Yəni Boloniya sisteminə görə, tələbənin universiteti 7 ilə bitirməyə haqqı var. Əgər o,  bu müddətə universiteti bitirməlidirsə, lakin 1 il əvvəlki kursda qalırsa,  həmin vaxt t onu hərbi xidmətə cəlb edirlər. Sonra valideynlər hərbi komissarlıq ilə danışmalı olurlar. Sistem tamam suniləşdirilib”.

Onun sözlərinə görə, Boloniya sistemi əsas verir ki, tələbələr istədikləri müəllimi seçsinlər. Etibar Əliyevin fikrincə, tələbələrin istəyi nəzərə alınmır: “Bu, əslində demokratik sistemdir. Bu səbəbdən Avropa ölkələrinin təhsil sistemləri xeyli inkişaf edib. Ancaq bizim ölkədə bu tendensiya müşahidə olunmur.  İndi rektorlar bu sistemi özlərinə sərf edən qaydada tətbiq edirlər”.

Təhsil eksperti deyib ki, Boloniya sistemin prinsiplərindən biri də tələbə mobilliyidir: “Əslində tələbə istədiyi fəndən kredit sayını götürüb hansısa xarici ölkənin univeristetində təhsilini davam etdirə bilər. Bunun üçün universitet vəsait ödəməlidir. Lakin hazırda bizim ölkədə rektorlar, sistem buna şərait yaratmır. Nəinki xarici ölkədə, hətta indiyə qədər hansısa tələbənin kreditlərini götürüb ölkədəki digər universitetdə təhsil alması ilə rastlaşmamışam”.

Boloniya sistemində sərhədlərin olmadığını vurğulayan Etibar Əliyev sistemin prinsiplərinin tam və düzgün şəkildə həyata keçirilmədiyi vaxta qədər demokratiydan danışmağı yanlış hesab edib.

Məltəm TALIBZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu