“Bu görüş müxalifət partiyaları arasında qarşıdurmanın qarşısının alınması üçün atılan addım idi. Hansı partiyanın necə yanaşıb, necə qəbul edəcəyi onların öz işidir”.
Bunu Modern.az saytına AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı Arif Hacılının görüşünü şərh edən Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı deyib.
Onun sözlərinə görə, Müsavat Partiyası demokratik düşərgələrdə olan partiyalara, ictimai təşkilatlara funksional əməkdaşlıq təklif edir və AXCP də istisna deyil: “Müsavat müəyyən məsələlərdə, siyasi məhbusların azadlığı üçün aparılan proseslərdə, seçkiqabağı dövrdə digər müxalifət partiyalarına əməkdaşlıq təklif edir. Bu təklifdə başqa bir məqsəd də var. Müsavat çox istəyir ki, müxalifətdə olub bir-birini ittiham edən partiyaların münasibətləri başqa müstəviyə - iqtidar müxalifət mübarizəsi müstəvisinə keçsin”.
AXCP-yə olan təklifin də bundan da irəli gəldiyini xatırladan Məclis sədri Müsavat Partiyasının öz yolu ilə irəli gedəcəyini, öz missiyasını həmişə olduğu kimi gələcəkdə də davam etdirəcəyini vurğulayıb.
Məltəm TALIBZADƏ