Modern.az

Əli Kərimli müxalifətdə liderliyi ələ alıbmı? - AXCP və Müsavatdan fərqli YANAŞMA

Əli Kərimli müxalifətdə liderliyi ələ alıbmı? - AXCP və Müsavatdan fərqli YANAŞMA

21 Yanvar 2015, 15:40


Müxalifət düşərgəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin xeyli müddətdir üstünlüyü nəzərə çarpır. Bunun bəlkə də əsas səbəblərindən biri İsa Qəmbərin Müsavat Partiyasının başqanlıq postundan getməsi və onun yerinə Arif Hacılının seçilməsidir.  

Bəllidir ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı olanda müxalifət düşərgəsində liderliyi ələ almaq təşəbbüsündə onun Əli Kərimli ilə həmişə gizli rəqabəti olub: “Siyasətdə hər zaman rəqabət olub. Sadəcə, əsas tələb bu rəqabətin sağlam olmalıdır. O zaman bu rəqabət qıcıqlandırmır. Əli Kərimli və İsa Qəmbər arasındakı rəqabət isə sağlam idi”.

Bunu Modern.az saytına məsələyə münasibət bildirən AXCP sədrinin müavini Razi Nurullayev deyib.

Onun fikrincə, Əli Kərimlinin müxalifətdə önə çıxması vəziyyətdən irəli gəlir: “AXCP mübarizə daha yaxşı təşkilatlandı. Amma istənilən mənada AXCP-nin qarşısında duran məsələ bu deyil. AXCP hakimiyyətdə vəziyyəti dəyişmək və hakimiyyətdə təmsil olunmaq məqsədi ilə fəaliyyət göstərir.”

Sədr müavini AXCP ilə Müsavatın əməkdaşlıq məsələsinə də toxunub: “Milli Şura müxalifətdə hər kəsin iştirakı ilə yaradılan və məqbul sayılan birlikdir. AXCP Milli  Şuradan kənar hansısa bir blokda iştirak etməyə  və ya əməkdaşlıqlara meylli deyil. Milli Şura müxalifətin sonuncu əməkdaşlıq variantı olmalıdır”.

Müsavat Partiyasının üzvü, başqanlığa keçmiş namizəd Tural Abbaslı isə bu gün müxalifətdə Əli Kərimlinin üstünlüyünün olmasını qəbul etmir. Onun sözlərinə görə, bu fikri yalnız subyektiv olaraq səsləndirmək olar: “Bununla bağlı nə sorğu, nə də hansısa seçki keçirilib. Ona görə obyektiv fikir deyə bilmərik. Əlimizdə yalnız Mərkəzi Seçki Komissiyasının nəticələri var. Lakin bunu da tam obyektiv qəbul etmək olmaz”.

O, Əli Kərimli ilə İsa Qəmbərin gizli rəqabətindən də danışıb: “Azərbaycanda bəzi müxalifətçilər hakimiyyət uğrunda yox, bir-birləri ilə mübarizə aparmağa adət ediblər.  Bu, bəlkə də uzun müddət müxalifətdə qalmaqdan, yaxud şəxsi münasibətlərdən irəli gələn təsirin nəticəsidir.  Bunu yalnız Əli Kərimli və İsa Qəmbərin mübarizəsinə yönəltmək istəməzdim. Bu cür müxalifətçilər çoxdur”.

T.Abbaslının sözlərinə görə, belə  mübarizələr müxalifət düşərgəsini zəiflədir. Hazırda insanların əvvəlki kimi olmadığını deyən Tural Abbaslı gələcəkdə insanların bu məsələyə aktiv müdaxilə edəcəyini düşünür:

“Artıq insanlar proseslərə yön verib, seçim edə bilirlər. Sıravi müxalifətçilər konkret tələblər qoyacaqlar, rəqəmlər tələb edəcəklər. Onların belə fəaliyyətləri  artıq nəzərə çarpır”.

AXCP ilə Müsavatın əməkdaşlığından danışan Tural Abbaslı belə əməkdaşlıqların hər zaman mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə, müxalif partiyalar əsasən seçkilər ərəfəsində bir araya gəlir:

“Son seçkilərə baxsaq, (prezident və parlament)  AXCP ilə Müsavat Partiyası  seçkilərə blok şəkilində qatılıblar. Bu il də seçki ili olduğu üçün ikitərəfli əməkdaşlıqların genişləndirilməsi yönündə mütəmadi addımlar atılacaq”.

O qeyd edib ki, hazırda müxalif partiyaların vəziyyəti ürəkaçan olmadığı üçün müxalif partiyalar əməkdaşlıq etməyə məcburdurlar: “Partiyalar ayrılıqda seçkilərə  qatılsalar, məğlublar arasında qalib olacaqlar. Partiyaların birlikdə seçkilərə qatılması həm də ictimai sifarişdir”.

Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu