Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağda yerləşən nümayəndələri girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yerevan ofisinin rəhbəri Zara Amatuni verib.
Ziyarətin yanvarın 16-da baş tutduğu və girovlara yaxınlarından məktubların çatdırıldığı bildirilir. Zara Amatuni bu ziyarətin sayca 8-ci olduğunu da bəyan edib.
Əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev, eləcə də Cəbrayıl sakini Həsən Həsənov 2014-cü il iyun ayının 29-da Kəlbəcər rayonuna gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Həmin vaxt ermənilər Həsən Həsənovu qətlə yetiriblər, digər iki soydaşımıza isə girov olaraq sonradan Xankəndində qondarma məhkəmə qurulub.
Dilqəmə ömürlük, Şahbaza isə 22 illik cəza kəsən ermənilər onları Şuşa türməsində saxlayır.
Modern.az