“Rusiya Dilqəm Əsgərov məsələsində öz töhvəsini verə bilərdi”
Ermənistanın Gümrü şəhərində bir ailəni qətlə yetirməkdə şübhəli bilinərək tutulan rusiyalı əsgər Valeri Permyakov Rusiyanın 102 saylı hərbi bazasının rəhbərliyinə təhvil verildikdən sonra 7 nəfərlik erməni ailəsini güllələdiyini etiraf edib.
Ermənistan və Rusiya baş prokurorluqlarının nümayəndələri Gümrüdəki qətl hadisəsi ətrafında ciddi araşdırma və gərgin fikir mübadiləsi apardıqdan sonra
erməni ailəsini güllədən keçirən əsgərin Yerevana verilməsindən imtina edilib.
Bu məqamda belə bir məsələ ortaya çıxır: 6 aydan çoxdur erməni girovluğunda saxlanılan, üzərində qondarma məhkəmə qurularaq ömürlük həbs cəzasına məhkum edilən Dilqəm Əsgərov və bir erməni ailəsini güllədən keçirən cinayətkar Valeri Permyakovun hər ikisi Rusiya vətəndaşıdır.
Rusiya öz ata-baba yurdunu ziyarətə gedən Dilqəm Əsgərova heç bir səbəb olmadan ömürlük həbs cəzası verilməsinə göz yumduğu halda, 7 nəfərin qatili olan Valeri Permyakovu müdafiə edir. Onu qarşı tərəfə verməkdən imtina edir. İki vətəndaş arasındakı ayrı-seçkiliyin səbəi nədir?! Birinin milliyətcə rus, digərinin azərbaycanlı olmasımı?!
Milli Məclisin deputatı Aydın Mirzəzadə də Modern.az-a açıqlamasında Rusiyanın azərbaycanlı Rusiya vətəndaşına biganə münasibətindən narazılığını bəyan edib.
O qeyd edib ki, ümumilikdə Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi onların Rusiaya vətəndaşı olub-olmaması ilə deyil, beynəlxalaq hüquq normalarının pozulması aspektindən həll edilməli idi: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, həmçinin Ermənistanla çox yaxın münasibətlərdə olan dövlət kimi çoxdan bu məsələnin həllinə öz töhvəsini verə bilərdi. Artıq Azərbaycanda deyil, digər ölkələrdə də Rusiyanın eyni tipli məsələlərə müxtəlif yanaşması sezilməkdədir”.
Deputat Rusiya xarici işlər naziri Sergey Lavrovun dünən verdiyi açıqlamasına da münasibət bildirib: “Düzdür, nazir çıxışında Dilqəm Əsgərovla bağlı Ermənistanla danışıqlar aparılacağını deyib. Amma hesab edirəm ki, artıq yarım ildən çoxdur gedən prosesə Rusiyanın biganə yanaşması Azərbaycan ictimaiyyətini haqlı olaraq narahat edir.
Rusiya öz vətəndaşlarına fərqli münasibət bəsləyir. Birini axıradək müdafiə edir, digərini isə taleyin ümidinə, daha doğrusu, ermənilərin özbaşınalığının ixtiyarına buraxır.
Rusiya böyük dövlətdir, onun təsir imkanları çoxdur və ondan asılı olan Erməsintanla Dilqəm Əsgərov məsələsinin həll edilməməsi, ona Azərbaycanın işğal edilmiş zonaları üzərində saxta məhkəmə qurulması Rusiyanın nüfuzuna heç də müsbət təsir etmir”.
Gülşən RAUFQIZI