Azərbaycanın keçmiş rəhbəri, hazırda Moskvada yaşayan 84 yaşlı Əbdürrəhman Vəzirov səhhətinin pisləşdiyi barədə Bakıda yayılan xəbərləri təkzib edib.
Modern.az saytı “AzerRos"un Ağsaqqallar Şurasının üzvü, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov vasitəsilə Əbdürrəhman Vəzirovla əlaqə saxlayıb.
Azərbaycanın keçmiş rəhbəri “mənim səhhətimlə bağlı hər şey qayasındadır, hər hansı problem yoxdur” deməklə söhbətə nöqtə qoyub.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Baş Prokurorluğunun 20 yanvar faciəsində əli olmuş Əbdürrəhman Vəzirovla bağlı istintaq hərəkətlərinin davam etdiyini və onun axtarıldığını bildirməsindən sonra bəzi KİV-lər sabiq I katibin səhhətində ciddi problem yarandığı haqda xəbər yayıb.
Ə.Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Məhz bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların, eləcə də sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Bakıya daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib.
20 yanvar qırğınından sonra Ə.Vəzirov xalqın tələbi ilə vəzifəsini tərk edərək Moskvaya gedib. 20 yanvar qırğının təqsirkarlarından biri sayılan Vəzirovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb.
Bu il mayın 26-da Vəzirovun 85 yaşı tamam olacaq.
Modern.az