Bakı şəhər sakini Pərviz Babayevə məxsus “BMW” markalı avtomobilin ötən ilin noyabrın 30-da oğurlanan dövlət qeydiyyat nişanları üzərində olan “VAZ-2107” markalı avtomobilin yanvarın 20-də C.Qurbanov küçəsində hərəkətdə olması aşkar edilib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində avtomobil saxlanılıb, onun Bakı şəhər sakini Kamran Mürsəlov tərəfindən idarə edilməsi müəyyən edilib. Avtomobilin yük yerinə baxış zamanı oradan qeyd edilən “VAZ-2107” markalı avtomobilə, həmçinin İsvecrəyə və Birləşmiş Ərəb Əmirliklərinə aid dövlət qeydiyyat nişanları da aşkar edilərək götürülüb. Araşdırmalar zamanı qeyd edilən avtomobilin Hüseyn Hüseynliyə məxsus olması və yanvarın 20-nə keçən gecə yaşadığı Əmircan qəsəbəsindən qaçırılması da müəyyən edilib.
Modern.az