Modern.az

Əli Həsənov: “Bizə ağıllı QHT taktikası öyrətməyə çalışmasınlar”

Əli Həsənov: “Bizə ağıllı QHT taktikası öyrətməyə çalışmasınlar”

Qarabağ

22 Yanvar 2015, 13:09

“Xarici donorlar, başqa dövlətlər Azərbaycanın qanunlarına hörmət etməlidir”


“QHT-lərin ötənilki işlərinin yekunu, qarşıya qoyulan vəzifələri dəyərləndirmək baxımından bu tədbiri yüksək qiymətləndirirəm”.

Modern.az xəbər verir ki, bunu Prezident Administrasiyası İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov QHT-lərə Dövlət Dəstəyi Şurasının 2014-cü ildəki fəaliyyətinə dair hesabat konfransında çıxış edərkən deyib.

O, bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası yaranandan sonrakı 7 il ərzində özünü doğruldub: “Keçən 7 ildə şura kifayət qədər səmərəli istiqamətdə inkişaf edib. Qrant fəaliyyətinin həyata keçirilməsi məsələsi cənab prezidentin sərəncamına əsasən şuraya həvalə olunub. Müstəqillik illərində Azərbaycanda yaranan QHT-lər kifayət qədər inkişaf edib. Azəbaycanda QHT sektorunun fəaliyyəti kənar dairələrin  subyektiv fikirlərinə rəğmən inkişaf etdiyi göz qabağındadır. Bizə ağıllı QHT taktikası öyrətmək istəyən bəzi qüvvələr Azərbaycan dövlətinin maraqlarına qarşı fəaliyyət göstərir”.

Əli Həsənov yanvarın 12-də ABŞ-da Demokratiyaya Yardım Milli  Fondunun təşkil etdiyi Azərbaycanla bağlı dinləmələrə də münasibət bildirib.

O qeyd edib ki, Azərbaycandan həmin dinləmələrdə iştirak edənlər Dağlıq Qarabağdakı separatçı rejiminin nümayəndələri ilə eyni tədbirdə Azərbaycan əleyhinə fikirlər səsləndiriblər: “Bu onların öz seçimidir. Amma həmin adamlar bizə ağıllı QHT taktikası öyrətməyə çalışmasınlar”.

Şöbə müdirinin sözlərinə görə, QHT-lər dövlətin maraqlarından özlərini kənara çəkməməlidir. Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti QHT-in fəaliyyətinə çətinlik yaratmır: “Bəziləri deyir ki, biz QHT-in fəaliyyətinə əngəllər yaradırıq. Amma belə deyil. Azərbaycan hakimiyyəti, sadəcə olaraq QHT-in fəaliyyətini şəffaflaşdırır. Xarici donorlar, başqa dövlətlər Azərbaycanın qanunlarına hörmət etməlidir”.

Azərbaycan prezidenti  İlham Əliyevin Almaniyaya səfərini xatırladan Əli Həsənov  vurğulayıb ki, dövlət başçısı kansler Angela Merkellə birgə keçirilən mətbuat konfransında ölkəmizdəki insan hüquqları ilə bağlı ona verilən sualları mükəmməl cavablandırıb.

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu