Bloqçu Əbdül Əbilovun anası Nurcahan Əbilova oğlu Bakı İstintaq Təcridxanasından 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləndən sonra onunla görüşə bilməyib. Bu barədə Modern.az saytına Nurçahan Əbilova açıqlama verib: “Dekabrın 26-da axşam saat 6-da müəssisəyə getsəm də, gec olduğunu əsas gətirərək görüş vermədilər. Yanvarın 5-də yenə icazə verilmədi. Müəssisədən bildirdilər ki, görüş 15 gündən bir verilir. Bu dəfə apardığım ərzağı oğluma verə bildim”.
Nurcahan Əbilova Xalid Bağırovun vəkilliyinə xitam veriləndən sonra yeni vəkillə müqavilə bağlamadıqlarını da deyib.
Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. Bu il mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Bloqçu narkotik alverində təqsirli bilinib. Ailəsi isə onun “Feysbuk”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Feysbuk”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub.
Yeganə Oqtayqızı