“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi Türkiyə Respublikasında fəaliyyət göstərən Sivil Toplum Dəstəkləmə Dərnəyi ilə əməkdaşlıq çərçivəsində 2010-cu il Noyabr ayında keçiriləcək Nar Bayramını Beynəlxalq səviyyədə qeyd etməyi qarşılarına məqsəd qoyub. Bunun üçün hər iki təşkilatın sədrləri 26.04.2010-cu ildə Ərzurum şəhərində qarşılıqlı memorandum imzalayıb. Məlumatı Modern.az-a “Göyçay İnkişaf Mərkəzi”nin nümayəndəsi Əzizağa Atakişiyev verib.
Layihə Azərbaycan, Rusiya Federasiyası, Gürcüstan, Rumıniya, İtaliya, Ukrayna və Türkiyədən 7 gənclər təşkilatının və 50 nəfər gəncin iştirakıyla həyata keçiriləcək. “Könüllülük” və “Gələcək üçün gənclik” mövzularında reallaşacaq olan layihə 7 gün müddətində həyata keçiriləcək. Layihə müddətində bütün iştirakçı ölkələrdən gənclər və Göyçay gəncliyi tolerantlıq, qardaşlıq və könüllülük mövzusu ətrafında bir araya gələcəklər. Qrup işləri, mədəniyyətlərarası öyrənmə, gəzinti proqramları və Nar festivalı ilə rəngləndiriləcək olan fəaliyyətdə Türk mədəniyyəti, Azərbaycan və çox mədəniyyətli dünyanın ən bəşəri sərvət simvolu NAR işlənəcək. Layihə Avropa Birliyi Gənclik Programı və Türkiyə Cumhuriyəti Başbakanlıq Dövlət Planlama Təşkilatı Avropa Birliyi Təhsil və Gənclik Programları Mərkəzi Başqanlığı tərəfındən dəstəklənəcək.
Tədbirə “İrəli” İB, Göyçay rayon İcra Hakimiyyəti, Göyçay Olimpiya İdman kompleksi, “AZNAR” QSC, “Göyçay-Süd” Açıq Səhmdar cəmiyyəti də dəstək verəcək.
Layihənin internet səhifəsi beynəlxalq səviyyədə yayımlanacaq, həmçinin afişa, broşura, kitabca və bu kimi digər vasitələr nəşr ediləcək. Layihə haqqında informasiya çap materialları vasitəsilə 7 ölkəyə yayılacaq.
Modern.az