Modern.az

Bakıda hər mənzildən 8 manatı niyə yığırlar?

Bakıda hər mənzildən 8 manatı niyə yığırlar?

23 Yanvar 2015, 15:50

Suraxanı Rayonu Qaraçuxur qəsəbəsində yerləşən Mənzil İstismar sahələrinin (MİS) əməkdaşları bir neçə gündür ki, mənzilləri gəzərək Fövqaladə Hallar Nazirliyinin “tapşırığına” əsasən sakinlərdən pul yığırlar. MİS işçiləri bildirirlər ki, qoyulan məbləğ hər ev üçün 8 manatdır:

“Pullar tam yığıldıqdan sonra Fövqaladə Hallar Nazirliyinin əməkdaşları hər bir mənzildəki mətbəx, hamam otağındakı tüstü bacasını təmizləyəcək. Bu isə vətəndaşların təhlükəsizliyi naminədir”.

Modern.az saytı məsələylə bağlı Fövqaladə Hallar Nazirliyindən (FHN)  münasibət öyrənib. FHN-in mətbuat xidmətindən bildirilib ki,  sözügedən məsələnin nazirliklə heç bir əlaqəsi yoxdur:

“Binaların bacalarının təmizlənməsi ilə Bakı şəhəri və onun rayonlarıının İcra hakimiyyətlərinin lisenziyası əsasında özəl şirkət məşğul olur. Fövqaladə Hallar Nazirliyinə məsələnin heç bir aidiyyəti yoxdur. Mənzil İstismar sahələri isə Fövqaladə Hallar Nazirliynə deyil, icra hakimiyyətlərinə tabedir”.

Hər mənzillərdən alınan vəsaitin hansı qurumun tapşırığı əsasında yığıldığını öyrənmək üçün isə Suraxanı rayonu Qarçuxur qəsəbəsinin 63 saylı MİS-nin baş mühəndisi ilə əlaqə saxladıq. Məhəmməd adlı baş mühəndis “yarım saat sonra zəng vurun, hazırda “JEK”də deyiləm, ora çatım, sualınızı cavablandıraram” desə də, yarım saat sonra kobudcasına cavab verməkdən boyun qaçırdı...

Bu səbədən də Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mayıs Məmmədovdan münasibət öyrəndik. Birlik rəisi Modern.az-a açıqlamasında bildirdi ki, “MH qrup MMC” adlı özəl şirkətilə müqavilə bağlanılıb və onların MİS-ə verdiyi qəbzlə əhalidən pul yığılır:

“Müqaviləni biz bağlamışıq, amma işi Fövqaladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilatın ixtisaslaşmış əməkdaşları icra edəcək. Çünki bizim belə kadrlarımız yoxdur. Bacalar təmizləndikdən sonra onlar 1 illik qarantiya verir ki, hər hansı problem yaşanmayacaq. Bildiyiniz kimi, qış aylarında qazdan boğulma halları çox olur. Hər şey vətəndaşların təhlükəsizliyi üçündür”.

M.Məmmədov bunun məcburi yox, tövsiyyə xarakterli olduğunu vurğulayıb...



Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...