Yaxud şaxtasına, qarına rəğmən bizi isti qarşılayan şəhər...
Yükseyinde oylum oylum karı var,
Şu karşıki dağlar bizim dağlar mı?
Yüregimde hasreti var, zarı var!
Geçem desem yollarımı bağlar mı?
Ben gurbette, yar sılada ağlar mı?
Ağrı, Munzur, Yıldız, Ilgaz, Bolu mu?
Palandöken, Tekir, Murat, Ulu mu?
Ovası yaylası, Anadolu mu?
Şu karşıki dağlar bizim dağlar mı?
Eteyinde ırmakları çağlar mı?
Şahin Kars
Azərbaycan xalqının etnosiyasi, etnomədəni coğrafiyası onun inzibati siyasi coğrafiyasından çox-çox böyükdür. Cənubi Qafqazın, Şərqi Anadolunun, Orta Asiyanın, Şərqi Avropanın müxtəlif ərazilərində tarixən məskunlaşmış, yaşamış və bu gün də yaşamaqda olan həmvətənlərimiz harada yaşamalarından asılı olmayaraq, öz hərəkətlərində və davranışlarında yaşadığı ərazilərdə özlərini hər zaman əsl azərbaycanlı kimi göstəriblər. Azərbaycan xalqı əzmkar xalq olmaqla yanaşı, eyni zamanda, intellektual, təşəbbüskar, bədii yaradıcılığa meyilli olması ilə öz fərqliliklərini, öz qeyri-adiliklərini hər zaman nümayiş etdirib. Qardaş Türkiyə Respublikasında, xüsusən, Şərqi Anadolu bölgəsinin Qafqazla kəsişdiyi etnik coğrafiyada da yaşayan həmyerlilərimizin sayı milyonlarladır desək, yanılmarıq. Bütövlükdə "erməni soyqırımı" kimi adlandırılan, əslində isə ermənilər tərəfindən türklərə qarşı (təkcə türklərə qarşı deyil, o coğrafiyada yaşayan bütün müsəlmanlara-türkmənlərə, kürdlərə, zazalara, qarapapaqlara, çərkəzlərə, lazlara və s.) soyqırımının törədildiyi bu coğrafiya da elə azərbaycanlıların etnosiyasi coğrafiyasıdır. Azərbaycanlılar yaşadıqları mühitə tez adaptasiya olunan, hüquqi cəhətdən vətəndaş bağları ilə bağlı olduqları, sərhədləri içərisində yaşadıqları dövlətə daim sədaqət nümayiş etdirən, onun inkişafı üçün bütün enerjisini, intellektini səfərbər edən xalqdır. Eyni zamanda, azərbaycanlılar yaşadıqları coğrafiyada mövcud olan insanlarla birgəyaşayış qaydalarını müəyyənləşdirən və bu qaydaları diktə edən xalqlardandır. Bütün bu saydığımız və saya bilmədiyimiz xüsusiyyətlər azərbaycanlıların milli kimliyini, başqa xalqlara qarşı dözümlülüyünü, zəngin mədəniyyətə, intellektual potensiala sahib olduğunu göstərən vacib elementlərdəndir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən "Bir millət, iki dövlət" kimi səciyyələndirilən qardaş Türkiyə Respublikasının, demək olar ki, hər bir bölgəsində azərbaycanlılar yaşayır. Amma heç kəsə sirr deyil ki, Türkiyədə yaşayan 3 milyona yaxın azərbaycanlının tarixi etnik vətəni Şərqi Anadolunun Cənubi Qafqazla kəsişdiyi ərazilərdir. Bu ərazilər Qars, Ardahan, Sarıqamış, Ərzurum, Ağrı, Doğu Bəyazıd, İğdır və s. bölgələridir. Bu günə qədər də azərbaycanlılar həmin coğrafiyada ümumi mədəniyyəti, birgəyaşayış qaydalarını təyin edən bir etnos olaraq mövcuddurlar. Amma onlar vətəndaşı olduqları Türkiyə Cümhuriyyətində baş verən ictimai–siyasi proseslərdə də yaxından iştirak edən ictimai-fəal fərdlərdir.
Yolumuz Qarsadır...
Bu günlərdə yolumuz Qarsa düşdü. Bakıdan-Tbilisiyə, Tbilisidən-Qarsa, Qarsdan Sarıqamışa kimi uzanan yollar böyük Türk xalqının keçib gəldiyi tarixi bizlərə bir daha ən kiçik detallarına qədər anlatdı, bizi keçmişə, tarixin dərinliklərinə aparıb çıxardı. Qeyd etmək lazımdır ki, Azərbaycan etno siyasi coğrafiyası səfərimiz boyunca əsla qırılmadı. Bakıdan Sarıqamışa kimi yol boyu, demək olar ki, azərbaycanlı kəndlərinin içindən keçib getdik. Qırmızıkörpünü keçəndən sonra Tbilisiyə kimi bizi Azərbaycan kəndlərinin istiliyi, doğmalığı qarşıladı. Tbilisidən sonra da biz Türk etnosunun daha dərin qatları ilə – saklarla, hunlarla, qıpçaqlarla, oğuz və səlcuqlarla bağlı olan memarlıq abidələri, mədəni abidələr, hidronimlər, toponimlərilə qarşılaşdıq. İstər Axalkalaki olsun, istər Bakuryani olsun, istərsə də Axıska olsun, bütün bu adlar sanki tarixin dərinliyindən durula–durula günümüzə kimi gələn bu coğrafiyada təsirli olan Türk kimliyinin ruhunu özündə yaşadırmışcasına Sarıqamışa kimi bizi müşayiət etdi. Bu ruh insanda bir doğmalıq yaratmaqla birlikdə, insanın milli kimliyinin, tarixi yaddaşının yenidən oyadılmasına xidmət edirdi.
Toponimlərimizin səssiz harayı
Hər nə qədər bütün türkmənşəli yer adlarının, çay adlarının sonluğuna bir "i" hərfi əlavə olunmuş olsa belə, bu gürcüləşdirilməyə çalışılan sözlərin hər birinin altında onun türkmənşəli olması bir mirvari kimi parıldayır, insanı özünə cəlb edir. Bu sonluqlar xalqımızın dilindəki sözlərin şirinliyinə heç bir xələl gətirmirdi. (Əgər 1944-cü ildə Axalkalakidən, Axıskadan yerli əhali sürgün edilməsəydi Bakıdan-Qarsa qədər uzanan türk etnosiyasi coğrafiyası bu günə qədər də canlı olaraq yaşayacaqdı. Çox təəssüf ki, II Dünya müharibəsini bəhanə edən İ.Stalin Axalkalaki və Axıska Cavaxetiya türklərini, Cağamoy və Çalqaya (Çalqa) qaraqalpaqlarını, azərbaycanlılarını öz tarixi vətənlərindən amansızcasına sürgün etdi. Ancaq toponimləri, hidronimləri, etnonimləri sürgün edə bilmədi. Onlar hələ də öz səssiz harayları ilə biz türkük deyə bağırırlar.
Axalkalaki - Ak+al+qala deməkdir. Bölgəyə aid qırmızımsov daşdan tikilmiş müdafiə qalasının adındandır.
Bakuryani – hun sərkərdəsi Çin Bakurun adındandır. Gözləri qıyıq olduğu üçün çinlilərə bənzədilərək Çin Bakur adlandırılırdı. E.ə. VI-V əsrlərdə Bakur həmin ərazidə bəylik qurmuşdu.
Axıska - Ak+saka deməkdir. Çar skiflərin bir boyu hesab edilən Ak – Sakların vətənidir.
Sağamoy – yenə Sak etnik kökünə əsaslanan etnotoponimdir.
Çalqa – yəni Çalqaya yerli relyefə uyğun bənzətmədən əmələ gələn sal-qayalıq mənasındadır.
Cavaxetiya isə yenə hun sərkərdəsi Çin-Çavaxın bəyliyinin inzibati sərhədlərini bildirən toponimdir. Yerli əhali, o cümlədən, mənim doğulduğum Ağbaba mahalında da nadinc uşağa Çin Çavat deyirdilər. Bu ifadə Çin Çavaxın canlı yaddaşlarda yaşayan şöhrətinin son parıltıları idi…
Ardahan, Arda xanın mahalı
Bütün yol boyu bu sözlərin mənasını, məzmununu özümüzə izah edə-edə gəlib Qarsa, Sarıqamışa çatdıq. Qışın oğlan çağı olmasına baxmayaraq, Türkgözü Sərhəd Qapısına kimi olan ərazidə, o cümlədən, Ardəhan mahalının (Arda xanın mahalı) şirin Posof qəsəbəsinə qədər biz qara rast gəlmədik. Halbuki, gedişimizin əsas məqsədi qar görmək idi. Yalnız Fransanın Alplarında və Qarsın Sarıqamış bölgəsində yağan kristal qar kimi məşhur olan qarı seyr etmək və o qarda xizək sürmək üçün çıxdığımız səfərdə nəhayət ki, qar bizi Posofdan bir xeyli aşağı endikdən sonra Çıldır ətrafında qarşıladı. Hər nə qədər Türkiyənin doğu elləri az inkişaf etmiş kimi təqdim olunsa da, son illərdə həmin ərazilərdə ciddi və sürətli inkişafın getdiyini danmaq qeyri-mümkündür. Ərdəhandan Qarsa qədər enən yolda ikizolaqlı geniş yol tikintisinin çətin təbii hava şəraitinə baxmayaraq davam etməsi, həmin ərazilərdə xeyli sayda abad kəndlərin gözə dəyməsi və Doğu mahalları kimi mərkəzi şəhərlərə köç verməsinə baxmayaraq, yenə də Türkgözü Sərhəd Qapısından Sarıqamışa qədər bizi qaynar həyat qarşıladı.
Azərbaycanın inkişafı Qarsı da gəlişdirməkdədir
Qeyd etməliyik ki, bu gün Qars şəhərində fəal sosial-mədəni və biznes həyatı hökm sürməkdədir. Bunun bir səbəbi əgər son illərdə qardaş Türkiyə Cümhuriyyətinin iqtisadiyyatının sürətlə inkişaf etməsidirsə, digər bir səbəbi isə Azərbaycanın karbohidrogen ehtiyatlarının Türkiyəyə çatdırılması və ölkəmizin müəyyənləşdirdiyi neft və qaz marşrutlarının qardaş ölkəyə gətirdiyi iqtisadi dividendlərdir. Yəni, əgər son bir neçə ilə qədər qış aylarında bütün Qars mahalında və onun ilçələrində – Sarıqamışda, Ağyaxada, Çıldırda isitmə sistemi kömürlə aparılırdısa, artıq son illərdə bu ərazidə təbii qaz yandırılır. Artıq şəhərin başı üzərində dolaşan kömür qurumundan əsər-əlamət belə yoxdur. Və yol boyu müşahidə etdiyimiz yenə Azərbaycanın layihəsi olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin çəkilməsi, həmçinin, onun ətrafında formalaşdırılmaqda olan infrastrukturun, ümumilikdə bu layihənin ilin sonuna kimi başa çatdırılması ilə bağlı deyilənlər bu coğrafiyaya yeni bir canlanma gətirib. Azərbaycanın müəllifi olduğu bu layihələrin sözügedən etnosiyasi coğrafiyanı canlandırması daxilimizdə bir milli qürur oyatdı. Azərbaycan xalqına məxsus olan tarixi etnosiyasi coğrafiyada yaşayan hər bir insanın gözlərində də eyni qürur hisslərini gördük.
Qars-Sarıqamış, karsaqların vətəni, yaxud şəhidlər yurdu
Qarsın tarixi lap qədim dövrlərə kimi gedib çıxır. Buranın ilk sakinlərinin Hurritlər olduğu deyilir. XI əsrdə Sultan Alparslan tərəfindən Bizans hakimiyyətindən alınaraq Səlcuqluya birləşdirilən Qars Anadoluda ilk fəth edilən yer kimi də məşhurdur. Belə ki, hətta bu yerlərin Malazgirtdən yeddi il əvvəl fəth edildiyi qeyd olunur. 1534-cü ildə Qanuni Sultan Süleyman dövründə Osmanlı hakimiyyətinə birləşdirilən bu mahal 1828 və 1855-ci illərdə iki dəfə rus işğalına məruz qalır, ancaq 1829-cu ildə imzalanan Ədirnə və 1856-cı ildə imzalanan Paris anlaşmaları ilə yenidən Osmanlıya qaytarılır. Qars, özəlliklə də Sarıqamış Türkiyənin yaxın tarixində önəmli tarixi proseslərə səhnə olub. I Dünya müharibəsində Ənvər Paşa komandanlığındakı Türk Ordusunun 1915-ci ilin qışında düşmənə qəfil zərbə vurmaq məqsədilə aşmaq istədiyi Sarıqamışın Allahu-əkbər dağlarında bəzi qaynaqlara görə, 60 min, bəzi mənbələrə görə isə 90 min Mehmetciyin soyuqdan donaraq şəhid olduğu bildirilir. Bu talehsiz hadisədə şəhid olanların xatirəsinə Qars-Sarıqamış avtomobil yolu üzərində inşa edilən "Şəhidlər məqbərəsi" Sarıqamışın yaxın tarixdəki acı və unudulmaz izlərini özündə əks etdirir. Bu dediklərimiz rəsmi mənbələrdə qeyd edilən tarixdir. Ancaq burada xeyli sayda yanlışlıqlara yol verilib.
Qars şəhərini karlukların bir boyu olan karsaklar, yəni şimal sakları elə Çin Bakurun dövründə, b.e.ə VI-V əsrlərdə salıblar. O vaxtdan bu günədək də türklər həmişə bu şəhərin əsas əhalisi olublar. Alp Arslan isə 1071-ci ildə Malazgird zəfərindən sonra demişdir ki, mən vətənimi azad etdim. Görünür hələ XI əsrdə insanların canlı yaddaşında Qars da daxil olmaqla Anadolunun (b.e.ə XVIII-XII əsrdə) türklərə aid olması ilə bağlı informasiya yaşayırmış.
Sarıqamışda kristal qar və qış turizmi
Əvvəlcədən yer ayırtdırdığımız Sarıqamış elinin "Çamkar" otelinə çatar-çatmaz bizi əsl Türk qonaqpərvərliyi ilə qarşıladılar. "Çamkar" adı bildiyiniz kimi "qarlı şam" mənasını verir və bu ərazidəki meşələrdə bitən qızılı şam ağaclarının arasında səliqə ilə salınan xizək turizmi sahələri dünyada böyüklüyünə və keyfiyyətinə görə ikinci xizəksürmə mərkəzidir. Bütövlükdə, 9 marşrut üzrə 54 km məsafəni əhatə edən xizək mərkəzləri həm dünyanı ən müasir idman texnologiyalarından istifadə olunmasına, həm də qarına görə dünyanın ən öndə olan mərkəzlərindən biridir. Bayraq təpə zirvəsinin hündürlüyü 2634 metrdir. Belə hündürlükdən aşağıya doğru xizək sürmək əsl zövqdür. Otelin rəhbərliyi və çalışanları sanki azərbaycanlıların gəlişini gözləyirmiş kimi hər bir azərbaycanlıya xüsusi diqqət və qayğı göstərirdilər. Ətrafında şirin Azərbaycan ləhcəsi ilə danışan insanları görəndə insan özünü doğma evində, ocağındakı kimi hiss edir. Azərbaycandan gəldiyimizi bilən otelin müdiri Kamal Aydın bəy də bizə xüsusi diqqət göstərməyi özünə borc bildi. Bizi isti qonaqpərvərliklə qarşıladı. Və azərbaycanlılara hörmət göstərməyi sanki özünə borc bilən bu istiqanlı otel müdiri bizi çay içməyə dəvət etdi. Onunla Sarıqamışın tarixi haqqında, müxtəlif xalqların qardaşcasına yaşaması ilə bağlı xeyli maraqlı söhbətlərimiz oldu. Kamal bəy bizimlə söhbətində ölkəmizlə çox maraqlandığını, bizimlə əlaqə qurmaqda Azərbaycandan daha çox sayda turist cəlb etməkdə israrlı olduğunu da diqqətimizə çatdırdı. Əlbəttə ki, bu yaxın münasibət bizi həddindən artıq məmnun edirdi.
Xizək mərkəzinin ərazisi müxtəlif kateqoriyalı xizək sürücüləri üçün salınan meydançalardan ibarət idi. Bütövlükdə, 9 marşrut üzrə 54 km məsafəni əhatə edən xizək mərkəzləri altı çətinlik dərəcəsinə görə müəyyənləşdirilmişdi. Birinci yaşıl rəngli sahələr hər kəsin istifadə edə biləcəyi adi bir sistemə əsaslanır. Mavi rəngli sahələr bir qədər ondan mürəkkəbdir. Qırmızı rəng kateqoriyası təhlükəli və mürəkkəbdir. Bunlardan ən mürəkkəbi isə qara rəngli sahələrdir ki, həmin sahələr yalnız və yalnız professionallar üçün nəzərdə tutulub. Bu sahədə sürüşmək turistlərdən xüsusi cəsarət və professionallıq tələb edir. Bütün bunları sadalamaqda məqsədimiz odur ki, ölkəmizdə hələ qış turizm ənənəsi tam formalaşmayıb. Amma bu yer Azərbaycanın fərqli coğrafiyalarında yaşayan vətəndaşlarımızın, xüsusən də dağlıq ərazilərdə yaşamış insanlarımızın öz uşaqlıq vərdişlərini daha da inkişaf etdirmələri üçün olduqca münasib və unikal bir yerdir.
Yeyərsən qaz ətini…
Sarıqamışdan danışarkən Qars qazı haqqında danışmamaq qeyri-mümkündür. Qarslılar qaz ətinin istehsalını və onun milli mətbəxə daxil edilməsini keyfiyyətcə tamamilə yeni bir mərhələyə daşıyıblar. Qaz ətinin yeyilməsini xüsusi bir mərasimə, rituala çeviriblər. Otelin qarşısında çadırlar qurulur, qaz ətindən hazırlanmış bizim damaq zövqümüzə çox yaxın olan yeməklər gələn turistlərə təqdim olunur. Bir neçə gün ərzində yuxarıda da qeyd etdiyimiz kimi otel rəhbərliyinin daim diqqət və qayğısını hiss etdik. Otel rəhbərliyinin ən böyük arzusu azərbaycanlıların bu istirahət mərkəzinə gəlmələri və bu gözəl havadan, qardan zövq almalarıdır.
Qarla uğurlandıq...
Qarsdan qayıdanda bizi qar yola saldı. Mənfi 17 dərəcə soyuq havada hər yerin donması, ətrafın ağ səssizliyə bürünməsi insanı daxilən rahatladır, qış turizmi, qış istirahəti üçün bu ərazinin nə qədər məqbul, nə qədər uyğun olduğunu göstərir. Qarsdan ayrılarkən bu bəyaz sükunətin, bu bəyaz rahatlığın altında nə qədər güclü bir iqtisadi potensialın da mövcud olduğunu gördük. Xüsusən, 2015-ci ildə Azərbaycan Respublikasının müəllifi olduğu Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra bölgədə baş verəcək iqtisadi, mədəni inkişafı, eyni zamanda turizmin inkişafını indidən görmək mümkündür.
Əlvida Sarıqamış, əlvida Qars!
Bakı-Tbilisi-Qars-Sarıqamış-Bakı