Modern.az

“Dağlıq Qarabağ məsələsinin həllində böyük güclərin susqunluğu Ukrayna münaqişəsini ortaya çıxardı”

 “Dağlıq Qarabağ məsələsinin həllində böyük güclərin susqunluğu Ukrayna münaqişəsini ortaya çıxardı”

Təhsil

24 Yanvar 2015, 12:47

"Qarabağ münaqişəsi digər ölkələrə də mənfi təsirini göstərir"


Davos İqtisadi Forumu çərçivəsində keçirilən "Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada iştirak edən Prezident İlham Əliyev buradakı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox mühüm məqamlara toxundu, olduqca vacib detallara diqqət çəkdi. Çıxışdan sonra geosiyasi vəziyyətlə bağlı sualın cavabında Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz artıq 20 ildən çoxdur Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir və ötən müddətdə aparılan sülh danışıqları heç bir nəticə verməyib.

Dövlət başçısı xüsusi vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də keçmiş SSRİ məkanındakı bütün münaqişələr eyni yanaşma yolu ilə həll olunmalıdır. Belə münaqişələrin həll olunmaması yeni münaqişələrə də yol açır. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasa, bunun digər ölkələrə də öz mənfi təsirini göstərəcəyini dedi. Dövlət başçısı qeyd etdi ki, beynəlxalq hüquq normaları BMT-nin Nizamnaməsində, ATƏT və digər beynəlxalq təşkilatların sənədlərində konkret şəkildə əksini tapıb. Yalnız beynəlxalq hüquq normalarına əməl edildikdə ikili standartların və belə problemlərin regionda artmasının qarşısı alınar.

- Maraqlıdır, postsovet məkanındakı münaqişələrin həllinə niyə eyni yanaşma yoxdur? Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının digər ölkələrə də mənfi təsir göstərdiyini nəzərə alaraq, bundan sonra gözləmək olarmı ki, münaqişənin həllilə məşğul olan qurum və dövlətlər bu istiqamətdə real addımlar atsınlar?

Millət vəkili Fərəc Quliyev bildirdi ki, eyni köklü münaqişələrə fərqli münasibət subyektiv amillərdən qaynaqlanır: "Postsovet məkanındakı münaqişələr eyni qaynaqdan yaranıb. Ümumiyyyətlə, sovet imperiyası gec partlayan minaları xatırladırdı. Bunların bir çoxları partladı, bir çoxları da qalır. Əslində, buradakı münaqişələrin arxasında Rusiyanın dayandığı heç kimə sirr deyil. Hesab edirəm ki, münaqişə obyektlərinə yanaşma subyektiv səbəblərdən qaynaqlanır. Məsələn, Ukraynaya münasibət bir fərqli yanaşmadır. Hərçənd, hesab edirik ki, Ukrayna məsələsində Avropa Birliyi, dünya doğru mövqe tutdu. Gürcüstan-Rusiya münaqişəsi zamanı Qərb tərəfindən konkret addımlar müəyyənləşdirildi və məsələ qismən də olsa, həll olundu. Amma Qarabağ məsələsində tamam fərqli mövqedə dayanıblar. Ortalıqda görünür, bizdən asılı olmayan səbəblərdən irəli gələn məsələlər də var. Üstəlik, Azərbaycanın inkişafında maraqlı olmayan qüvvələr də mövcuddur. Habelə, türk etnosunun hakim etnos kimi artıq formalaşması da görünür, bəzi güclərə sərf etmir. İndiyə qədər bir az Rusiyadan ehtiyatlanma vardısa, sabah eyni təzahürlərin davam etməsi bu amili bir qədər arxa plana keçirir. Bu da tamamilə ögey bir münasibətdir. Bu mənada da hesab edirəm ki, Prezident qoyduğu tələbdə, narahatçılıqda haqlıdır.

Dağlıq Qarabağ məsələsinin həllində böyük güclərin susqunluğu Ukrayna münaqişəsini ortaya çıxardı. Bu, həm də Rusiyanın revanşist davranışlarına yol açdı. Hətta vəziyyət o qədər irəli getmişdi ki, bununla bağlı başqa ölkələr haqqında da düşünülürdü. Qarabağ məsələsində susqunluq fəsadlar verdi və bu, bumeranq siyasəti oldu. Bu gün yaranan vəziyyət, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da prosesə təsirsiz ötüşmür. Bu kimi neqativ halların hamısının kökündə Dağlıq Qarabağa anormal, adekvat olmayan bir münasibətin olmasıdır. Bundan sonra da Dağlıq Qarabağ məsələsi yenə də hazırkı vəziyyətdə qalmaqda davam edərsə, ən azından bu bölgədə, Azərbaycanda insanların münaqişə ilə məşğul olan beynəlxalq təsisatlara münasibətdə dəyişiklik yaranmalıdır. Əməkdaşlıq, müəyyən bir platformadan çıxış edəndə, sonra da problemlərə biganə qalanda təbii ki, ictimai rəy də fərqli şəkildə dəyişir. Postsovet məkanının özündə də Rusiyaya meylli olanlarda belə təəssürat yaranır ki, biz Qərbin simasında partnyor görməyə bilərik. Ona görə fərqli seçimlər edirlər. Üstəlik, problem qaldıqca başqa yerlərdə də separatçıların baş qaldırması, ərazi bütövlüyünün pozulması istiqamətində layihələrin ortaya qoyulması da həmişə gündəlikdə qalacaq. Bu, çox narahatedici məsələdir”.


Rüfət NADİROĞLU

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza