Modern.az

Mahir Qabiloğlu: Heminquey, yoxsa kefli İsgəndər?

Mahir Qabiloğlu: Heminquey, yoxsa kefli İsgəndər?

24 Yanvar 2015, 23:53

filologiya üzrə elmlər doktoru,
professor

Hörmətli Mahir Qabiloğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə qəbul olunmağınız münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Açıq məktub yazmaqda məqsədim sizin Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməyinizlə bağlı deyildir. Siz Azərbaycanın Xalq şairi Qabilin oğlu kimi heç bir sətir yazmasaydınız belə, bu quruma üzv olmalıydınız. Ona görə ki, siz Qabilin ailəsində, onun yaradıcılıq mühitində böyümüsünüz. Çoxlu hadisələrin şahidi, iştirakçısı olmusunuz. Həmin mühitdə baş verənlər sizin üçün böyük bir məktəb olubdur. Özünüz də bilmədən bu məktəbin məzunu olmusunuz. Özünüzə çox vaxt həmin məktəbin adi üzvü, bəlkə də yaradıcı adamlar tərəfindən diqqəti cəlb etməyən üzvü kimi baxmısınız. Ancaq belə bir həqiqət var ki, insan hər hansı bir mühitdə yaşamaqla, fəaliyyət göstərməklə özü də bilmədən böyük bir məktəb keçir. Yazdığınız məqalələrin əksəriyyəti bunu təsdiq edir. Siz yazdığınız məqalələrdə ədəbiyyatdan kənarda qalan ədəbiyyatı yazırsınız. Bunun özü yeni bir janrdır və ayrıca bir söhbətdir. Mənə elə gəlir ki, Qabil kimlərlə oturub-durubsa, kimlərlə ədəbi söhbətlərdə iştirak edibsə, orada olmusunuz – bütün bunların hamısını öz gözlərinizlə görmüsünüz, zaman-zaman baş verənlərin hamısı sizin yaddaşınıza yazılıbdır. Sizin özünüz də əhəmiyyətinə varmadan ədəbiyyatın içində bişmisiniz. Bir sözlə, mühit sizi yazmaq üçün hazırlayıbdır.

İndi isə ədəbi düşüncənizin fontan vurduğu bir mərhələyə gəlib çatmısınız. Artıq sizin yazmamağınız mümkün deyil. Daxili aləminiz o qədər doludur ki, yazmalısınız, həm də bununla rahatlıq tapmalısınız. Bunu son illərdə yazdığınız məqalələr, hekayələr də sübut edir. “Ərmən – Şuşanikin sevgisi”, “Canavar qanunu”, “Arvad və maşın”, “Arvadla kişinin fərqi öləndə olur” və s. hekayələriniz, “O dünyadan məktublar” silsiləsindən olan məqalələriniz, “Həyat müşahidələrim” başlığı altında yazdıqlarınız, “Atam Qabilin və dostlarının baməzə əhvalatları” sərlövhəsi ilə çap olunmuş yazılarınız diri, canlı və həyatidir. Bunların hər biri ədəbiyyatımız üçün hadisədir. Siz müasir ədəbiyyata yeni təhkiyə üsulu, oxunaqlı və sadədən sadə bir dil gətirmisiniz. Bunun sayəsində öz üslubunuz və dəst-xəttiniz ilə seçilirsiniz. Sizin məqalələrinizi də, hekayələrinizi də, hətta təzə çap olunmuş “Cəncəhim” romanınızı da oxumağa başlamaq lazımdır. Oxucu oxumağa başlayan kimi axıra çıxmaq istəyində olur. Bu fikri mənə sizin əksər oxucularınız da söyləyibdir. Siz olduqca aktual mövzulara toxunursunuz, oxucunun istək və zövqünə uyğun hərəkət edirsiniz. Bunların hamısı sizin uğurunuzdur.

Yazdıqlarınızın hamısı sizin beyninizdə uzun illər boyu hazırlanıbdır. İndi isə siz onları sadəcə olaraq ipə-sapa düzürsünüz. Mən sizin yazdıqlarınızdan onu da hiss edirəm ki, yaza-yaza rahatlaşırsınız, içində püskürən odun istisini sətir-sətir vərəqlərə köçürməklə sakitləşirsiniz. Yaşınızın və düşüncənizin elə bir mərhələsindəsiniz ki, yazmaq sizin üçün hava və su qədər lazımdır. Yazmadığın vaxt, elə bil ki, havanız və suyunuz çatışmır. Müşahidəm belədir ki, yazmayanda depressiyaya qapılırsınız. Ona görə də yazmalısınız və yazdıqlarınızı çap etdirməlisiniz.


Hörmətli Mahir Qabiloğlu, yazdıqlarınızı çap etdirməlisiniz. Oxucularınız sizin heç kəsə bənzəməyən yaradıcılıq üslubunuzdan xoşhal olurlar. Sizin yaradıcılığınızda Mirzə Cəlil, Sabir, Əziz Nesin üslubunu görürlər. Ancaq siz bu üslubları və onların ruhunu yaşatmaqla yanaşı, öz üslubunuzda, öz təhkiyə üslubunuzda, Mahir Qabiloğlu üslubunda yazırsınız. İnanıram ki, gələcəkdə bu barədə çox deyiləcək, çox yazılacaq. Sizin qələminizdə yeni ruh, yeni nəfəs hiss olunur. Düşüncə tərziniz yenidir, hadisələri canlı və diri təsvir etməyiniz yenidir. Oxucunu ovsunlamaq, ələ almaq qabiliyyətiniz başqalarından fərqlidir. Düşündürmək gücünüz və potensialınız qənaətbəxşdir. İndiyə qədər heç zaman üzünüzə demədiyimi yazmaq istəyirəm. Siz Qabilin ailəsində macəralarla dolu qeyri-adi həyat yaşamısınız. Bu da sizin özünüzü, daha doğrusu, bədii düşüncənizi sərbəst ifadə etmək qabiliyyətini formalaşdırıbdır. Bunun nəticəsində şəxsən gözünüzlə gördüyünüz hadisə və personajları, eləcə də müşahidə etdiklərinizi yazırsınız. Özünüz də bilirsiniz və inanırsınız ki, yaxşı yazırsınız. Ancaq “müvəffəqiyyətdən başı gicəllənən”lərə bənzəyərək “ulduz xəstəliyi”nə tutulmaq arzusundan uzaq olun. Yazdıqlarınız və həyatda səmimi olduğunuz kimi, uğurlarınızda da səmimi olun. Açığı deyim ki, həyatda olduğu kimi, yazdıqlarınızda da fərqli görünürsünüz. Bu fərqlilik yaradıcılığınıza yaxşı mənada təsir edibdir.

Yazdığınız “Cəncəhim” romanında da bunu görməmək mümkün deyildir. Ona görə də yazdığınız romanı dövrün ən uğurlu, maraqlı əsəri hesab etmək olar. Təsvir etdiyiniz səhnələr həyatın ən qaynar nöqtələri kimi diqqəti cəlb edir. Bunu özünüz də çox yaxşı bilirsiniz. Ona görə də yazdıqlarınızı oxucuların mühakiməsinə verərkən bir şeyi umursunuz. Bu da birmənalı şəkildə yazdıqlarınızın hamı tərəfindən oxunmaq istəyidir. Ancaq unudursunuz ki, hamı sizin yazdıqlarınızı oxuya bilməz. Oxu mədəniyyətinin, bədii düşüncənin, zövqün azaldığı bir dövrdə bu, mümkün deyildir. Bu, laqeydlik, biganəlik deyil, məhz reallıqdır. Ona görə də heç nə sizin gücünüzü, iradənizi, dözümünüzü, ədəbiyyata sevginizi və ehtirasınızı azaltmamalıdır. İnciməyin ki, mən sizin yaradıcılığınızın anatomiyasını açmaq istədiyim kimi, həm də arzu və istəyinizi də təhlil etmək istəyirəm. Görürəm və müşahidə edirəm ki, yazdıqlarınızın qarşılığında və müqabilində münasibət görməyəndə dərin ruhi sarsıntı keçirirsiniz. Ancaq unudursunuz ki, yazıçıların böyük əksəriyyəti sağlığında və ölümündən bir müddət sonra da diqqətdən kənarda qalmışdır. Daha doğrusu, onların yaradıcılığı mübahisə və polemika mövzusu olmamışdır. Ona görə də narahat olmağa dəyməz. Elə bil ki, sizin istəyiniz ədəbiyyat üzrə Nobel mükafatçısı Ernest Hemenqueyin istəyinə bənzəyir. Ancaq mən sizi heç kəsə yox, özünüzə bənzədirəm.

Ernest Hemenquey “Qadınlarsız kişilər” hekayələr kitabının nüsxəsini atasına göndərir və düşünür ki, atası onunla fəxr edəcək. Ancaq onun düşündüyü kimi olmur. Ernest Hemenqueyin atası hekayələri diqqətlə oxuduqdan sonra kitabları geri qaytarır. Oğluna yazdığı məktubda isə oğlunu, onun yaradıcılığını sevmədiyini bildirir. Oğluna əsəbiləşmiş ata məktubunda bunu da yazır: “Mən ümid edirdim ki, sənə verdiyim tərbiyə cinsi xəstəliklərini yalnız həkimin kabinetində açıqlaya bilmək ağlında olmağına kifayət edib. Görünür, yanılmışam”. Ata oğluna belə əsəbi məktubu ona görə yazmışdı ki, oğlunun “Qadınlarsız kişilər” hekayələr kitabında bütün personajların küçə dili ilə danışmaları, baş qəhrəmanın honoreya xəstəliyindən əziyyət çəkməsi və s. məqamlar Ernest Hemenqueyin həkim atasını qıcıqlandırmışdı.

Əziz Mahir Qabiloğlu, sizin yazdığınız romanda (“Cəncəhim” romanında) personajların açıq-saçıq dialoqları, hərəkətləri ola bilsin ki, kimlərisə qıcıqlandırsın. Atanız Qabil sağ olsaydı, bilmirəm, onu qıcıqlandırardımı?! Axı onun özü də açıq danışır və açıq yazırdı. Onun 20 Yanvardan bəhs edən “Mərsiyə”si, “Səhv düşəndə yerimiz”, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirləri buna bariz nümunədir. Mənə elə gəlir ki, o, sizi başa düşərdi. Siz isə hamıdan umursunuz ki, sizi başa düşsünlər. Bu, mümkün deyil və mümkün də olmayacaqdır.

Mənə elə gəlir ki, Mirzə Cəlilin “Ölülər” əsəri bütün zamanların əsəri olduğu kimi, bütün dövrlərdə aktuallığını itirmədiyi kimi, “Cəncəhim” romanı da hər zaman oxunacaq və hər bir kəsi düşündürəcəkdir. “Ölülər” əsəri həyatın, məişətin, dünyagörüşün, münasibətin və s. -nin kodu olduğu kimi, “Cəncəhim” romanı da insan üçün heç zaman əhəmiyyətini itirməyən koddur. Bu kodu açmaq üçün sadəcə olaraq insan kimi yaşamaq lazımdır. Romanın adındakı kodun açımı isə dünyanın strukturu, modelidir. Romanın son səhifələrində qeyd etdiyiniz kimi: “Adını da qoydum CƏNCƏHİM – Cənnət, Cəhənnəm sözlərinin ilk hecasını, İnkir-Minkir sözünün də baş hərflərini birləşdirdim. Alındı – CənCəHİM. Ay İnkir-Minkir, Siz də gedib dincələ bilərsiniz. Mən burdayam. Arxayın ola bilərsiniz”. (“Cəncəhim”. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2014, s.219).

Bir daha qeyd edirəm ki, romanınızda dərin mətləblər, dərin qatlar var. Dərk edənləri və dərk etmək istəyənləri düşündürürsünüz. Oxucunu fani dünyanın və haqq dünyasının qanunlarını dərk etməyə çağırırsınız. Oxucunu məcbur edirsiniz ki, bu dünyaların (fani və haqq dünyası) mahiyyəti barədə düşünsünlər. Oxucunu “Ölüm nədir?” sualına cavab axtarmağa çağırırsınız. Ölülərə müraciətlə deyirsiniz: “Bu cür həyatı gözünüzün qabağına gətirərək ömrü boyu sürünüb, sonda da ölmüsünüz. İndi siz yeni Cəncəhimin övladlarısınız. Siz sanki ikinci və sonuncu dəfə dünyaya gəlmisiniz. Siz azadsınız. Siz xoşbəxtsiniz. Çünki artıq Cəncəhimlisiniz. (“Cəncəhim”. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2014, s.221).
Diriləri isə qayda-qanun çərçivəsində yaşamağa dəvət edirsiniz. Sizin bu istəklərinizi hərə bir cür yoza da bilər. Ona görə ki, sətiraltı düşünür və yazırsınız. Romanın müəllifi kimi “Ölülər”dəki kefli İsgəndərə bənzəyirsiniz. Fərq ondadır ki, kefli İsgəndər “Ölülər”də bir obrazdır. Həm də real həyatdan götürülmüş obrazdır. Siz isə “Cəncəhim” romanının müəllifisiniz. Kefli İsgəndər hadisələrin birbaşa iştirakçısıdır, hadisələrə lazım gələndə müdaxilə edir. Siz isə hadisələrin müşahidəçisisiniz, dərin müşahidələr əsasında hadisələri qələmə alırsınız. Elə məqamlar var ki, kefli İsgəndərin işi rahatdır. Elə məqamlar da var ki, sizin işiniz rahatdır. Kefli İsgəndər Şeyx Nəsrullaha və onun əsabələrinə sözünü deməklə rahatlıq tapır. Siz isə müşahidə etdiyiniz, gördüyünüz tipləri bədii düşüncənizin imkanlarından istifadə edərək qamçılayırsınız. Hər ikiniz öz işinizi görürsünüz. Hərəniz özünəməxsus üslubda özünüzü ifadə edirsiniz.

Əziz Mahir Qabiloğlu, yazıçı üçün ən vacib iş yazmaqdır. Siz də yazırsınız, özü də çoxlarından fərqli olaraq riskli yazırsınız. Bunların qədir-qiymətini görməyəndə sizdə yenə də ruh düşkünlüyünə meyillik yaranır. Hiss edirəm ki, bir müddət ruh düşkünlüyünün təsiri altında olursunuz və bu ovqatla yaşayırsınız. Sonra yenidən yazmağa başlayırsınız. Yeni-yeni mövzular qələmə alırsınız. Sizin bu cür fəaliyyətiniz mənə Ernest Heminqueyin fəaliyyətini xatırladır, yada salır. O da tez-tez ruh düşkünlüyünə qatılıb, yazdıqlarının müqabilində almaq istədiyi ləzzətdən uzaq düşürdü. Onun yaradıcılığının ədəbi yüksəlişinin hər mərhələsindən sonra tənəzzül başlayıb. Mən sizi Ernest Heminqueylə müqayisə etmək istəməsəm də, hələ bu müqayisəyə sizin yaradıcılığınız hazır olmasa da, dəst-xəttinizdə və taleyinizdə bir oxşarlıq görürəm. Ona görə də tam səmimiyyətimlə deyirəm: siz yaradıcılığınızın, ədəbi yaradıcılığınızın yüksəliş mərhələsindəsiniz. Ruh düşkünlüyünüz isə ədəbi yaradıcılığınızın növbəti yüksəliş mərhələsi yolunda olan məyusluqdur. Görünür ki, növbəti əsərləriniz barədə, onların personajları və süjet xətti barədə düşündükdə əzab çəkir, ruh düşkünlüyünə qapılır, məyus olursunuz. Göy üzünü alan qara bulud boşaldıqdan sonra göy üzü təmiz göründüyü kimi, yağış yağandan sonra gün çıxdığı kimi, siz də ədəbi yaradıcılıq yolunda təmizlənərək irəliyə doğru gedirsiniz. Əslində ədəbiyyat uğrunda mübarizə aparanların həyatı belə olur. Bu yolda sizə səbir, təmkin, tələbkar oxucu və sınaqlardan üzüağ çıxmağı arzulayıram.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI