Modern.az

Məhəmməd Əmin Rəsulzadənin həyatı və əsərləri - II

Məhəmməd Əmin Rəsulzadənin həyatı və əsərləri - II

26 Yanvar 2015, 00:05

Azərbaycan Cümhuriyyətinin süqutundan sonra bir müddət Moskvada – Rusiyada yaşamağa məcbur olan böyük türk oglu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadə Türkiyəyə - İstanbula gələndə, burada Azərbaycandan gələn mühacirlər arasında bir dağınıqlıq, pərakəndəlik vardı. Bu adamları bir yerə toplamaq, təşkilat ətrafında birləşdirmək çətin idi. Mühacirlər arasındakı fikir ayrılığı nəticəsində konsulluq bağlanmışdı. Rəsulzadə 1923-cü ildə Azərbaycan Milli Mərkəzi təşkil edib, müsavatçı olan, olmayan mühacirləri bir təşkilat ətrafında birləşdirdi, tezliklə bütün Sovetlər Birliyini həyəcana gətirən «Yeni Qafqasiya» jurnalını nəşr etdirdi. 1923-25-ci illərdə İstanbulda Rəsulzadə «Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti», «Əsrimizin Səyavuşu», «İstiqlal məfkurəsi və gənclik» kitablarını çap etdirir.

Qeyd edək ki, "Əsrimizin Səyavuşu" əsərini böyük öndərimiz 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğradıqdan sonra Lahıcda qələmə almışdı. Bu, siyasi-fəlsəfi xarakter daşıyan, Azərbaycan Cümhuriyyətinin milli ideologiyasını ortaya qoyan çox dəyərli bir əsərdir. Fars şairi Firdovsinin "Şahnamə" əsərini bir daha oxuyan və paralel müqayisə apararaq Firdovsinin qəhramanlarından biri olan Səyavuşun həyatını Azərbaycan Cümhuriyyətinə oxşadan Rəsulzadənin gəldiyi nəticəyə görə, İranla Turan arasında qalan Səyavuşla, Rusiya və Qacarlar-İran arasında bölüşdürülə bilməyən Azərbaycan eyni taleyi yaşayır. Ancaq Firdovsinin Səyavuşundan fərqli olaraq Rəsulzadənin Azərbaycan Cümhuriyyəti adlı idealının bir gün azadlığa qovuşacağı əsərdə nikbinliklə qeyd edilir. Bu gün isə həmin nikbinlik, uzaqgörənlik həyata keçmiş bir gerçəklikdir.

M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda «İnqilabi sosializmin iflası və demokratiyanın gələcəyi», «Millət və bolşevizm» və «Qafqasiya türkləri» kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə «Azəri Türk» (1928-1931), sonrakı illərdə isə «Odlu yurd» (1929-1930) jurnalları və həftəlik «Bildiriş» (1929-1931) qəzeti də nəşr edildi. İstanbulda işıq üzü görən «Yeni Qafqasiya», «Azəri Türk», «Odlu yurd» jurnalları ədəbi-ictimai, elmi-siyasi və milliyyətçi məcmuələr idi.

1930-cu ildə Rəsulzadənin Parisdə fransız dilində «Azərbaycan istiqlaliyyəti» və rus dilində «Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm haqqında» kitabları çap olundu. 1931-ci ilin sonlarında Türkiyəni tərk edərək Almaniyaya gedən M.Ə.Rəsulzadə Berlində nəşr etdirdiyi «İstiqlal» (1932-1934) qəzetində ölməz ideyalarını davam etdirirdi. 1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində «Azərbaycan Respublikası haqqında bəzi qeydlər» əsəri nəşr olundu. 1934-cü ildən başlayaraq M.Ə.Rəsulzadə Berlində «Qurtuluş» (1934-1938) jurnalını nəşr edir.

1934-cü ildə Qafqaz Konfederasiyası aktını Azərbaycan adından M.Ə.Rə-sulzadə ilə Ə.Topçubaşov imzalamışdılar. Qeyd edək ki, bəzi mühacirlər bu iki görkəmli şəxsiyyət arasında narazılıq salmağa çalışsalar da, bunu nail ola bilməyiblər. Mühacirətdəki bütün fikir ayrılıqlarına son qoymaq üçün M.Ə.Rəsulzadə 1934-cü ildə «Şəfibəyçilik» kitabını yazıb. ««Şəfibəyçilik» yalnız bir şəxsə aid deyildir, bu, «milli Azərbaycan hərəkatına qarşı atılan şübhəli intriqalar»dır».

M.Ə.Rəsulzadənin fəaliyyəti, istiqlal mübarizəsi «Prometey» təşkilatı ilə sıx bağlı idi. «Prometey» təşkilatı Sovetlər Birliyindəki rus olmayan millətləri birləşdirirdi. Ə.Qaraca «Qafqaziya Federasiyonu Qafqaziya Cümhuriyətinin əmniyyət qalxanı ola bilərmi?» məqaləsində yazır ki, M.Ə.Rəsulzadənin yurd xaricində önəm verdiyi mühüm işlərdən biri «fikir və dava arkadaşları olan Krım, İdil, Ural, Şimali Qafqaz və Türküstan liderləriylə» bir araya gəlib kommunizmə qarşı aparılan milli mücadilədə «Türk birliyi»nə çalışması olmuşdu. ««Prometey» təşkilatında ilk vaxtlar aşağıdakı xalqları təmsil edən partiyalar toplaşmışdı: gürcü sosialistlər, azarbaycanlıların "Müsavat" Partiyası, Krım tatarlarının «Milli firqəsi», türküstanlıların «Milli Türküstan Birliyi» və müxtəlif Şimali Qafqaz və tatar qrupları. Erməni qrupları təşkilatda türk tatarlarının çoxluğunu görüb yaxın durmadılar. «Prometey» təşkilatının Parisdə ki, orqanı «Prometey» jurnalı çap olunurdu. Məmməd Əmin Rəsulzadə jurnalda yazılar, məqalələr dərc etdirirdi».

Rəsulzadənin 1936-cı ildə Berlində «Çağdaş Azərbaycan ədəbiyyatı» və Varşavada (polyak dilində) «Azərbaycan ədəbiyyatı» məqaləsi çap olunmuşdur. Onun 1938-ci ildə Berlində almanca «Azərbaycan poblemi» və 1939-cu ildə Varşavada polyakca «Azərbaycanın hürriyyət savaşı» kitabları nəşr olunur.

O, 1938-ci ildə Polşa hökumətində məsləhətçi işləmişdi. 1939-cu ildə sovet qoşunları Polşanı işğal etdikdə M.Ə.Rəsulzadə bu ölkəni tərk etmək məcburiyyətində qalır. O, əvvəlcə Fransaya gedir, almanların təzyiqinin burada da artdığını hiss etdikdə İsveçrəyə keçir. İsveçrədən sonra qısa müddət Londonda yaşayan Rəsulzadə 1940-cı ildə Rumıniyanın paytaxtı Buxarestə gedib, burada siyasi-ədəbi fəaliyyətinə davam edir.

1941-ci ildə M.Ə.Rəsulzadə Hitlerin «Şərq nazirliyi» tərəfindən Almaniyaya dəvət olunur. O zaman yaradılmış «Şərq nazirliyi» üç bölmədən ibarət idi və siyasi bölmədəki Qafqaz şöbəsinə professor Fon Mend başçılıq edirdi. Almanlar M.Ə.Rəsulzadə ilə hər vasitədə işbirliyinə çalışırdılar. Hitler 1941-ci il dekabrın 22-də rəsmən türküstanlı, gürcü və qafqaziyalı müsəlman legionlarının yaradılması əmrini vermişdi. «Qafqasiyalı müsəlman legionu sonradan azərbaycanlı və şimali qafqasiyalı legionu olmaq üzrə iki yerə ayrılmış, 1942-ci il baharın sonlarında Volqa tatarlarının regionu təşkil edilmişdi… Yaradılmış hərbi legionda azərbaycanlıların sayı 70 minə yaxın idi. Azərbaycan legionunda «Bozqurd», «Aslan» kimi batalyonlar var idi. Legionda «Azərbaycan»la yanaşı, «Hücum» adlı bir qəzet də çıxırdı. Məmməd Əmin Rəsulzadənin Azərbaycan legionunda hörməti çoxdu... Məmməd Əmin Rəsulzadə o zaman legionların təşkilindən sonra Berlindəki Milli Azərbaycan Komitəsində çalışırdı. Bu komitənin başlıca vəzifəsi milli Azərbaycan davasını alman hökumətinə qəbul etdirmək idi. Çünki Hitlerin Azərbaycan haqqındakı planını Məmməd Əmin Rəsulzadə qəbul etmirdi. Hitlerin planı belə idi ki, müharibədən sonra Bakı birbaşa Berlinə tabe olunacaq, Azərbaycan xanlıqlar dövründə olduğu kimi əyalətlərə bölünəcək, başda isə almanlar oturacaq. Məmməd Əmin Rəsulzadə Hitlerin bu fikri ilə razılaşmır, ona görə də ciddi mübarizə aparıb Azərbaycana müstəqil bir dövlət hüquqa qazandırmaq istəyirdi». O, Almaniyanı tərk etməyə məcbur olanda 1943-cü ilin sonları idi. Rəsulzadə Almaniyadan uzaqlaşdırılmasına baxmayaraq oradakı dostları ilə əlaqəsini kəsmir, fəaliyyətini davam etdirirdi: «1943-cü ildir. İkinci Cahan hərbi əsnasında Alman Xariciyyə Nazirliyindən qraf fon Şulenberqin dəvəti üzərinə Berlində idim. Milli Azərbaycan Komitəsi təşəkkül etmişdir; bu komitə Milli Azərbaycan davasının əsaslarını alman məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdir».

O, Rumıniyaya gələndən sonra da ictimai-siyasi fəaliyyətindən qalmadı. Rəsulzadə azərbaycanlı əsirlərin taleyi ilə maraqlanır, Berlindəki «Azərbayan» qəzeti ilə əlaqə saxlayırdı. Sovet qoşunlarının Rumıniyaya yaxınlaşması ilə əlaqədar olaraq Rəsulzadə Buxarestdəki Türkiyə səfirliyinin qonaq evindən çıxmağa məcbur olur. Türkiyə səfiri yaxın dostu Həmdulla Sübhi Tanrıövər bəy Ankaraya, o isə Vyanaya gedir. Bir müddət burada qaldıqdan sonra M.Ə.Rəsulzadə yenidən Almaniyaya köçür. Bu arada Rəsulzadə azərbaycanlı əsirləri xilas və onların Azərbaycana dönməməsini təmin etmək məqsədi ilə Azərbaycan Demokrat Birliyi adlı bir cəmiyyət qurur. Hətta cəmiyyət 1946-cı ildə Münhendə bununla bağlı azərbaycanlı əsirlərə rəsmi müraciət edir. Bu arada Rəsulzadənin başçılığı ilə Türkiyə-Azərbaycan cəmiyyəti də yaranır. «Məmməd Əmin Rəsulzadəyə 1947-ci ilin sonlarında Türkiyəyə-Ankaraya qayıtmasına icazə verildi. Bu razılığın da alınmasında dostu Həmdullah Sübhi Tanrıövərin böyük rolu oldu. Həmdullah bəy o zaman Türkiyə hökumətində hörmətli şəxslərdən sayılırdı».

Qeyd edək ki, Rəsulzadənin tez-tez yerini dəyişib, bir ölkədən başqa birisinə getməyə məcbur edən bir sıra amillər olub. Birincisi, dövrün mürəkkəbliyi, ziddiyyətliliyi onu bu addımı atmağa məcbur edirdi. Başqa tərəfdən, Rəsulzadənin üz tutduğu ölkələrin əksəriyyəti onu öz maraqları ilə uyğunlaşdırmağa çalışırdı. O, isə Azərbaycanın milli maraqlarını hər şeydən üstün tuturdu. Eyni zamanda İkinci Dünya müharibəsi zamanı tez-tez dəyişən hərbi-siyasi vəziyyət onu bu addımı atmağa məcbur edirdi.

1949-cu il fevralın 1-dən «Azərbaycan kültür dərnəyi» fəaliyyətə başladı. Rəsulzadə dərnəyin ömürlük fəxri sədri seçildi. Bu dövrdə onun «Çağdaş Azərbaycan tarixi», «Çağdaş Azərbaycan ədəbiyyatı» kitabları Türkiyədə yenidən nəşr olunmuşdur. Qeyd edək ki, bir sıra tarixi əsərlərində olduğu kimi «Çağdaş Azərbaycan tarixi» kitabını da Rəsulzadə çox uğurla işləmiş, məntiqi ardıcıllığı qorumaqla yanaşı tarixi hadisələri obyektiv şəkildə işıqlandırmış və bir tarixçi kimi də tanınmışdır. «Çağdaş Azərbaycan ədəbiyyatı» əsərində isə Rəsulzadə ötən əsrin 20-50-ci illərində Şimalı Azərbaycanda inkişaf edən sovet ədəbiyyatından, onun özündən əvvəlki ədəbiyyatla fərqli cəhətlərindən bəhs olunur.

O, 1951-ci ildə Ankarada «Azərbaycan şairi Nizami» adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına da bir çox yeniliklər gətirmiş oldu. İkinci Dünya müharibəsi zamanı qələmə aldığı bu əsəri ilə müəllif nizamişünaslığa olduqca dəyərli elmi bir töhfə vermişdir. Nizami Gəncəvini özünməxsus, təkrarolunmaz bir şəkildə tədqiq edən Rəsulzadənin böyük şair-filosofumuzla bağlı gəldiyi elmi nəticələr bu günün özündə də aktuallığını qoruyub saxlamışdır.

O, 1952-ci ildə Münhendə Ümumqafqaz Konfransının keçirilməsinə nail oldu. Konfransda çıxış edən Rəsulzadə təklif edirdi ki, «Qafqaz Mərkəzi» yaradılsın və Sovet imperiyasına qarşı mübarizə Birləşmiş Konfederativ Qafqasiya formuləsində davam etdirilsin. 1953-cü ildə isə o, hələ 1922-ci ildə yaradılmış Azərbaycan Milli Mərkəzini bərpa etdi. 1954-cü ildə İstanbulda nəşr olunan "Dünya" qəzeti böyük öndərin "Stalinlə ixtilal xatirələri" silsilə məqalələrini nəşr etdirmişdir. 1955-ci ilin martın 6-da böyük ideoloq, ictimai-siyasi xadim M.Ə.Rəsulzadə Ankara Universitetinin tibb fakültəsinin klinkasında şəkər xəstəliyindən vəfat etmişdir.

M.Ə.Rəsulzadə böyük bir ömür yolu keçmişdi. Gənclik dövründən yaşıdlarından fərqlənən və xalqını maariflənməyə səsləyən Rəsulzadənin hansısa siyasi təşkilatlarda fəaliyyət göstərməsindən asılı olmayaraq, əsas məqsədi Azərbaycanı azad və milli-demokratik bir ölkə kimi görmək olub. «Azərbaycan xalqının taleyinin bir parçası olan Rəsulzadənin mənalı həyatına, dolğun yaradıcılığına bu gün ani bir nəzər salmaqla biz Vətənə, müstəqil Azərbaycana sədaqət timsallı böyük bir şəxsiyyətin canlı obrazı ilə görüşürük. Sözsüz ki, bu sədaqət, bu sevgisi ilə o, Azərbaycan xalqının məhəbbətini qazanmış və qəlblərdə əbədi məskən salmışdır. Rəsulzadə prinsipə sədaqətin, məfkurəyə bağlılığın, səbr və fədakarlığın, əzm və qüdrətin timsalı idi. 20 yaşında «İnsanlara hürriyyət, millətlərə istiqlal» arzusu ilə siyasi həyata atılmış Rəsulzadə «İnsanlara hürriyyət, millətlərə istiqlal» fikri ilə də 72 yaşında həyatla vidalaşdı. Lakin ömrünün sonuna qədər bu inam onu tərk etmədi».

M.Ə.Rəsulzadə yaşının ilk dövrlərində axtarışda olub. Bu axtarış isə onun tutduğu yolu yalnız daha da gücləndirməli, əsaslandırmalı və dönməz etməli idi. Bu yolu isə çox keçməyib ki, M.Ə.Rəsulzadə məhz islamlaşmaq, türkləşmək və müasirləşmək düsturunda görüb. Azərbaycan Cümhuriyyətinin varlığı M.Ə.Rəsul-zadənin həyatının və yaradıcılığının ən parlaq nümunəsidir. 23 aydan sonra bu müstəqilliyə son qoyan Sovet Rusiyası 70 il bütün vasitələrdən-repressiyalardan, kütləvi qırğınlardan, mənəvi assimilyasiyalardan və s. istifadə etsə də, Cümhuriyyətin istiqlal odunu söndürə bilmədi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI