Ötən gecə ABŞ-da “Kainat gözəli-2014” müsabiqəsinin finalı keçirilib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, yarışmada kolumbiyalı qız Paulina Veqa “Kainat gözəli-2014” tacına layiq görülüb.
Kolumbiyalıdan başqa, finala çıxan ilk beşlikdə ABŞ, Hollandiya, Ukrayna və Yamayka nümayəndəsi də olub. Müsabiqədə ümumilikdə 87 qız iştirak edib. Yarış Mayamidə keçirilib.
Vitse-gözəl titulunu ABŞ-dan olan Nia Sançes və “Ukrayna gözəli” Diana Qarkuşa qazanıb.
Rusiyalı Yuliya Alipova 15 finalçı arasına düşə bilməyib.
22 yaşlı Pauina məşhur tenor Qaston Veqanın nəvəsidir. Onun 3 qardaşı və 4 bacısı var. “Kainat gözəli 2014” deyib ki, bu onun sonuncu gözəllik yarışmasıdır, çünki tezliklə təhsilə qayıtmaq niyyətindədir.
Qalib qiymətli tacla mükafatlandırılıb və Nyu-York şəhərində bir il pulsuz yaşamaq hüququ qazanıb. Çexiyanın Diamonds International Corporation şirkəti tərəfindən ağ qızıldan hazırlanmış tacın çəkisi 411 qram, dəyəri 300 min dollardır.
Modern.az