Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Pedaqogika üzrə fəlsəfə doktoru,
publisist, telejurnalist
Kərim çox istedadlı, bənzərsiz ifa tərzi ilə seçilən, yeniliklərlə diqqət çəkən dinamik bir müğənnidir. Mən onu çox bəyənirəm. Onun çox gözəl, şirin, zövq oxşayan səsi vardır. O, heç kimi əsla təkrarlamır. Musiqini duyaraq, mahnıları yaşayaraq oxuyur.Ən başlıcası isə Kərim canlı ifa nümayiş etdirə bilən müğənnidir. O, çox geniş səs imkanlarına malikdir. Onun böyük ürəyi var. Mən onun parlaq gələcəyinə inanır, ona uğurlar diləyirəm.
Zeynəb Xanlarova
SSRİ Xalq artisi, Dövlət mükafatları laureatı,
“Şöhrət” və “İstiqlal” ordenli, Milli Məclisin deputatı
Haqqında deyilən bu sözlər gənc, sevilən, çox populyarlıq qazanan, tamaşaçı və dinləyicilərin dərin sevgisini, hörmət və rəğbətini qazanan , mübariz müğənni Kərim Abasov haqqında deyilib. Şahidi olduğum bu sözləri Azərbaycan musiqi ifaçılığı sənəti məbədgahının mehrabı, dünya şöhrətli müğənni həmişəyaşar sənətkarımız Zeynəb Xanlarovadan eşitmək isə nə qədər xoşdur, deyilmi? Bu sözlərdən sonra Kərimin musiqili dünyasına bir daha baş vurmaq, onu oxucularla bölüşməyi qərara aldım.
Kərim Abasov kimdir? O, 35 il öncə Bakı şəhərində, zəhmətkeş, sadə bir ailədə dünyaya göz açıb. Qayğısız, xoşbəxt, yadda qalan uşaqlıq illərini yaşayıb. Ədəb-ərkan, əxlaq tərbiyəsi alıb.
Atası Fətulla kişi övladlarını hələ uşaqlıqdan düzgün istiqamətdə tərbiyələndirib, onları həyatda mətin, qürurlu olmağı, öz alın təri ilə zəhmət çəkərək uğur qazanmalarını, Vətəninə, xalqına, ailəsinə layiqli bir övlad olmalarını, heç kimə pislik etməməyi, ziyan verməməyi nəsihət edib. O, dönə -dönə sevimli xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin aşağıdakı misralarından xitab edib:
İnsanın şərəfi, bəzəyi məncə,
İnan, nə ipəkdir, nə tirmə, oğlum!
Yaxşıdan yaxşı ol ellər içində,
Dostuna bir ziyan yetirmə, oğlum!
Yersiz gülümsəmə, yersiz ağlama,
Bir könül də qırma, sinə dağlama.
Sirrini ellərdən gizli saxlama,
Dilinə yalan söz gətirmə oğlum!
Yel qanadlı illər ömürdən gedir,
İnsan zəhmətiylə kamala yetir.
Bağında nərgizlər, lalələr bitir,
Tikanlar, qanqallar bitirmə, oğlum!
Ürəyim arzuyla doludur, dolu,
Hünər meydanıdır bu həyat yolu.
Bilmədiyin işi gözüyumulu,
Söz verib öhdənə götürmə, oğlum!
Oxu öyüdümü sən sətir-sətir,
Dilindən məclisə səpilsin ətir.
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum!
Xatırlayıram. 90-cı illərin ortalarında balaca Kərimi tez-tez valideyinləri ilə birgə el şənliklərində, ad günlərində, ziyafətlərdə görürdüm. O, çox şirin, istiqanlı,mehriban, tərbiyəli bir uşaq idi. Musiqiyə böyük həvəsi hədsiz idi. O, bu şənliklərdə çox gözəl rəqs edər, bəzən də mahnılar ifa edərdi. Bu həvəs ona nəslin genindən gəlirdi. Nənəsi Şölə xanım, dayısı Əliağa və digər qohumları musiqiçi idilər. Odur ki,o, uşaqlıqdan musiqiyə meylliyi ilə seçilirdi. Məhz, bu həvəs onu Bakı şəhər Əhməd Cavad adına Mədəni-maarif texnikumunun “Xalq çalğı alətləri” fakültəsinə apardı. O, burada musiqinin incəliklərinə, muğama yiyələndi, notlarla davranmağı öyrəndi. Qarmon alətində gözəl ifa etməyə başladı. Lakin mahnı oxumaq müğənni olmaq istəyi həvəsi onu bir an belə bu fikirdən daşındırmadı. Lənkəranda hərbi xidmətdə olarkən, hərbi hissənin musiqi rotasında solist kimi çıxış etməyə başladı. Günlərin birində həmin musiqi kollektivinin konsertində iştirak edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran şəhər bölməsinin sədri Məmmədyar müəllim təsadüfən söhbət zamanı öyrənir ki, Kərim bu məqaləni yazan müəllifin- Qafar Əsgərzadənin qohumudur. Onun uğurlarını Məmmədyar müəllim mənə hər dəfə çatdıranda təbii ki, qohum kimi sevincimin həddi- hüdudu olmurdu, fərəhlənirdim.
Beləliklə, hərbi xidmətini başa vurub doğma Bakı şəhərinə qayıdan Kərimin müəyyən yerlərdə çalışmasına baxmayaraq, gecə-gündüz müğənni olmaq istəyi onu rahat buraxmırdı. Qarşısında qoyduğu məqsəd məhz bu idi. Onun bu istəyini görüb Kərimi xalq artistləri Ağaxan Abdullayev və Məmmədbağır Bağırzadənin yanına göndərdim. Onlar Kərimin ifasını dinləyib ona öz tövsiyələrini verdilər...
Sonralar xoş bir təsadüf-nənəsi Şölə xanımın yaxın qohumu, xalq artisti Nisə xanım Qasımova ilə görüş Kərimin həyatında mühüm rol oynadı. Demək olar ki, Nisə xanım Kərimin ilk sənət müəllimi oldu. Müğənnilik sənətini, xalq və bəstəkar mahnılarını ona aşıladı...
“Can Bakı” mahnısı və klipi ilə gündəmə, belə demək mümkünsə, böyük səhnəyə və efirə qədəm basdı. Ardınca “Sorma”, “Oyancağınam”, “Mənə bir az ondan danış”, “Sevəcəm”, “Ürəyim yanar”, “Öldürəcək bu yar məni”, “Sevgi himni”, “Yox, unutmadım” və s. klipləri işıq üzü gördü, sevildi.
Romantik şair Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə Hacı Xanməmmədovun bəstələdiyi mahnını Kərim Abasov tamam başqa bir tərzdə ifa edərək, ona tam yeni ruh, yeni nəfəs, çalarlar verdi. Mahnını yaşayaraq ifa etdi və sevdirdi. Kərim sanki özü şerdə cərəyan edən hadisələrin canlı iştirakçısı təsirini bağışladı. Bu mahnı ona çox uğur gətirdi.
Kərim özünü bir müğənni kimi təsdiq etdi. El şənlikləri, konsertlər, radio və televiziyalarda çıxışlar Kərimin gələcək həyatına işıq saçmağa başladı. Xalq və bəstəkar mahnılarını, aşıq havalarını təkrarsız ifası ilə özünü dinləyicilərə özünəməxsus tərzdə tanıda, sevdirməyə müvəffəq oldu. Uğur dalınca uğurlar gəldi.
Şou-biznes aləmində yeni, bacarıqlı, istedadlı bir simanın-müğənninin yer alması təbii ki, onun bədxahlarını sevindirə bilməzdi. Odur ki, ona qarşı haqsız söz-söhbətlər, qalmaqallar yaranmasına səbəb oldu. Ə lbəttə ki, bütün bunlar onun əsəb sisteminə, sağlamlığına müəyyən qədər öz mənfi təsirini göstərdi, ürək bulandırdı. Lakin, Kərim sınmadı, öz mətinliyi, dəyanəti, şücaəti, dözümlüyü və möhkəm səbri ilə bu haqsız təsirlərə, təzyiqlərə sinə gərdi, öz yerini bütövlükdə qorumağı bacardı. Bu təsirlər bəlkə də onu möhkəmləndirdi, sənətə daha da yaxınlaşdırdı. Var-qüvvəsini sənətə, musiqiyə sərf etdi. Yeni-yeni mahnılar ifa etməyə, kliplər çəkdirməyə başladı. Başqa sözlə, bütün bunlar bədxahlara tutarlı cavab oldu.
Sonralar tale onu Milli Məclisin deputatı, bəstəkar Novruz Aslanla, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, xalq artistləri Flora Kərimova, Alim Qasımovla rastlaşdırdı. Kərim onlarla çox məhsuldar iş birliyi yaratmağa müvəffəq oldu. Yeni mahnılar, yeni duetlərlə pərəstişkarlarını sevindirdi.
Kərimin türk, rus, fars dillərində oxuduğu manhılar orijinala çox yaxın olduğu üçün onları özününkü edir, hər zaman dinləyicinin zövqünü oxşaya bilir.
Kərim çox mütaliə etdiyi üçün, yüksək dünya görüşünə malik olduğu üçün, o, ətrafındakılarla çox asan ünsiyyət qurduğundan, yaxşı nitq qabiliyyətinə malik olduğundan onu “Lider” televiziyasına “Solo” verilişini aparmağa dəvət etdilər. 5 aydan artıq bir müddətdə çox yadda qalan, dinamik bir veriliş aparmağa müvəffəq oldu, daha çox sevildi. Ona bəslənən etimadı məharətlə doğrulda bildi. Bu onun yüksək səviyyədə televiziya aparıcısı olmasından xəbər verirdi.
Xalq və bəstəkar mahnıları ilə yanaşı, Kərim özünün bəstələdiyi mahnıları da sevərək, özünəməxsus tərzdə ifa edərək, pərəstişkarlarının sevgisini qazandı. Kərim çox gözəl rəqs etmək qabiliyyətinə də malikdir. Hər mahnıya uyğun tərzdə rəqs edir, tamaşaçıların zövqünü oxşayır. Həmyaşıdları içərisində səhnəyə dinamik rəqsi də məhz Kərim gətirib.
Kərim müasir dəblə ayaqlaşan, çox zövqlü, göz oxşayan geyimi ilə, bənzərsiz saç düzümü ilə də tamaşaçları heyrətləndirir. Səhnəyə yeni dəb gətirir. Bu da onu digərlərindən fərqləndirir.
Kərimi fərqləndirən daha bir qabiliyyət də diqqət çəkir. O, tanınmış sənət adamlarını çox dəqiqliklə parodiya edir. Bir sözlə, Kərim başdan – ayağa incəsənət adamıdır. Onun mayası məhz incəsənətlə, musiqi ilə yoğrulub.
Bütün bunlarla yanaşı, Kərim Abasov Vətənini, xalqını, millətini, el-obasını sevən Vətənpərvər bir oğuldur. Kərim Abasov daim dövlətə, dövlətçiliyə, iqtidara sadiqliyini nümayiş etdirir, bu sahədə bir vətəndaş kimi, həmçinin, sənətçi kimi var-qüvvəsi ilə fəallıq göstərir. Onun Respublika Prezidenti cənab İlham Əliyevə həsr olunmuş “El oğlu”, “ Salam, ey əziz Vətən” və s. mahnıları məhz Kərimin dönə -dönə müraciət etdiyi, sevərək ifa etdiyi mahnıları – sənət əsərləridir. O, həm də çox mehriban, qayğıkeş, səmimi ailə başçısı, həyat yoldaşı, oğul, qardaşdır. Ailəsini hədsiz məhəbbətlə çox sevir, xoşbəxt ailə həyatı yaşayır.
Kərim Abasov çox zəhmətkeş, məhsuldar sənətini sevən, biliyini daim artıran, ifa tərzinin yeni çalarlarını axtaran və tətbiq edən pərəstişkarlarını heyrətləndirməyə çalışan və buna nail olan bir müğənni – sənətçidir.
Onu tez-tez yeni rakursda efirlərdə, müxtəlif tədbirlərdə, konsertlərdə, el şənliklərində görür, radio dalğalarında səsini eşidirik.
Efirdə, səhnədə önəmli olan səs, gözəl sima, görünüş, səlis nitq qabiliyyəti, dəbli geyim, dinamik hərəkət, rəqs, performans, tamaşaçının zövqünü oxşamaq və onların diqqətini çəkmək, estetik mədəniyyət kimi keyfiyyətlərin hamısı Kərimdə cəmləşdiyindən, o, bu gün tələb olunan, sevilən, populyarlıq qazanan bir sənətçidir.
Kərim çox həssas qəlbli, kövrək, həyatsevər, təvazökardır. Daim xeyirxahlıq, yaxşılıq etməyə can atır. Zahirən özündən razı təsiri bağışlasa da, əslində o, çox sadə, səmimi, əliaçıq, mehriban, zarafatcıl, istiqanlı, diqqətcil, ünsiyyətcil, mərd,səxavətli bir insandır. O, hər zaman böyük – kiçik yerini biləndir. Heç vaxt kimsənin qəlbini qırmaz, könül sındırmaz, əksinə, xoş sözlərlə onların ürəyini oxşayar. Onun ən müsbət keyfiyyətlərindən biri də yaxınları, dostları üçün canını fəda edə bilməsidir. Kərim heç bir zaman kiminsə arxasınca danışmaz. Sözü həmişə çəkinmədən üzə deyər. Haqsız olduğu zaman isə üzr istəməyi bacarmaq kimi böyük ürəyə malikdir.
Kərimin leksikonunda “pislik” ,”kin-küdurət”, “paxıllıq” , “ayaq çəkmək” və s.kimi mənfi sözlər, əməllər yoxdur.
Kərim həm də iman əhli, ibadət əhlidir. Namaz qılır, oruc tutur, dualar edir. 2014-cü ildə taleyin qisməti ilə Məşhəd ziyarətinə gedib Məşədi olub. Kərbala Nəcəfdəki müqəddəs Ziyarətgahlara getməyi də nəzərdə tutub. Ən böyük arzusu isə Həcc ziyarətində olmaqdır.
Bu yerdə Kərim Abasova səslənirəm: “Səsin-sorağın daim efirlərdən, konsertlərdən gəlsin.” Bu sənətini sevən azərbaycanlı sənətçiyə - müğənniyə yeni-yeni sənət uğurları, yeniliklər, ailə səadəti, xoşbəxtlik diləyirəm.
Bu çətin, lakin son dərəcə şərəfli, parlaq yolda ona ilk olaraq dözüm və dinamik fəaliyyət arzulayıram. Allah Kərimdir. Şair isə gözəl deyib:
Oxu Kərim, oxu Kərim,
Qoy səsin,
Ürəklərdə kaman kimi
titrəsin.