Modern.az

Rusiyanın yeraltı sərvətləri 30 trilyon dollardır - MARAQLI

Rusiyanın yeraltı sərvətləri 30 trilyon dollardır - MARAQLI

Dünya

26 Yanvar 2015, 17:06



Rusiyanın hazırda mövcudluğu sübut olunan yeraltı sərvətlərinin ümumi dəyəri 30 trilyon dollardır. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu rəqəm ölkənin illik büdcəsinin 130 qatıdır.

Şimal qonşumuz neft, qaz, qiymətli metal, daş kömür, nadir metal, dəmir filizi və s. ehtiyatına görə dünyada ilk yerlərdən birini tutur.

Rusiyanın sübut olunmuş neft ehtiyatları 12,5 milyard ton təşkil edir. Rusiya təbii sərvətlər naziri Sergey Donskoyun sözlərinə görə, təkcə bu ehtiyatlar qarşıdakı 30 il boyunca hər il 600 milyon ton karbohidrogen istehsal etməyə imkan verir.

Bundan başqa, Rusiya hər il 650 milyard kubmetr qaz hasil edir. Ölkənin 10-dan artıq qaz yatağı “unikal” hesab olunur. Çünki bu yataqların hər birində qaz ehtiyatı 1 trilyon kubmetrdən artıqdır.

Rusiya sübut olunmuş daş kömür ehtiyatlarının həcminə görə dünyada 3-cü yeri tutur. 182 milyard ton daş kömür ehtiyatı olan Rusiya yalnız ABŞ (445 milyard ton) və Çindən (272 milyard ton) geri qalır. Buna baxmayaraq, dünya kömür ehtiyatının 30 faizini öz ərazisində cəmləşdirən şimal qonşumuz ən böyük yataqları Tunqus və Lensk yataqlarını şimal soyuqlarına və istehsalın bahalığına görə tam həcmdə istismar edə bilmir.

Rusiyada hər il 300 milyon ton daş kömür çıxardılır. Bu göstərici növbəti illərdə dəyişməz qalarsa, ölkənin daş kömür ehtiyatları daha 400 il daxili tələbatı ödəyə biləcək.

Rusiya zəngin əlvan və nadir metal ehtiyatına da malikdir. Məsələn. ölkənin qızıl ehtiyatları 150 min ton qiymətləndirir. Dünya qızıl hasilatının 6-7 faizini ödəyən Rusiya ən böyük 5-ci qızıl ixracatçısıdır.

Platin qrupuna daxil olan metalların hasilatında isə Rusiya dünya ikincisidir. Uralda, Şərqi Sibirdə və Kol yarımadasında yerləşən nəhəng almaz yataqları Rusiyaya hər il böyük gəlir gətirir. Rəsmi Moskva hər il dünya almazına olan tələbatın 20-25 faizini qarşılayır. Bu göstərici yalnız Cənubi Afrika Respublikasından geri qalır.

Rusiyanın ümumi almaz ehtiyatları 200 milyon karat həcmində dəyərləndirilir.

Lakin ekspertlər Rusiyada yeraltı sərvətlərin əksəriyyətinin SSRİ dövründə aşkar olunduğunu və son 20 ildə əhəmiyyətli yatağın kəşf olunmadığını bildirirlər. Onların fikrincə, qısa və orta perspektivdə bu Rusiya iqtisadiyyatı üçün problem yaratmasa da uzaq perspektivdə heç də müsbət sonluq vəd etmir. 

Vüqar İsmayılov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi