Modern.az

Azər Sarıyev: Mahir Qabiloğludan bədbinlik romanı

Azər Sarıyev: Mahir Qabiloğludan bədbinlik romanı

26 Yanvar 2015, 23:43

Azər Sarıyev

Bəri başdan qeyd edim ki, ədəbiyyatçı deyiləm və bu yazı da ədəbi tənqid materialı hesab oluna bilməz. Sadəcə, bir oxucunun mütaliə etdiyi roman barədə qənaətləridir. Onu da nəzərə çatdırım ki, qeydlər çox ümumi olacaq, çünki detallara varmaqla haqqında danşacağım romanın müəllifini bu kitabı oxumayanlara nişan vermək istəmirəm. Və qənaətlərimi bölüşürəm. Mahir Qabiloğlunun bu romanında hadisələr bütün yaradıcılığı ilə qan çanağı olan, dünyasını dəyişmiş Qanlıgün (“adı üzərində” beləsinə deyirlər) adlı jurnalistin o biri dünyada Münkir və Nəkir (İnkirlə Münkir) arasında təbiri caizsə, “razborka”sı üzərindən cərəyan edir. “Razborka” əsnasında jurnalist hər iki dünya, müxtəlif zamanlar arasında var-gəl edərək ölümünün səbəblərini açıqlayır. Qaragün Qanlıgünün rəvayətlərində zaman və məkan sərhədlərinin itməsi, fikirlərin və sözlərin çoxluğun qəbul etdiyi əndazələrdən kənara çıxması, bir sözlə, müəllif tərəfindən idarə olunan nizamsızlıq bədii mətndə postmodernist estetikanın elementlərindən istifadə edildiyini göstərir. Amma roman məzmun etibarilə daha çox ekzistensialist əsər təsiri bağışlayır.

Şair Qabilin oğlu Jan Pol Sartrın “Varlıq və heç nə” əsərindən, Alber Kamyunun “Sizif əfsanəsi”ndən gələn mülahizələri bədii planda davam etdirir. Əsərdə qeyd etdiyimiz cərəyanın elementləri alt qatdadır. Bu roman müəllifin, SOL gözlə baxanda, siniflərarası münasibətlər kontekstində dərin mənəvi-əxlaqi böhran keçirən kapitalist cəmiyyətlərə üsyanıdır. Əsərdə faydalı mütərəqqi ideyaların puçluğu, ictimai fəaliyyətin, xoş niyyətli əməllərin mənasızlığı, həyatın, yaşamın ABSURD olduğu təlqin edilir. Ümumən pessimist əhval-ruhiyyə aşılayan yazar demək istəyir ki, əməlisaleh bəndələrin hədəflədiyi Cənnət onlar üçün əslində illüziyadır. “Cənnət” adlı illüziyanın əsirinə çevrilmiş insan bu dünyadakı kimi, o biri dünyada da əzab çəkməyə məhkumdur. Adəm övladı bu illüziyalara ümid bağladıqca, dəstəklədikcə, onun əsirinə çevriləcək, nə bu, nə də o biri dünyada əsl həzzin nə olduğunu biləcək. Yəni lap Kamyunun “Sizif əfsanəsi” fəlsəfi essesindən çıxan nətcə kimi. İnsanın bütün ömrü boyu gündəlik iş-gücə, mübarizələrə, savab qazanmağa yönəlik fəaliyyəti, əslində səmərəsiz məşğuliyyətdir. Çünki dinlərin vəd etdiyi Cənnətin qapıları qeyd edilən kateqoriyadan olan insanlar - əməlisalehlər üçün bağlıdır. Ona görə yox ki, onlar savab işlərini ürəkdən görmürlər. Ona görə ki, bir dəfə günaha bataraq Cənnətdən qovulan insan, təkcə fani dünyada deyil, haqq dünyasında da etdiklərinin bədəlini ödəyir. Olimp tanrılarını aldadan Sizif kimi əbədi əzaba məhkumdur. O da Allaha verdyi vədi tutmayaraq bu dünyaya qovulub və bağlanıb EŞQin qapısı üzünə.

Bütün bunları qəhrəmanlarının başına gələn hadisələrlə oxucuya çatdıran və beləliklə, Sartr və Kamyu ilə həmrəylik nümayiş etdirən Mahirin əlavəsi ondan ibarətdir ki, əksinə daha ayıq insanlar, bu dünyada niyə mövcud olmasının səbəbini ANLAMASALAR da BİLƏNLƏR hər iki dünyanın keyfini çıxara bilirlər. Bu dünyada bütün qapıları açarsız aça bilənlər, o biri dünyada Cənnətin qapısını təpiklə açırlar. Əməlisaleh məzlumları isə o biri dünyada da əzab gözləyir. “Kasıbın ağılı olsaydı, niyə kasıb olurdu?” zərb-məsəlinin əsas xətt kimi keçən əsərdə, fəqirin məzlum günə düşməsinin əsas səbəbi kimi özünün düşüncəsiz, nəticəsini hesablamadan etdiyi “xeyirxahlıq”lar göstərilir.

“Xeyirxahlıq” bilib etdiyimiz, etməzdən əvvəl nəticəsini dərindən hesablamadığımız əməllər başqasının faciəsinə də səbəb ola bilir. Ağıllı varlı isə ona görə varlıdır ki, gördüyü işin, fərqi yoxdur, günah, ya savab, nəticəsini HESABlayır. Yəni kasıbın Cənnətə düşməməsinin səbəbi həm də (haqq) hesabdan zəif olmasıdır. Ona görə də haqq-hesab günündə İnkirlə Münkir arasında boynubükük qalır. Bu da Mahirin və taleyin kasıba, ədalət aşiqinə ironiyasıdır.

P.S. Bu romanda hər bir kəs özünü görə bilir.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI