Modern.az

Mahirin toyu

Mahirin toyu

26 Yanvar 2015, 23:58

1988-ci il idi. Məni evləndirməyə hazırlaşırdılar. 21 yaşlı gəncin başını  aldadıb, ayaqlarını  “zəncirləmək” çox da çətin deyildi.

O vaxt indiki adət-qanunlar da yox idi.  ZAQS toya gəlib kəbin kəsmirdi, balaca mələklər ətrafında rəqs etmirdi, fişəng atılmırdı və sairə, ilaxır. Həmin vaxt yeni dəb meydana gəlmişdi.  İndi çox gülməli görünsə də, toyu videoya çəkdirmək. Bahalı şey idi. Əsasən yəhudi əsilli bakılılar məşğul olurdu bu işlə. Qiyməti də çox baha idi. İki saatı 300 rubl, üç saatı 500 rubl. Nəzərə alsaq ki, “Moskva” mehmanxanasının restoran zalında çalınacaq toyun bir yerinin qiyməti  25 rubl idi. İndi fərqi özünüz hesablayın da...

Mən də indiki yeni evlənənlər kimi ayağımı bir başmağa dirədim ki, bəs toy videoya çəkilməlidir. Vəssalam.  Atam isə qiymətdən hürkərək və bəlkə də bu yeni texnologiyanın  nə olmasını anlamadığına görə razılaşmırdı ki, razılaşmırdı. Amma  sonda mən deyən oldu. Toyun iki saatının çəkilməsinə atam razılıq verdi, yəni ki, pul buraxdı. Amma deyinə-deyinə. “Nahaqq sənin sözünə qulaq asdım” deyə-deyə.

Xülasə toy oldu, qurtardı.  Kasseti gətirib verdilər bizə. Videomaqnitofon isə yox. Onun da qiyməti o vaxt qəttəzə “Jiquli”nin qiymətinə idi. Qonşumuz Bayram əmigildə vardı. Birinci orda baxdıq. Bir-iki dəfə də qohumlar aparıb baxdılar. Sonra kasset getdi girdi ailə arxivinə.


Üstündən illər keçdi. Video, kasset, maqnitofon deyilən şeylər adiləşdi, ucuzlaşdı. Günlərin bir günü uşaqların hansınınsa ad günündə atam dedi ki, gəl gedək univermaqdan videomaqnitofon alaq. Bəs axşam sizə gələndə toyunuzun kassetinə də baxarıq. Dediyi kimi də elədim.

Axşam süfrə yığışılandan sonra oturdu televizorun qabağında əvvəldən-axıra toya tamaşa etdi. Hər dəfə də baxıb qurtarandan sonra  “uşaq deyirdi qulaq asmırdım, amma yaxşı ki, çəkdirdik” deməklə kinoseansı başa vururdu.

Hər il demək olar ki, bir dəfə  toyumuzun seansı olurdu. Artıq toyun hər sözünü əzbər bilirdim. Atam da hər dəfə diqqətlə, sanki birinci dəfə baxırmış kimi toya əvvəldən-axıra tamaşa edirdi.

Bir dəfə nəsə kasseti tez qabağa fırlatmaq istədim. Üstümə qışqırdı. Əvvəlki vəziyyətinə qaytartdı.

- Ay papa, o vaxt mən deyəndə heç razılaşmırdın. İndi isə özün baxmaqdan doymursan.

- Yox, yaxşı şeymiş bu kasset. Gör,  toydan on il keçib. Hər il baxanda sayıb görürəm ki, orda iştirak edənlərdən neçəsi ölüb gedib. Mən isə sağ qalmışam. Təsəlli tapıram ki, hələ də sağam. Sən düz deyirmişsən, toyu kassetə çəkdirmək yaxşı şeymiş. Adama böyük ürək-dirəkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI