Modern.az

Siyavuş Novruzovdan YAP-çı deputatları narahat edəcək AÇIQLAMA: “YAP-ın namizədləri arasında dəyişikliklər olacaq”

Siyavuş Novruzovdan YAP-çı deputatları narahat edəcək AÇIQLAMA: “YAP-ın namizədləri arasında dəyişikliklər olacaq”

27 Yanvar 2015, 11:49

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov 2015-ci ildə keçiriləcək parlament seçkilərində YAP-ın namizədlərinin tərkibində dəyişikliklər olacağını bəyan edib.

Modern.az saytı xəbər verir ki, S.Novruzov Trend-ə müsahibəsində bu haqda danışıb. O, deyib:

“Hesab edirəm ki, parlament seçkilərində dəyişikliklər olacaq. Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək”.
“Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının üzvlərinə sərbəstlik verilə bilərmi” sualına S.Novruzov “bunu düşünmürəm”-deyə cavab verib.

“Əlbəttə, seçmək və seçilmək hüququ hər bir vətəndaşın konstitusion hüququdur. Həm Konstitusiyada, həm də Seçki Məcəlləsində normalar mövcuddur ki, yaşı 25-dən yuxarı olan istənilən Azərbaycan vətəndaşı bu normalara uyğun öz namizədliyin irəli sürə bilər və seçilə bilər. Lakin burada bir partiya prinsipi də var. Partiyanın siyasi xətti var və partiya siyasi xəttinə uyğun şəkildə də namizədlərini müəyyənləşdirir və irəli sürür. Əgər kimsə bu xətti istəmirsə, öz hüquqlarını bu siyasi xətt ilə üst-üstə salmırsa, onda o, partiyadan hər hansı bir dəstəyə, köməyə arxalana bilməz. O, artıq fərdi qaydada, bir vətəndaş kimi öz namizədliyini irəli sürə bilər. Yəni həmin şəxs Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə gedə bilməz, çünki partiyanın siyasi xəttinə uyğun olan namizədləri var, onların namizədliyini irəli sürür və onlara imzatoplama, təbliğat-təşviqat kampaniyasında və digər məsələlərdə dəstək göstərir”.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza