Modern.az

Alman ekspert Merkelin Qarabağla bağlı bəyanatındakı təzadları AÇIQLADI

Alman ekspert Merkelin Qarabağla bağlı bəyanatındakı təzadları AÇIQLADI

27 Yanvar 2015, 15:15

“Rusiya Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həlli istiqamətində əhəmiyyətli vasitəçi rolunu oynayır”. Modern.az xarici  KİV-ə istinadən xəbər verir ki, bunu alman politoloq Xayko Lanqner Almaniya kansleri Angela Merkelin Qarabağ probleminə görə Rusiyanı ittiham etməsinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə Rusiya və Ermənistan münaqişədə bəzi addımları birgə atır. Xayko Lanqner bildirib ki, Angela Merkelin Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti haqqındakı bəyanatı təəccüblüdür.  

“Çünki Avropa Birliyi indiyə qədər Azərbaycan torpaqlarının hərbi işğalı ilə əlaqədar Ermənistana qarşı sanksiya tətbiq etməyi lazım bilməyib. Almaniya kansleri Angela Merkelin hal-hazırda Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın rolu haqqında danışaraq Moskva barəsində Avropa Birliyinin Ukrayna münaqişəsinə görə həyata keçirdiyi sanksiya siyasətinin vahid yanaşmasını vurğulaması anlaşılmazdır”,-deyə ekspert qeyd edib.  

Alman analitikin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Angela Merkelin bəyanatı ehtimal olunan reallığa uyğun olsa da, bunu konstruktiv hesab etmək olmaz.

“Federal hökumət həmişə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın vasitəçiliyini dəstəkləyəcək. Münaqişənin həlli onsuz da kifayət qədər ağırdır. Bu baxımdan Minsk qrupu üzvlərinin vahid mövqeyə tərəfdar olmaları əhəmiyyətlidir. Almaniya Krımın Rusiya tərəfindən işğalını birmənalı şəkildə tənqid etdi və Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniya son dərəcə ehtiyatlı mövqe ifadə edir. Ermənistanın işğalçı siyasəti 20 ildən çoxdur ki, Azərbaycanın ərazi bütövlüyün pozur, bu aydın göstərilməlidir”.  

Qeyd edək ki, yanvarın 21-də Almaniya kansleri Angela Merkellə Azərbaycan prezidenti İlham Əliyevin Berlində birgə mətbuat konfransı olub. Almaniya kansleri Qarabağ probleminin həll olunmamasına görə Rusiyanı ittiham edib.

 

Aqşin Kərimov      


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza