Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Modern.az saytı AzTV-yə istinadən bildirir ki, dövlət başçısı konfransda çıxış edib. Prezident İlham Əliyev deyib ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının qəbulundan 1 il keçir. Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq Azərbaycanda sabitliyin və inkişafın hökm sürdüyünü deyən dövlət başçısı bu amilin əsasında iqtidarla xalq arasında olan birliyin dayandığını diqqətə çatdırıb. Prezident əmin olduğunu bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramı da uğurla icra olunacaq və nəticədə əvvəllər olduğu kimi, bütün ölkə üzrə investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstəyin, quruculuq-abadlıq işlərinin davam etdirilməsi və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq.
Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqlarının olduğunu deyən İlham Əliyev bunu statistik rəqəmlərlə əsaslandırıb. O, deyib ki, son 11 ildə ölkədə 1 milyon 360 min yeni iş yeri açılıb, onlardan 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsindədir. Bununla yanaşı, dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin reytinq göstəricilərini artırıb, Davos İqtisadi Forumu Azərbaycanı inkişaf göstəricilərinə görə, dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Dövlət başçısı onu da vurğulayıb ki, hazırda dünyanın inkişaf etmiş ölkələrinin belə xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan bütün uğurlara öz imkanları hesabına, təkbaşına çatıb.
Prezident İlham Əliyev Azərbaycandan fərqli olaraq Ermənistanın aciz duruma düşdüyünü vurğulayıb. Deyib ki, kriminal rejimin rəhbərlik etdiyi bu ölkə öz çirkin və işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə onun müstəmləkə durumu daha da dərinləşəcək.
Azərbaycanda sosial sahənin də inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, indi ölkədə orta aylıq əmək haqqı 565 dollar, orta pensiya 221 dollardır. Bu illərdə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub. Regionlarda 41 olimpiya-idman, o cümlədən 30 gənclər mərkəzi yaradılıb. Son 11 ildə məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib.
Tarixi, mədəni və dini abidələrin bərpa olunduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, hər bir gənc milli ruhda tərbiyə almalıdır.
Bu illər ərzində paytaxtda və bölgələrdə böyük infrastruktur layihələrinin həyata keçirildiyini deyən dövlət başçısı bildirib ki, son 11 ildə ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb. İndi bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min kilometr yol çəkilib, 340 körpü-tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla 6 aeraport inşa olunub. Son illərdə ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib. Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi nəhəng enerji və nəqliyyat layihələrinin ölkəmizin gücünü daha da artırdığını bildirib.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov son bir il ərzində görülən işlər barədə məruzə ediblər.
Yekun çıxışında Prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makro-iqtisadi sabitliyin qorunub saxlanmasının zəruri olduğunu diqqətə çatdırıb. Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını deyən dövlət başçısı görülən işlər zamanı israfçılığa yol verilməməsinin vacibliyini vurğulayıb, investisiya proqramına ancaq prioritet məsələlərin salındığını qeyd edib. Dövlət başçısı bu il məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının tikintisinin, zəruri infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcəyini diqqətə çatdırıb. Bununla yanaşı, Prezident İlham Əliyev vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dətəyin göstərilməsi də prioritet sahələr sırasındadır. Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal olunan məhsulların xaricə çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, həmçinin, istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarını verib.
İlham Əliyev ekoloji vəziyyət və turizmin inkişafından danışdı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə əldə olunan uğurları qeyd edib, vətəndaş-məmur münasibətləri məsələsində də Azərbaycanın nümunəvi ölkə olmasının vacibliyinə diqqət çəkib. Sonda Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Modern.az