Modern.az

Bir nəslin tarixçəsi: Misri qılınc, gizli məktub...

Bir nəslin tarixçəsi: Misri qılınc, gizli məktub...

27 Yanvar 2015, 22:02

Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı

Hər bir insan get-gəlli dünyada  qismətinə düşən ömür payını yaşayır. El içindən çıxıb, el üçün çalışan əməli-saleh insanlar haqq dünyasına köç etsələr belə, xeyirxah işlərin, savab əməllərinin timsalında ikinci mənəvi  həyatlarını yaşayır  və heç zaman unudulmurlar. Bu baxımdan ərəb aləmində millətinə xeyir verən, gördükləri mühüm işlərlərlə tarixin, xalqın yaddaşında silinməz izlər qoyan, maarif, mədəniyyət, təhsil və elm sahəsində  əvəzsiz xidmətlər göstərmiş çox sayda tanınmış şəxsiyyətlər vardır. Adlı-sanlı, nüfuzlu nəsillərin yetişdirdiyi  məşhur insanlar din, vətən, millət, müqəddəs amallar uğrunda əzmlə mücadilə  apardıqları üçün xalq tərəfindən böyük hörmət, ehtiramla yad olunurlar. Ərəb dünyasına dahi şəxsiyyətlər bəxş etmiş əsilzadə nəsillərdən biri də məşhur Teymurlar nəslidir.

Tarixə və Şərq ədəbiyyatına öz möhürünü vurmuş Teymurlar nəsli 

Teymurlar Qahirənin qədim əsilzadə nəsillərindən biridir. Soy-kökləri İraqdan olan Teymurlar nəsli  ərəb ədəbiyyatına və elminə məşhur insanlar, görkəmli dühalar bəxş edib. Tarixi mənbələrə görə, Teymurlar nəslinin Misirdəki şəcərəsi  qorxmaz  sərkərdə, ordu başçısı Məhəmməd əl-Kəşif Teymurla başlayır.

"Misri qılınc" ləqəbli Məhəmməd əl-Kəşif Teymur


İraqda doğulub-böyüyən və erkən yaşlarından doğma vətənini tərk edən Məhəmməd  əl-Kəşif  Osmanlı ordusu sıralarına qatılıb, uzunmüddətli səfərlərdə olub, Afrika və Şərq  ölkələrində tarixi savaşlarda iştirak edib. Məhəmməd əl-Kəşif  Misir və Sudan Valisi Məhəmməd  Əli Paşanın ən yaxın dostu, etibar etdiyi silahdaşlarından biri olub və 1801-ci ildən ordu rəhbərliyində, divanda ali mənsəblərdə çalışıb. "Misri qılınc" ləqəbli Məhəmməd əl-Kəşif dövlətin möhkəmlənməsində, hərbi cəhətdən müdaifəsində və ordu quruculuğunda  fövqəladə işlər görüb. 1837-ci ildə Şərq vilayətlərinin baş valisi təyin olunan Məhəmməd əl-Kəşif bir çox nəcib keyfiyyətləri: verdiyi vədə, dediyi sözə əməl etməsi, insanlara qarşı sadiqliyi, dürüstlüyü ilə xalq arasında hörmət qazanmışdı.

Məhəmməd əl-Kəşif  1848-ci ildə ürək tutmasından vəfat edib və Qahirədə "İmam Şafie" türbəsinin yaxınlığında dəfn olunub.  


Xədiv ordusunun  cəsur sərkərdəsi  Məhəmməd əl-Kəşifin döyüşlərdə istifadə etdiyi xalis qızıldan düzəldilən, qəbzəsi qədimi almaz qaşlarla bəzədilən xəncər və qılıncı  Qahirədəki  İslam İncəsənət Muzeyində sərgilənir.

Firəng məclisinin sədri... Qəzəl aşiq İsmayıl Teymur

Zəmanəsinin məşhur şəxsiyyətlərindən biri olan İsmayıl Məhəmməd Teymur 1814-cü ildə Qahirədə anadan olub. O, saray tərbiyəsi görüb, tanınmış alim və ustadlardan dərslər alıb. Kiçik yaşlarından iti hafizəsi və yüksək qavrama qabiliyyəti ilə həmyaşıdlarından fərqlənən İsmayılın təlim-tərbiyəsinə atası Məhəmməd əl-Kəşif  şəxsən özü nəzarət edib. İsmayıl Teymur  hələ gənc ikən fitri istedadı, natiqlik məharəti, hazırcavablığı, dünyagörüşü, bir neçə dildə sərbəst danışması ilə Məhəmməd Əli Paşanın diqqətini cəlb edib və Misir Valisinin xarici əlaqələr üzrə şəxsi katibi təyin olunub.

Yüksək çinli dövlət məmuru olan İsmayıl Teymur  Xədivlərin sarayında idarə işlərində, valiliklərdə müxtəlif ali mənsəblərdə çalışıb. 1857-ci ildə Misir Valisi əl-Xədəvi Səidin divanında "Firəng məclisi"nin rəisi vəzifəsinə təyin olunan  İsmayıl Teymur mütərəqqi fikirli, demokratik ruhlu, ziyalı şəxsiyyət idi. O, Misir dövlətinin Şərq və Avropa ölkələri ilə diplomatik əlaqələrinin qurulmasında mühüm rol oynayıb. Klassik ərəb və fars ədəbiyyatının vurğunu, qəzəl aşiqi olan İsmayıl Teymur  Xədiv sarayında təşkil olunan ədəbi məclislər, şeir gecələrində yaxından iştirak edir, özü də ara-sıra qəzəllər yazırdı.

Elm fədaisi Əhməd Teymur


Ərəb dünyasında Əhməd Teymur qədər elmi, kitabları sevən və bu yolda ömrünü fəda edən, misilsiz xidmətlər göstərən ikinci bir şəxsiyyət yoxdur. Mütəfəkkir alim, ədib, çoxsaylı əsərlər müəllifi, filoloq, tarixçi  Əhməd  Teymur  Şərq tarixinə, elminə, ədəbiyyatına elə böyük töhfələr verib ki, onun zəngin irsi, topladığı mədəniyyət xəzinəsi dünya durduqca  əsrlərə yol yoldaşı olacaq. 

Əhməd Teymur 1871-ci ildə Qahirədə, İsmayıl Teymurun ailəsində dünyaya gəlib. Üç aylığında ikən atasını itirən Əhməd bacısı, Teymurlar nəslinin və Şərq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Ayişə Teymurun  himayəsində böyüyüb.  İlkin ibtidai təhsilə mədrəsədə yiyələnsə də, lakin bir müddət sonra bacısı Ayişənin məsləhəti ilə "Marsel" adlı fransız liseyinə daxil olub. Hər həftə liseyə gələn Ayişə qardaşının təlim-tərbiyəsi ilə yaxından maraqlanır, köməyini əsirgəmirdi. Təhsil illərində həmyaşıdlarından fərqli olaraq, vaxtının çox hissəsini kitab oxumaqla keçirən Əhməd Teymur dövrünün məşhur alim və ziyalılarından özəl dərslər alıb. O, ərəb dilinin qrammatikasını  Məhəmməd əl-Şenqeyti, Qurani-Kərimi  "əl-Əzhar" Universitetinin filosofu Şeyx Həsən əl-Tavil, klassik ərəb ədəbiyyatını üləma Tahir əl-Cəzayiri, fars və türk dillərini Həsən Əbdülvahab kimi dahi alimlərdən öyrənib.

Fransız, fars və türk dillərinə dərindən yiyələnən Əhməd Teymur folklorşünaslıq, klassik ərəb dili və ədəbiyyatı üzrə dəyərli tədqiqatlar apararaq bir çox əsərlər yazıb. Onun qələmə aldığı elmi, ədəbi, tarixi yazıları, bədii-publisistik məqalələri mütəmadi olaraq dövri mətbuatda dərc olunurdu.  Dəfələrlə Avropa, Şərq  ölkələrində səfərlərdə, səyahətlərdə olmuş Əhməd Teymur  əcnəbi alim və ziyalılarla əməkdaşlıq edir, maraqlı fikir mübadiləsi aparıb.

Görkəmli alim  dostluğa böyük dəyər verdiyi  üçün, evi  hər zaman qonaq-qaralı olurdu. Dövrünün elm və fəzilət üləmaları tez-tez onun evində toplanır, elmi-ədəbi söhbətlər edərdilər. Mahmud Sami əl-Barudi, İsmail Sabri, Şeyx Əhməd  Zərkani,  Şeyx Həsən Mansur, Məhəmməd Abduh və bir çox dahi alimlər bu məclislərin daimi iştirakçısı idilər. Əhməd Teymur həftə sonu evində "Söz-sənət məclisi" təşkil edirdi. Onun düzənlədiyi məclislərdə fəlsəfi söhbətlər, şair deyişmələri ilə yanaşı, musiqili səhnəciklərə də geniş yer verilirdi.

Dəməşq və Qahirə Elmlər Akademiyası, "Maddi-mədəni irsin qorunması üzrə Misir milli komissiyası", Misir Milli Kitabxanasının fəxri üzvü olan Əhməd Teymur 1919-cu ildə Misir dövlətinin ən ali titulu "Paşa" rütbəsi ilə mükafatlandırılıb və 1924-1930-cu illərdə "Məclis əl-Şyux əl-Masri" adlı Misir Milli Məclisinə deputat  seçilib.

Nakam ailə həyatı     

Böyük dilçi alim, məşhur  filoloq, klassik ərəb ədəbiyyatının və folklorunun dərin bilicisi olan Əhməd Teymur 1889-cu ildə Xədicə adlı zadəgan qızı ilə ailə həyatı qurub. Onların bu evlilikdən İsmayıl, Məhəmməd və Mahmud adlı oğlanları dünyaya gəlib.


Lakin 1899-cu ildə həyat yoldaşının vaxtsız vəfatından sonra bir daha evlənməyən Əhməd Teymur  ömrünü  övladlarına və elmi-ədəbi yaradıcılığa həsr edib. O, oğlanlarının təlim-tərbiyəsinə ciddi nəzarət edir, onların yüksək səviyyədə təhsil almaları, cəmiyyətdə layiqli yer tutmaları üçün var gücü ilə çalışırdı. Bir nümunəvi ata olaraq, Əhməd Teymurun övladları yolunda çəkdiyi əzab-əziyyətləri hədər getmədi. Məhəmməd və Mahmud  atalarının yolu ilə gedərək, həyatlarını elmə, ədəbiyyata həsr etdilər.

Zəngin elmi-ədəbi irs

Əhməd Teymur  bütün həyatını ədəbi, elmi və ictimai fəaliyyətə həsr edib. "Aləm əl-muhəndisiyin fil İsləm" (İslamın bayraqdar mühəndisləri), "əl-Əsər əl-Nəbəviyyə" (Peyğəmbər irsi), "Laeb əl-arab" (Ərəb oyunu),  "əl-Hob and-il arab" (Ərəblərdə sevgi), "əl-Tasvir and-il arab" (Ərəblərdə təsvir), "Tashih lisən əl-arab" (Ərəb dilinin təshihi), "əl-Əlkab vul-rutb" (Ləqəblər və rütbələr), "Ayan əl-kırn rabea aşr" (XIV əsrin məşhurları), "əl-Kənəyət əl-amiyə" (Xalq kinayələri, deyimləri), "Tarix əl-usra əl-Teymuriyyə" (Teymuriyyə ailəsinin tarixçəsi), "əl-Səməa vul-kiyas" (Eşitmə və qiymətləndirmə), "Asrar əl-arabiyyə" (Ərəb sirləri), "Muftəh əl-xizənə" (Xəzinə açarı), "Fəhrs li-xizənət əl-ədb Bağdadi" (Bağdadi ədəbi xəzinəsinin toplumu), "Kamus kəlimət əl-amiyə" (Danışıq dili lüğəti) və s. əsərləri ilə Əhməd Teymur özünəməxsus elmi cərəyanın əsasını qoyub.    

Kitablara sərf olunan mənalı ömür

"Gündəlik yaşam üçün çörək nə qədər zəruridirsə, kitab oxumaq da bir o qədər vacibdir. Kitabsız yaşanan həyat quru və qorxuncdur” - deyən dahi alim sözün əsl mənasında, kitab aşiqi idi. Bir çox qədimi əlyazmalar, nadir əsərlər, nəşr olunan kitablar toplayan Əhməd Teymur hələ gənclik illərindən şəxsi kitabxanasını yaratmaq arzusunda idi. Kitablar aləminə sonsuz rəğbət bəsləyən dahi alim 1901-ci ildə öz vəsaiti hesabına Qahirədə kitabxana binası tikdirib.

Əl-Xizənətil Teymuriyyə   

Misir xalqının görkəmli oğlu Əhməd Teymur böyük məbləğdə pullar ödəyərək  elmi, ədəbi, tarixi kitabları, eləcə də, Dəməşq, İstanbul, Avropa kitabxanalarında qorunub saxlanılan orta əsrlərə aid nadir əlyazmaların nüsxələrini, nəşrlərin görüntülərini, müxtəlif dövrlərə aid coğrafi xəritələrin əslini və şəkillərini əldə etmiş, qiymətli qədimi əşyalar toplayaraq məşhur "əl-Xizənətil Teymuriyyə" (Teymuriyyə xəzinəsi) kitabxanasını yaradıb. Əhməd Teymur bu təqdirəlayiq əməli ilə  Misir xalqına, ərəb millətinə böyük bir qiymətli miras qoyub.


Mütəfəkkir alim Əhməd Teymur 1930-cu ildə dünyasını dəyişdikdən sonra ailəsinin razılığı ilə, toplam 19527 ədəd müxtəlif əsrlərdə çap olunmuş nadir nüsxəli kitablar, əlyazmalar, qədim eksponatlarla zəngin olan "əl-Xizənətil Teymuriyyə" 1932-ci ildə Misirin "Dar əl-Kutub" adlı Milli Kitabxanasına hədiyyə verilib. Kitabların 2390-ı dil, 2675-i ədəbiyyat, 4956-sı din-əxlaq, 3974-ü sözlüklər ve ensklopedik lüqətlər, 4273-ü tarix, coğrafiya, sosioloji, 1286-sı müxtəlif kolleksiya və rəsmlər, 1708-i isə müxtəlif elmlərdən bəhs edir. Orta əsrlər islam alimlərinin şəxsi xəttləri ilə qələmə aldıqları əsərləri, 8673 ədəd nadir əlyazmalar, şairlərin yazışmaları, tarixi sənədlər, vəsiqələr, müxtəlif qədimi astronomik alətlər, zərif naxışlı çini qablar, məşhurların qələm və qələmdanları, nəfis cildlər, tanınmış dövlət xadiminə əcnəbi məmləkətdən göndərilən gizli məktub, Səlahəddin Eyyubi, Cəmaləddin Əfğani, Həsən əl-Tavil, Tahir əl-Cəzayiri kimi önəmli şəxsiyyətlərin şəkilləri Əhməd Teymur Paşanın yaratdığı misilsiz mədəniyyət  xəzinəsinə aid ən qiymətli sənət nümunələridir.

Şəxsi kitabxanasındakı əksər kitablarda " karanahu" (oxuduq)  işarəsinin qeyd olunması Əhməd Teymurun  əldə etdiyi hər bir əsəri diqqətlə oxuyub, tədqiq etməsindən xəbər verir. Vaxtının çox hissəsini  şəxsi "bilik xəzinəsi"ndə keçirən tədqiqatçı-alim  kitabxanadan faydalanmaq istəyənlərə hər cür şərait yaradaraq, yaxından köməklik göstərirdi. 

Əhməd Teymur eyni zamanda, fotoşəkil kolleksioneri idi. Dahi alim tarixin, elmin və İslam mədəniyyətinin daha ətraflı tədqiq olunması baxımından, gördüklərini  fotoaparatın lentinə köçürərək qiymətli şəkillər çəkmişdir. Çağdaş günümüzdə sökülən, məhv edilən, yox olmuş  bir çox tarixi əsərlər, mədəniyyət nümunələri  onun kamerasından çıxan fotoşəkillərdə əyani sübut kimi  yaşamaqdadır.



Dahiliyin zirvəsində

Əxlaqi fəzilətləri öz şəxsində cəmləşdirən, fövqəladə kamal sahibi, qəlbi  iman nuru ilə dolub-daşan Əhməd Teymur İslama, dinə hədsiz dərəcədə  bağlı insan olub. O, şəxsi vəsaiti hesabına 5000-dən çox İslam dini və tarixinə aid qiymətli əsərləri, qədim kitabları, nadir əlyazmaları min bir məşəqqətlə toplayaraq araşdırdı və müsəlman dünyasına, gələcək nəsillərə miras qoydu. Mənsub olduğu milləti, dini  yolunda ömrünü, mal-mülkünü sərf edən bu dahi şəxsiyyət "əl-Xizənətil Teymuriyyə"si ilə nəinki ərəb aləminə və müsəlman dünyasına, hətta bəşəriyyətə misilsiz xəzinə bəxş etdi. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI