ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İviça Daçiç Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında son atışmalardan narahatlıq bildirib.
Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, ATƏT-in rəsmi saytında yayılan məlumatda Daçiç tərəfləri 1994-cü ildə imzalanmış atəşkəsə əməl etməyə və hərbi qarşıdurmanı dayandırmağa çağırıb:
“İnsan ölümlərinə səbəb olan silahlı toqquşmalardan kədərlənir, tərəfləri məsuliyyət nümayiş etdirməyə və gərginliyi daha da artıracaq addımlardan qaçmağa çağırıram”.
İviça Daçiç qeyd edib ki, münaqişənin həlli üçün təkcə prezidentlər səviyyəsində yox, digər səviyyələrdə də birbaşa təmaslar qurmaq lazımdır.
O həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin atəşkəsi möhkəmləndirmək və danışıqlar üçün bərabər baza yaratmaq səylərini dəstəklədiyini bildirib.
Daçiç tərəfləri tərəfləri ATƏT-in vasitəçilik çərçivəsində yekun və dinc həll üçün qəti addımlar atmağa çağırıb.
Ermənistan qoşunları 1990-cı illərin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ və ətrafında 7 rayonu işğal ediblər. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması imzalanıb, sülh danışıqlarına başlanıb. Amma hələlik danışıqlarda münaqişənin birdəfəlik həllinə dail olmaq mümkün olmayıb. Tərəflər bir-birini tez-tez atəşkəsi pozmaqda ittiham edirlər.
Modern.az