Son günlər gündəmdə olan məhkum Lamiyə Quliyevanın həbsxanada atasız uşaq dünyaya gətirməsi məsələsinə Ədliyyə Nazirliyi Pentensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev də münasibət bildirib.
Modern.az xəbər verir ki, Mədət Quliyev bu barədə ANS TV-yə açıqlama verib.
"Bəzi kütləvi informasiya vasitələri məhkum Lamiyə Quliyeva haqda həqiqətə uyğun olmayan şayiələr yayırlar. Əslində isə Penitensiar Xidmətin əməkdaşları Lamiyə Quliyevanın hamiləliyindən 5 aylığında xəbər tutublar. İndi bizi maraqlandıran yeganə məqam uşağın atasının kimliyidir. Biz fikrləşdik ki, təhqiqat hamiləlik vaxtı aparılsa gələcək ana həyəcanlana bilər. Bu məsələ ilə bağlı həkimlərlə məsləhətləşdik və qərar belə oldu ki, uşaqla bağlı problem ola bilər. Biz bir məmur kimi məhkumun qidalanmasına, səhhətinə diqqət ayırdıq. Nəhayət bu körpə dünyaya gəldi. Məhkum bildirib ki, övlad dünyaya gətirmək onun arzusu olub. Lamiyə Quliyeva ilə uşağın atasının kimliyi haqda söhbətlər aparılıb. Lamiyəyə heç bir təzyiq olunmayıb. Hazırda daxili araşdırmalar gedir. Uşağın atasının kimliyini müəyyənləşdirmək istəyirik ki, uşağın böyüməsində onun da rolu olsun. Körpənin atası müəyyən edildikdən sonra bununla bağlı hüquqi addımlar atılacaq”.
Mədət Quliyev onu da əlavə edib ki, məhkumların öz yaxınları, qohumları, hətta kütləvi informasiya nümayəndələrilə görüşmək imkanı mümkündür. Sadəcə bu olayı şişirdib, populist çıxışlarla xal qazanmaq istəyən qüvvələr var.
"Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsinə qeyri-adi baxmaq lazım deyil"-deyə o, bildirib.
Lamiyə Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin o vaxtkı icra başıçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məlumatlara görə, Ruslan Lamiyəni zorladığına görə, qətlə yetirilib.
Lamiyənin qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb.
Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da övlad dünyaya gətirib.