Modern.az

İlham Əliyevdən XƏBƏRDARLIQ: "Etimadı doğrultmayan məmurlar cəzalandırılacaqlar"

İlham Əliyevdən XƏBƏRDARLIQ: "Etimadı doğrultmayan məmurlar cəzalandırılacaqlar"

28 Yanvar 2015, 00:22

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Modern.az xəbər verir ki, iclasın yekununda Prezidenti İlham Əliyev çıxış edərək bir sıra məsələlərdən danışıb. O, 2015-ci ilin Azərbaycanda uğurlu il kimi tarixdə qalacağını qeyd edib.
Keçən il AZərbaycanda inflyasiyanın 1,4 faiz olduğunu deyən ölkə başçısı iqtisadiyyatın təxminən 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını deyib.

”Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq. Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir. Bir qədər sonra mən bu barədə öz fikirlərimi daha da geniş şəkildə deyəcəyəm. Ona görə ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.

İlham Əliyev deyib ki, Azərbaycanın maliyyə resursları kifayət qədər böyükdür. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir.

”Bu göstəriciyə görə bəlkə də biz dünyada birinci 10 ölkənin arasındayıq. Bütün işləri daxili resurslar hesabına görmüşük. Bax, bu göstərici onu əyani şəkildə təsdiq edir. Biz borclanmamışıq, lazım olan borcları götürməmişik. Halbuki götürə bilərdik. Hazırda Azərbaycanın kredit reytinqi, makroiqtisadi vəziyyəti, valyuta ehtiyatları o qədər müsbət mənzərə yaradır ki, biz xarici bazarlardan istənilən məbləğdə - 10 milyard, 20 milyard, 30 milyard dollar vəsait götürə bilərik, ancaq götürmürük. Çünki bayaq qeyd etdiyim kimi, bu məsələyə məsuliyyətlə yanaşırıq. Xarici borc daim aşağı səviyyədə olmalıdır. Biz əslində bu borcu bir gündə də ödəyə bilərik. Çünki xarici borcumuz valyuta ehtiyatlarımıza nisbətdə təxminən 10 faizdən bir qədər çox rəqəm təşkil edir. Ona görə xarici borc aşağı səviyyədədir. Bu, müsbət haldır. Müsbət hal kimi də qalmalıdır. Bu il də bizim büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulur”.

Prezident deyib ki, neftin qiymətinin düşməsi istər-istəməz Azərbaycanın gəlirlərinə təsir göstərir.

”Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir. Əgər əvvəlki illərdə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınır. Eyni zamanda, ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz - nə həyatda, nə siyasətdə, nə də ki, iqtisadi məsələlərin həllində, o cümlədən indiki şəraitdə. Neftlə zəngin olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini ixtisar edirlər, özü də böyük dərəcədə. Xərcləri ixtisar edirlər. Bu da təbiidir. Hər adam yorğanına görə ayağını uzatmalıdır. Hökumətlər də, dövlətlər də eyni qayda ilə hərəkət etməlidirlər. Ona görə bir daha demək istəyirəm ki, bizim nəzarət orqanlarımız buna nəzarət etsinlər, yerlərdə israfçılığa yol verilməməlidir. Hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməlidir ki, bizim ümumi makroiqtisadi vəziyyətimiz bundan sonra da yüksək səviyyədə olsun”.

Ölkə başçısı bunlara baxmayaraq, prioritet xarakter daşıyan bütün layihələrin icra ediləcəyini, o cümlədən infrastruktur layihələrin, sosial layihələrin gerçəkləşdiriləcəyini söyləyib.

”Bu il məktəblərin tikintisi və təmiri nəzərdə tutulur. Tibb ocaqlarının, idman qurğularının, xüsusilə uşaq bağçalarının tikintisi son illərdə Azərbaycanda geniş vüsət almışdır. Bu proses davam etdirilməlidir. Çünki işsizliyin aradan qaldırılması nəticəsində indi ailədə hər iki valideyn işlə təmin olunur. Belə olan halda uşaq bağçalarının sayının artırılmasına çox böyük ehtiyac var. Yəni, bu məsələlər bir-biri ilə görürsünüz, nə qədər bağlıdır. İqtisadi inkişaf, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması bax, diktə edir ki, bu məsələ də öz həllini tapsın. Eyni zamanda, iqtisadi inkişaf və müsbət demoqrafik vəziyyət diktə edir ki, iş yerlərinin yaradılmasına diqqət daim yüksək səviyyədə olmalıdır. Çünki Azərbaycan üçün bu, daimi prosesdir. Bizdə demoqrafik vəziyyət müsbətdir, əhali artır, artıq əhalimiz 10 milyona yaxınlaşır. Ona görə hər il biz on minlərlə yeni iş yerlərini yaratmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun”.



İlham Əliyevin sözlərinə görə, infrastruktur layihələrinin icrası davam etdiriləcək, qeyri-neft sektorunun inkişafı həmişə prioritet olacaq. Sahibkarlara kömək, bank sektorunun inkişafı diqqətdə saxlanılacaq.

“Bizim banklarımızın bir neçəsi artıq xarici bazarlara çıxır, xaricə investisiya qoyur. Mən prinsip etibarı ilə buna etiraz etmirəm. Ancaq hesab edirəm ki, ilk növbədə, o bankların ki, böyük resursları var, ölkə iqtisadiyyatına vəsait ayırsınlar. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynamışdır. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olmuşdur, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni, bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir. Dövlət də, öz növbəsində, indi onlardan daha da fəal iş gözləyir. Hesab edirəm ki, ən azı ildə iki dəfə bu barədə məlumat verilməlidir.
Azərbaycan bankları hansı həcmdə, hansı layihələrə, hansı rayonlarda, yaxud da Bakı şəhərində hansı vəsait ayırıblar? Bax, bu məlumat olmalıdır. Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda, ölkənin inkişafı üçün də fəal çalışır. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik. Eyni zamanda, bu gün Azərbaycanda elə gözəl biznes mühiti yaranıb ki, ölkəmizə qoyulan vəsait özünü doğruldacaq və doğruldur”

İlham Əliyev deyib ki, onun göstərişilə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. “Artıq yaxın zamanlarda bu proses də başlayacaq. Burada yerli icra orqanlarının nümayəndələrinin də böyük dəstəyinə ehtiyac vardır. Çünki onlar bu işi yerlərdə təşkil etməlidirlər ki, bu zonalar müəyyən edilsin. Orada infrastruktur layihələri icra edilməlidir, kommunikasiyalar yaradılmalıdır. Əlbəttə ki, dövlət bu işi öz üzərinə götürür. Ancaq bütün təşkilati məsələlərin həllində də yerli icra orqanları fəal iştirak etməlidirlər”.

2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edildiyi xatırladan Prezident bu məsələnin prioritet olduğunu vurğulayıb.
”İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir.

Mərkəzi orqanlar da burada yeni təkliflərlə çıxış etməlidirlər ki, istifadəsiz torpaqlar olmasın. Onsuz da bizim o qədər də çox torpağımız yoxdur. İcazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki, torpaqdan səmərəli şəkildə istifadə edilməsin. Əksinə, mən keçən il demişəm, bir daha demək istəyirəm ki, hər bir rayonda ixtisaslaşma aparılmalıdır. Hansı rayonda nə əkilməlidir, hansı məhsul yetişdirilməlidir?! Budur, bizim əsas işimiz.

Ona görə kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir. Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər. Ona görə biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa bazarlarına çıxmalıyıq. Bizdə indi emal müəssisələri dünya səviyyəsinə cavab verir, gözəl müəssisələrdir. Onların - əsas emal müəssisələrinin açılışlarında mən şəxsən olmuşam, yəni, bilirəm, onların vəziyyəti necədir. İstehsal olunan məhsullar da keyfiyyətlidir. Biz niyə Avropa bazarlarına çıxmayaq?! Biz nə vaxtsa Dünya Ticarət Təşkilatına üzv olacağıq. Biz buna əlbəttə ki, hazır olanda. Hazır olmaq üçün gərək ixrac potensialımız çoxşaxəli olsun.

Ona görə kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur, bizim işimiz….

…Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik…
…“Yaşıl market”lər Azərbaycanda yaranmaqdadır. Bu da bir yenilik olacaq. Bakıda yaranır. Gələcəkdə bütün şəhərlərdə yaranmalıdır…

…İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur. Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır.

Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər.

Qeyd etdiyim kimi, təşviq sistemi yaradılmalıdır. Bir çox ölkələrdə belə sistem var. Əvvəllər biz buna o qədər də meyilli deyildik, çünki bizim ixrac potensialımız da yox idi, ancaq hələ idxaldan asılılığı azaltmaqla məşğul idik. İndi isə ixrac potensialımız var, ona görə təşviq sistemi yaradılmalıdır. Mən İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, bu mexanizmi işləyin. Yaxın vaxtlarda biz bunu müzakirə edəcəyik. Bu, sahibkarlara imkan verəcək ki, daha da maraqlı olsunlar və öz məhsullarını xaricə satsınlar. Beləliklə, onlar üçün əlavə güzəştlər olacaq.

Ərzaq təhlükəsizliyi ilə bağlı görülən işlərin statistik əksi bu arayışdadır. Mən indi bəzi rəqəmləri səsləndirəcəyəm. Mal əti - özümüzü təminetmə səviyyəsi 87 faiz, qoyun əti - 97 faiz, quş əti - 98 faiz, yumurta - 100 faiz, süd və süd məhsulları - 76 faiz, taxıl - 60 faiz, üzüm - 98 faiz, kartof - 90 faiz, bostan məhsulları - 100 faiz, meyvə və giləmeyvə - 120 faiz, tərəvəz - 103 faiz, duz - 87 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar - 170 faiz. Ancaq burada nəzərə alınmalıdır ki, şəkər tozunun istehsalının maya dəyərində 64 faiz xam şəkər idxal olunur, 36 faiz dəyər Azərbaycanda formalaşır. Bitki yağları və marqarin - 77 faiz, kərə yağı - 52 faiz, makaron məmulatları - 58 faiz. Bu cədvəldə göstərilir ki, bizim gələcək fəaliyyətimiz hansı istiqamətlərdə daha da ciddi olmalıdır. Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya əlbəttə ki, taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq.

Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən artıq səviyyədə görməliyik və görəcəyik”.

Prezident deyib ki, “ASAN xidmət” mərkəzlərinin sayı artıq yeddiyə çatıb. Üç mərkəz də bu il açılacaq. Beləliklə, bölgələrdə altı, Bakıda dörd mərkəz fəaliyyət göstərəcək. Gələcəkdə onların sayı artırılacaq.

İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar olduğunu qeyd edib.

”Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək.
Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi