Modern.az

Heydər Əsədov prezidentdən 5 problemin həllini xahiş etdi

Heydər Əsədov prezidentdən 5 problemin həllini xahiş etdi

28 Yanvar 2015, 01:05


Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Modern.az xəbər verir ki, iclasda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi böyük məsuliyyət yaradıb. Nazir deyib ki, ötən il kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5,2 milyard manat təşkil edib, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 milyard manat olub ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Hesabat ilində son 50 ildə görünməmiş quraqlıq və havaların əlverişsiz keçməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməyib.

H.Əsədov deyib ki, istehsalın intensivləşdirilməsi müasir dövrdə qlobal inkişafın əsas istiqamətini təşkil edir: “Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən son onilliklər ərzində dünya üzrə əkin sahələri 9 faiz artdığı halda, bitkiçilik məhsullarının həcmi 2,3 dəfə, dünya üzrə mövcud mal-qaranın sayı 26 faiz artdığı halda, süd istehsalı 61 faiz artmışdır. Ölkəmizdə də son 10 ildə eyni tendensiyanın saxlanılması aqrar siyasətin əsas prinsiplərindən biri olan kənd təsərrüfatının intensiv metodlarla inkişafının stimullaşdırılması üçün dəfələrlə verdiyiniz tapşırıqların, eləcə də bu istiqamətdə imzaladığınız fərman və sərəncamların məntiqi nəticəsidir”.

H.Əsədovun sözlərinə görə, dövlət qayğısının artırılmasının nəticəsidir ki, hesabat ilində fermerlərin istehsal vasitələri ilə təminatında yaddaqalan nəticələr olmuşdur: “Belə ki, hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artmışdır. Son ildə alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil etmişdir. Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi hesabat ilinin payına düşmüşdür.
Beləliklə, idxal qiymətlərinin azaldılması ilə yanaşı, tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə edə bilmişlər. Bu da məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaqla bərabər, onların gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə eyni səviyyədə müsbət təsir göstərmişdir.
Bundan əlavə, bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoхillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım verilmişdir.
2014-cü ili ölkəmiz ilə FAO arasında əməkdaşlığın dönüş ili adlandırmaq olar. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda FAO-nun ofisinin yaradılması üzrə razılıq əldə edilmişdir. İndiyədək yalnız ABŞ, Yaponiya, Belçika və İsveçrədə mövcud olan belə ofisin ölkəmizdə təsis edilməsi, qlobal və milli səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycan dövlətinin siyasi iradəsindən xəbər verir”.

Nazir aşağııdakı problemlərin həllini prezidentdən xahiş edib:

- yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi;

- ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması;

- tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması;

- mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza