Bir yazıçı bir aktyoru, aktrisanı, müğənnini, bəstəkarı, rəssamı, rejissoru, bir digər yazıçını, şairi, junalisti və bu kimi başqa bir çox yaradıcı peşə sahiblərini, hətta siyasətçiləri də tənqid edə bilər. Çünki, yazıçı bütün bu peşələrin hamısından yazandır. Öz fikirlərini, düşüncələrini müəyyən bir auditoriyaya çatdıran, həzm etdirəndir. Onun qələmi altında bu peşə sahiblərinin hamısı onun "bəndələri"dir. Həmin "bəndələrin" real həyatdakı canlı simalarının yaradıcılıq keyfiyyətləri haqqında yazmağa, onları dəyərləndirməyə, doğru və yanlışları ədalətli şəkildə, elmi, məntiqi əsaslarla ortaya çıxarmağa haqqı var. Bu yazıçı peşəsinin tələbi olmaqla yanaşı, həm də bütün yazıçılara geniş yaradıcılıq laboratoriyası verir. Onlar daha keyfiyyətli, fərqli, rəngarəng, hər təbəqə və hər şəxsin marağını təmin edə biləcək müxtəlif məhsullar yaradırlar o laboratoriyada.
Amma bu yazıçıların digər yaradıcılıq sahələri nümayəndəlirinin üzərinə qoşun yeritməyə haqqı yoxdur. Bir film çəkilir, bütün yazıçılar başlayırlar bu filmdən yazmağa. Məsələnin ən xoşagəlməz tərəfi odur ki, hamısı bir ağızdan o filmi pisləyir. Onların yazılarından həmin filmin yaradıcı heyətinin ünvanına "heç çəkməyəydi, "istedadsızdır", "ortaya bir şey çıxara bilməyib", "bu sənətə ləkədir" və sair bu kimi əsassız qarayaxmalar, təhqirlər, tənələr yağır. Axı bu ədalətli deyil.
Ümumiyyətlə film sektoru bizim ölkəmizdə öz uzunmüddətli iflasından sonra təzə-təzə dirçəlməyə başlayıb. Bu bir növ məşhur fransız modelyeri Koko Şanelin ikinci dünya müharibəsindən sonra on dörd il inzivaya çəkilməsinə bənzəyir. Bu Şanelin mənəvi süqutu dönəmi idi. Bəlkə də qəribə bir təsadüfdür ki, bizdə də məhz müharibədən sonra yarandı bu “inziva” və bizdə də film sahəsinin “inzivaya çəkilməsi”, süqutu təqribən eyni müddət çəkdi. İndi isə müəyyən filmlərin çəkilişi onu göstərdi ki, o öz “inzivasından” qayıdıb və artıq tərəqqiyə doğru addımlayır. Mən o süqut dönəmində çəkilən bir sıra filmlərin adını sadalamaq istəmirəm. Onsuz da o filmlər bu sahəni geri qaytarmaq üçün edilən cəhdlər idi. Əgər onlar çox uğurlu filmlər olsaydı, bu sahə də indi tərəqqinin yüksək pillələrində idi.
Məhz belə bir vaxtda xüsusən də film sahəsinə qarşı bu cür aqressiyanı, bu ədavəti anlamıram. Böyük Cəfər Cabbarlının Hüseyn Ərəblinskinin ünvanına dediyi bir cümlə vardı. Cabbarlı bu cümləni Hüseynin sağlığında da, onun vida mərasimində də, ölümündən sonra da təkrar-təkrar demişdir. Cabbarlı deyir di ki, “Azərbaycan teatrı daşlar altında əzilən bir uşaq idi, Ərəblisnki onun əlindən tutub qaldırdı”. Mən bu misalı əbəs yerə çəkmədim. Müharibədən sonra ölkəmizdə bir çox sahələr kimi film sahəsi də elə “daşlar altında əzilən bir uşağa” çevrildi və uzun müddətdir ki, bu “uşaq” o “daşların altında əzilir”. Onun əlindən tutub qaldırmaq, xilas etmək, dirçəltmək istəyən insanları bu cür tənə-töhmət, aqressiya, kobud tənqid atəşinə tutarlarmı?
Mən demirəm ki, çəkilən bu filmlər böyük istedadla, yüksək peşəkarlıqla çəkilib və bunları tərifləyib ayaq üstə alqışlamaq lazımdır. Əsla! Bu tərif də məhvə sürükləyər. Amma bu cür alçaltmaq da ümid qırar, həvəs öldürər. Nədir bu ədavətin səbəbi? Yoxsa bu ölkənin yazıçısı onun film, teatr, musiqi, rəsm və digər bu kimi mədəni sahələrinin inkişafını istəmir?! Yox, bu ola bilməz! Axı yazıçı özü ədəbiyyatla bərabər bütün digər yaradıcı sahələrə xidmət edən adamdır. Yazıçının bir əsəri bir filmin, bir musiqinin, bir rəsmin yaranmasına səbəb olur. Belə böyük bir peşənin sahibi bu qədər yaradıcı insana və yaradıcılıq nümunəsinə qarşı bu cür qəddar ola bilməz!
Yaxşı olar ki, bu insanlar həmin yaradıcı insanları sərt şəkildə qınayıb onların ümidlərini qırmaqdan, xəyallarını puç etməkdənsə, ölkədə filmin inkişafını əngəlləyən maddi problemlərdən, texnoloji çatışmazlıqlardan yazsınlar. Mən özüm qeyd etdiyim bu nüansları dəfələrlə yazılarımda işıqlandırmışam. Bu qınaqları təhsilsiz, pul və arxasında duran pullu şəxs hesabına sənətə gəlib özünü dahi hesab edən adamların ünvanına demək lazımdır. Həmin adamların ki, onların bu sahədə heç bir istedadı, biliyi, zəhməti, əziyyəti yoxdur. Onlar sadəcə ciblərinə güvənib şöhrət axtarışına çıxıblar. Təbii ki, bu şöhrəti tapmaq üçün film sektorundakı maddi kasıblıq onlara gözəl fürsət verib.
Peşəkar və istedadlı bir insan böyük sevgi və zəhmətlə ortaya bir film çıxarırsa, bu filmdə bədii və texniki baxımdan müəyyən qüsurlar ola bilər. Burda ən birinci təqdirə layiq məsələ odur ki, peşəkar insan Azərbaycan filmini dirçəlişə doğru aparır. Bu artıq cəhd deyil, biz nəhayət ki, cəhd dönəmini keçmişik. Bu dönəmi artıq keçdiyimizi sübut edən bir neçə filmlər var. İndi də müəyyən insanlar çalışırlar ki, bu sahəni inkişaf etdirsinlər. Yazıçı niyə onun yolunu kəsir, anlamıram!?
İndi isə konkret qeyd edirəm - Vahid Mustafayevin “Qanlı Yanvar” filmi...
Bu filmin birinci müsbət cəhəti odur ki, onu Vahid Mustafayev çəkib. Yəni, “Seçilən”, “Yaddaş”, “Xoca” və başqa filmlərinin rejissoru. Mən bu filmlərin heç birində peşəkarlığı təhlil etmək istəmirəm. Lakin, nəticə etibarı ilə “Qanlı Yanvar” filmi kifayət qədər rejissorluq təcrübəsi olan bir rejissorun filmidir. İkincisi isə bu film 20 Yanvar mövzusunda çəkilib. Yəni, Azərbaycan filminin son illərində bu mövzuda çəkilmiş ilk film hesab edilə bilər. Biz bu mövzuda yalnız 1990-cı ildə çəkilən “Qətl günü” filmini görmüşdük. Daha sonra isə filmin aktyor-aktrisa heyətində kifayət qədər peşəkar insanlar yer alıb. Deməli, filmin üç müsbət cəhəti artıq var və sizin dediyiniz kimi “atılası”, “istedadsız”, “maraqsız” bir film ola bilməz.
Əziz yazıçılarımız, ortaya qoyulmuş bir kütləvi yaradıcılıq məhsulu varsa, burda həmin kütlənin sevgisi, istedadı, zəhməti, ümidi, arzusu var. Hələ ki, söhbət filmdən gedirsə, burda yazıçı, rejissor, aktyor, aktrisa, musiqiçi kimi hisslərlə yaşayan adamlar var demək. Bu qədər adamı siz zəngin lüğətinizin bol nifrət sözləri ilə, güclü qələminizin tənə-töhmət, rişxənd və təhqir ifadələri ilə ataşə tuta bilməzsiz. Bu vicdan normalarına da sığmır! Mən Vahid Mustafayevin “Qanlı Yanvar” filminə dair yazılmış sərt yazıların əksəriyyətini vicdansızlığın nəticəsi hesab edirəm. Çünki, oxuduqlarımın əksəriyyəti sadəcə “qınayaq”, “məhv edək” prinsipi ilə yazılmışdı. Bu məni həqiqətən çox üzdü...
O müsbət haldır ki, ölkədə yazıçılar film sahəsinə diqqət ayırır, izləyir, fikirlərini bildirirlər. Amma yaxşı olar ki, bu fikirlərə tutarlı arqumentlər gətirsinlər və onların iradı nəyə olursa olsun, çox sərt, qəlbqıran olmasın. Mənim yazımın bütün məzmununda duran xüsusi bir şərti də sonda qeyd edirəm: söhbət həqiqi yaradıcı insandan, həqiqi istedaddan, peşəkarlardan, sevgi və əmək sərf edən şəxslərdən gedir.