“Azərbaycanda bu işlə 50-dən çox şirkət məşğul olur. Həmin şirkətlərin fəaliyyəti üçün hər hansı lisenziya tələb olunmur. Xidmət haqqı 10 manatdır. Məsafə uzandıqca, xidmət haqqı da artır”.
Bunu Modern.az-a açıqlamasında “Ayıq sürücü xidməti”nin əməkdaşı Seymur Musayev bildirib.
O qeyd edib ki, bu xidmət bir növ “taksi” kimidir: “Yəni sürücü səni istədiyin ünvana çatdırır. Fərq ondadır ki, idarə edilən avtomobil də sifarişçinin olur”.
Xidmət əməkdaşı bildirib ki, sifarişlər mövsümdən və həftənin günlərindən asılı olaraq dəyişir: “Ən çox sifariş 5-ci, 6-cı günlər olur. Çünki növbəti gün qeyri-iş günü olduğundan əksəriyyət istirahətə, müxtəlif məclislərə gedir. Eyni zamanda Məhərrəmlik və Orucluq aylarında da sifarişlərin sayı azalır”.
Seymur Musayev adi günlərdə 1-2, mövsümdə isə 4-5 nəfərin onlara müraciət etdiyini deyib. Sürücülərin seçiminə gəldikdə, bu xidmətdə çalışması üçün şəxsin sürücülük qabiliyyəti daha önəmlidir: “Sürücülər özümüzünkülərdir, onları imtahan etmək, lisenziya vermək məsələsi yoxdur. Sadəcə, sürücülük qabiliyyəti yaxşı olanlara üstünlük verilir. Onlar əsasən 30-35 yaş arasındadırlar”.
Gülşən RAUFQIZI