Sovet İttifaqının dağılması ilə rus dilinin keçmiş sovet respublikalarındakı mövqeləri zəifləməyə başladı. Müttəfiq respublikaların sakinləri üçün millətlərarası ünsiyyət dili kimi görünən rus dili müstəqillik şəraitində öz yerini yavaş-yavaş ingilis dilinə verməyə başladı. Bu tendensiya istər Baltikyanı, istər Qafqaz, istərsə də Mərkəzi Asiya regionunda hiss olunur. Lakin buna baxmayaraq, “böyük və qüdrətli” rus dilindən tam istifadəni dayandırmaq mümkün olmur, əksinə, son illərdə bu dili öyrənmək istəyənlərin sayında artım müşahidə olunur.
Məsələn, Belarus Respublikası 20 ildən artıqdır müstəqil olmasına baxmayaraq, ölkə sakinlərinin 70 faizi rus dilində danışır. Dövlət dili də Belarus və rus dilləridir. “Belarus dilində böyük əsərlər yaratmaq olmaz”, - deyə çıxışlarının birində bu məqama toxunan ölkə prezidenti Aleksandr Lukaşenko da bir növ Belarus dilinə rişxəndlə yanaşmağa rəvac verib. Nəticədə 10 milyon əhalisi olan Belarusda yalnız 12 faiz gündəlik ünsiyyətdə bu dildən istifadə edir.
Əhalisinin 20-40 faizə qədəri etnik rus olan Estoniya, Latviya və Estoniyada isə rus dilinin daşıyıcıları yalnız həmin vətəndaşlardır.
Avropaya inteqrasiya yolunu seçən Ukraynada və Moldovada rus dili 2000-ci illərin əvvəllərinə qədər böyük rola malik olsa da, hazırda dil daşıyıcılarının sayını sürətlə itirməkdədir. Xüsusən də Ukraynada. 2000-ci ildə “Avrasiya irsi” fondunun keçirdiyi sosioloji sorğular 65 faiz ukraynalının rus dilindən müntəzəm istifadə etdiyini müəyyənləşdirsə də, hazırda bu rəqəm 45 faizə qədər enib.
Mərkəzi Asiya regionunda rus dilinin geniş yayıldığı və sovet dövründən bəri öz mövqelərini inadla qoruduğu ölkə isə Qazaxıstandır. Burada əhalinin 62 faizi rus dilində sərbəst danışa bilir. Qazaxların 91 faizı isə rusca anlayırlar.
Cənubi Qafqaz regionuna gəldikdə, rus dilinin əhali arasında yayılmasına və rus məktəblərinin sayına görə Azərbaycan heç şübhəsiz bölgənin lideri adlandırıla bilər. Qonşu Gürcüstan və Ermənistanla aparılan statistik müqayisələr bunu sübut edir.
Sovet İttifaqının süqutundan sonra Gürcüstanda rus məktəblərinin sayı stabil şəkildə azalmağa başlamışdı. Əgər 1988-ci ildə ölkədə bütün fənlərin rusca tədris edildiyi 257 məktəb var idisə, 2014-cü ildə ölkədə cəmisi 2 rus məktəbi və 61 məktəbdə rus bölməsi qalıb.
Maraqlıdır, rus bölmələrinin saxlanıldığı orta təhsil müəssisələrinin əksəriyyəti paytaxt Tbilisi ilə yanaşı, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yerləşir.
Ümumiyyətlə, Gürcüstanda rus dilinin mövqelərini itirməsi 2008-ci ilin avqust müharibəsindən sonra başladı. 5 günlük müharibə ölkədə anti-rus əhval-ruhiyyəsi yaradıb. Bütün gürcü məktəblərinin dərs proqramlarından gürcü dili yığışdırıldı və ingilis dili ilə əvəz olundu. 5,5 milyon əhalisi olan Gürcüstanda yalnız 2,1 milyon sakin rus dilində danışa, yaxud bu dili anlaya bilər. Onların da əksəriyyəti orta və yaşlı nəslin nümayəndələridir.
Rusiyanın Cənubi Qafqazdakı forpostu Ermənistan da bu ölkə ilə sıx əlaqələrə və faktiki asılılığa baxmayaraq, rus dilindən aktiv istifadə etmir. 1993-cü il aprelin 17-də qəbul edilən “Ermənistanın dili haqqında” qanununa əsasən, ölkədə yeganə dil erməni dili hesab olunur. Bu səbəbdən ölkə ərazisində rus məktəbləri yoxdur. Yalnız 30 məktəbdə, o cümlədən 15 min rusun kompakt yaşadığı Fioletovo və Makeyevka kəndlərində rus dili bölmələri olan məktəblər mövcuddur.
Ermənistan hakimiyyəti rus dilinə böyük ehtiyac olduğunu etiraf etsə də, bu sahədə heç bir köklü dəyişiklik aparmır və dil sahəsində siyasətini yumşaltmır. Bu səbəbdən də ölkədə rus dilinin əsas daşıyıcıları əsasən Azərbaycandan köçən ermənilərdir.
Yerli ekspertlərin fikrincə, ölkə sakinlərinin 40 faizinin rus dili haqda təsəvvürləri çox zəif ya da ümumiyyətlə yoxdur. Vəziyyətin belə davam edəcəyi halda isə yaxın 50 il ərazində ölkədə rus dili daşıyıcılarının sayının 2 faizə düşəcəyi ehtimal olunur.
Azərbaycan Cənubi Qafqazın ən rusdilli ölkəsi hesab olunur. Ölkədə 150 min etnik rusla yanaşı, 600 mindən artıq rusdilli vətəndaş yaşayır. Bundan başqa, Sovet İttifaqının dağılmasından sonra ölkədə 1 dənə olsun rusdilli məktəb, yaxud bölmə bağlanmayıb. Hazırda Azərbaycanda rəsmi məlumata görə, 350 rusdilli məktəb və rus bölməsi mövcuddur. Bu məktəblərdə 90 mindən artıq insan təhsil alır. 1998-ci ildə qəbul olunmuş qanunla xarici dil sayılmağa başlansa da, rus dilinə sahib olmaq həmişə Azərbaycan cəmiyyətində müsbət cəhət sayılıb. Bu mənada Azərbaycan istər Gürcüstan, istərsə də Ermənistana nümunə ola bilər.
Vüqar İsmayılov