“Bu saytın əsas səhifəsi elə bil araq məclisidir”
- Bildiyim qədər uzun müddətdir işsizsən. İndi nə edirsən?
- Hazırda Adolf Hitler, Mussolini, Mao, Pol Pot, Çauşesku, Səddam Hüseyn və digərləri haqqında tərcümə və analitik kitabları hazırlayıram. Eyni zamanda Mərkəzi Kəşfiyyat İdarəsi, “M-15”, “Mossad”, “ETTELAAT”, “KQB” kimi məxfi servislərin arxiv sənədləri əsasında kitablar üzərində işləyirəm. Düzdür, belə bir toplunu tərcümə də etmişdim. Öz şeirlərimdən ibarət kitabı da bu il nəşr etdirməyi düşünürəm. Hər şeyə sıfırdan başlamaq naminə bir müddət ədəbi mühitdən uzaq qalmaq istədim. Kənardan baş verən hadisələri analiz etmək daha rahat olur. Keçmişdə mənimlə bağlı baş verən hadisələri yenidən analiz edirəm. Hesab edirəm ki, bu qısa müddət həyatımda olmadığı qədər gözümü açdı. Bundan sonra bütün proseslərə tam ayrı rakursdan qiymət verərək fəaliyyət göstərəcəm. Necə deyərlər, heç kim və heç nə unudulmur.
- Əllərimizdəki barmaqların sayı çoxdur, yoxsa gənc yazarlar arasındakı istedadların sayı?
- Özündən razı yazarlar kimi qiymət versəm, gərək deyəm ki, onlar bir əlin barmaqları qədər deyil. Amma bu da qərəzli olar. Beş-altı nəfərdir desəm, hamı özünü o beş-altı nəfərin arasında görəcək. Bizdə insanların, hətta tənqidçilərin də görmə qabiliyyəti zəifdir. Mən “görmək” deyərkən gözləri nəzərdə tutmuram. Görmək üçün adamın gərək bəsirət gözü açıq ola. Həqiqət heç vaxt gözlə görünmür. Gözlə görünənlər isə həqiqət deyil.
- İndiki ədəbi gənclikdə ən çox razılaşmadığın məqamlar hansılardır?
- Azərbaycan ədəbi gəncliyinin bir nömrəli düşməni araqdır. O qədər istedadları gözlər götürməyib, bunun vasitəsilə məhv ediblər ki... Bunun son aylar şahidi oldum. Açığı desəm, ədəbi gəncliyin nə etməsi məni o qədər də düşündürmür. Mən öz yolumu gedirəm, kimin nə etməsindən asılı olmayaraq.
- Amma əksər gənc yazarlar yaradıcılıqla məşğul olmaqdansa gündəm amili haqqında düşünürlər...
- Bütün bunlar mənə şou kimi görünür. Ayxan Ayvaz dostumdur. Amma pulu alanda da şou yaratdı, xərcləyəndə də. Ədəbiyyata ikinci Şərif Ağayar lazım deyil. Şərifin öz yolu var, kifayət qədər yazıb-yaradıb. Adamın Allahı olar, Şərif doğrudan çox istedadlıdır, bunu deməliyəm. Amma Ayxanın Şərif Ağayarı yamsılamağına ehtiyac yoxdur. Gərək özü olsun.
- Bilirəm ki, bəzilərindən fərqli olaraq açıq danışmağı sevirsən. Ədəbiyyatda kimlər sənə mane olmağa çalışıb?
- Ağdamda atışmalarda iştirak edib zabit kimi təlimlərdə olanda bunlar araq masasında kiminsə arvadını müzakirə edirdilər. Bunların biri yox, dəstəsi gəlsə, nə olacaq. Mane olanlara kiminsə kənizi kimi baxıram. Mane olurlar, eybi yoxdur, özlərini aldadırlar.
- İndiyə kimi ən çox qonorar nə qədər almısan?
- Şeirlərimə görə bir kərə Azərbaycan jurnalından, səhv etmirəmsə, 150 manata yaxın qonorar almışdım. Düzünü desəm, başqa yazıya görə yox, amma şeirə görə qonorar az olsa, özümü təhqir olunmuş sayaram.
- Əvvəl ədəbi dərnəklər var idi, hər yazıçının hansı dərnəyə aid olduğunu bilmək olardı. Necə düşünürsən, indi bəzi ədəbi portallar həmin dərnəklərin rolunu oynamırlar ki?
- Razıyam. Məsələn, bu, kult.az-da, kulis.az-da dərhal hiss olunur. Qan Turalı zaman-zaman bu görünüşü itirir, sayta azadlıq ruhu verir. Sayt o zaman azad olur ki, hər tərəfə, yönə tribuna verilsin. Məncə, o, bunu bacarır. Keçən kərə kult.az-a baxdım, adam dəhşətə gəlir. Elə bil əsas səhifəsi araq masasında oturanların məclisidir. Bir də ikinci-üçüncü sort yazarların yazıları. Elə bayağı göründü ki, dostların, sevdiyim yazarların yazısını oxumaq üçün ora daha girmirəm. Həm də saytın bir çox şəxslərə qadağa qoyduğunu, “qara siyahı” hazırladığını biləndən sonra daha nə düşünə bilərəm ki?.. İndi adi bir işçi çıxıb ayrı söz deyə bilər. Mən onları anlayacam, düz edirlər, qınamayacam, adam işlədiyi yerə sadiq olmalıdır. Amma ədaləti itirmək və hər şeyi pula da satmaq olmaz. Orada istedadlı insanlar çalışır, sadəcə, problem budur ki, evin betonu yoxdur.
Namiq Hüseynov AYO başqanı olsa da, son dövrlər oxu zalında bütün tərəflərə tribuna verilməsi ilə seçilirdi. Bir-iki kərə söhbətimiz olub. Çox mədəni, intellektual və savadlı insandır. AYO sədri olaraq bu ortamı yaratmaq istəyirsə, ən azından gözəl fəaliyyətdir və örnəkdir.
- Tənqidçilər haqqında nə deyə bilərsən?
- Adətən, tənqidçilər bizim haqqımızda danışır. Əsəd Cahangiri kimsə mövqeyinə görə qəbul edə bilməz. Bu, onların mövqeyidir, haqlı və ya haqsız olduqları haqqında müzakirə açmaq istəmirəm. Amma istedadı inkar etmək vicdansızlıq olardı. Sözlərim qəribə gələ bilər, Əsəd Cahangir kimi insan bu dünyada olmayanda onu günün günorta vaxtı Bakı küçələrində çıraqla axtaracaqsınız. Sadəcə, Əsəd layiq olduğu qiymətini almayıb. Bu da insanların onun haqqında daha azad fikir yürütməyə, tənqid etməsinə rahatlıq yaradır. Vaqif Yusiflidən söz düşəndə deyirlər ki, o, hamıdan yazır. Yazmırsan bir ayıb, yazırsan iki ayıb. Bütün gəncləri oxuyur, onlar haqqında yazır, kitablar dərc etdirir. Bunun nəyi pisdi ki? Eyni zamanda, o hamı haqqında eyni yazı yazmır ki, ittiham edəsən. Hər kəsə layiq olduğu istedadına uyğun qiymətləndirir. Nərgiz Cabbarlı da eyni zamanda. Elnarə Akimova çox sevdiyim bir şəxsdir. Amma artıq kulis tənqidçisi olmaq da insan haqqında yaxşı fikir yaratmaz. Cavanşir Yusifli hörmət etdiyim insandır. Hərdən mənə elə gəlir ki, o da “kruq” adamıdır.
- Bu gün ədəbi gündəm sənin üçün necə görünür?
- Son dövrlər, dediyim kimi, sənədlərlə işləməklə bəzi mənbələrdən materiallar əldə etmişəm. Adamın tükləri biz-biz olur. Baxırsan, azadlıqdan dəm vuran şairdir, şeirlərini də daha çox bu azadlığı hesabına reklam etdirə bilib. Amma Rafiq Tağıyla şou yaradan bu adam, sən demə onun tutduranlardan biri olub. Eyni zamanda etnik-separatizm məqsədilə beynəlxalq qrantlar alıb azadlıq bayrağı altında gizlənənlər, hakimiyyətin ən üst qatının əleyhinə çıxıb, bir məmurun otağında çiyin bükərək iş-görənlər və s. Söylədiyim kimi, aprel ayından sonra bu məsələləri qabartmaq istəyirəm.
- AYB ilə əlaqələrin nə yerdədir?
- Mən AYB-də nə işləyirəm, nə maaş alıram, nə də... Sadəcə, orada elə imzalar var ki, onlarla söhbət etmək insanı zənginləşdirir. Rəşad Məcid, İlqar Fəhmi, Qəşəm Nəcəfzadə, Sayman Aruzdan çox şey öyrənmək mümkündür. Götürək, Qulu Ağsəsi. Hərdən mənə elə gəlir ki, onun eynəyi də istedadlıdır. Həyatı, insanları başqa cür göstərir. “Naşir” jurnalında bir yazısını oxudum. Son illər heç bir yazı məni o qədər heyran etməyib. Xəyal Rza müəyyən qədər kiflənmiş köhnəliyə öz layihələri və fəaliyyəti ilə canlılıq gətirdi.
- Məsul katibi olduğun Gənc Ədiblər Məktəbi haqqında nəsə demək istərdin?..
- Qısaca onu deyim ki, 2013-ci ilin yanvarından fəaliyyətə başlayıb. 200-ə yaxın müraciət edən olub. Ayda bir kərə tanınmış simalarla ustad dərsləri və görüşləri keçirilir. Ən azından istedadlı şəxsləri üzə çıxarmaq, onları yönləndirmək baxımından önəmli bir iş sayıram. Orada gördüyümüz gənclər prezident təqaüdünə və digər mükafatlara təqdim olunur. Bu haqda danışmaq istəməzdim. Yaxşı olardı ki, Gənc Ədiblərə qiyməti tənqidçilər versin.
- Rəşad Məcidin bu layihəsi Azərbaycan ədəbiyyatına nə qazandırdı...
- Yaxşı ki, Rəşad Məcid var, insanlar aqressiyasını, içindəki mənfi enerjini boşaltmaq üçün onu hədəf seçir. Halbuki, hər hansı böyük ranqlı məmuru tənqid etməyə, saytında adını hallandırmağa cürətləri çatmaz. Sadəcə, bunu etməklə mən azadam, demokratam hayqırmaq, insanlara bunu sübut etmək istəyirlər. Ləkələnmiş qürurlarını bununla yumaq istəyirlər. Rəşad Məciddən imkanlı birinin araq şüşəsinə, harasa işə düzəltməsinə görə yaltaqlığın elmə məlum olmayan dərəcəsinə qədər enənlərin bu “demokratlığ”ı ürək bulandırıcıdır. Daha pullu bir məmurun süfrəsində sağlıq demək üçün növbə üstündə dalaşıb, sonra bu qondarma azadlıq nümayişini, ümumiyyətlə, niyə ciddiyə alırsınız ki?
- Ümumiyyətlə, Yazıçılar Birliyinin ətrafında səngiməyən bu söhbətlərin səbəbi nədir?
- Gəlin ədalətli yanaşaq, baxaq, görək niyə olur. Gənclər görür ki, AYB-ni tənqid edənlərə ev, təqaüd verilir, reklam olunurlar vəs. Bunlar da qərara gəlirlər ki, bütün bunlardan yararlanmaq üçün bu metodu seçsinlər. Əvvəl səs-küy salsınlar, sonra da sakit olmaqları üçün həmin payı bunlara güzəştə getsinlər. Sədaqətli olsalar, ac və işsiz qalacaqlar. Belə düşünürlər. Çünki belə söhbətlərin dəfələrlə şahidi olmuşam. Deyirlər, Anar istedadsızdır, yazıçı deyil. Anara istedadsız demək, yazıçı olmadığını sübut etməyə çalışacağıqsa, gərək adlarını çəkdiyim heç kimi istedadlı və ya yazıçı adlandırmayım.
- Publistika yaradıcılığa mane olur?
- Çörək naminə publisistika ilə məşğul olanda, ədəbiyyat bir qədər kənarda qalır. Məsələn, Zamin Hacı publisistikaya qoyduğu bacarığı, istedadı ədəbiyyata yönləndirsəydi, bu gün ədəbiyyatda örnək olası əsərlərini görə bilərdik.
Elmin NURİ