Azərbaycan mediası ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı nə gəldi, necə gəldi məlumatlar yazırlar. Bu informasiyalar erməni xüsusi xidmət orqanlarının süzgəcindən keçirək Ermənistan KİV-nə ötrürülür. Bununla bağlı mediaya hansısa çağırış etmək lazımdırmı?
Modern.az saytı Milli Məclisin deputatı Cavanşir Feyziyevin məsələyə münasibətini öyrənib. O, bu situasiyanın tək girovlarla bağlı yox, cəbhədəki vəziyyətlə də eyni olduğunu bildirib: “Son yarım ildə keçirilən tədbirlər nəticəsində xeyli irəliləyişlər baş verib. KİV-nin müəyyən hissəsi məsələyə daha məsuliyyətli yanaşmağa başlayıblar. Mənbəyi erməni mətbuatı olan xəbərləri təqdim edən jurnalistlərin materialları bəzən öz şərhlərini vermədiyi üçün çaşqınlıq yaradır.
Aydın məsələdir ki, erməni mətbuatındakı bütün informasiyalar Ermənistan dövlətinin mənafeyinə uyğunlaşdırılıb verilir. Səhih və ya qeyri-səhih. Bizim mətbuatın nümayəndəsi orda gedən məlumatı olduğu kimi yayıb heç bir şərh vermirsə, o zaman bu cəmiyyətdə çaşqınlıq yaradır. Əgər bizim KİV, sadəcə erməni mətbuatına istinad edib oradakı qeyri-səhihliyi ifşa etmiş olsa, bu ziyanlı deyil.
Amma ermənilərin yaydığı informasiyanı dəqiq məlumat, yaxud dəqiq olduğu ehtimal olunan material kimi Azərbaycan KİV-də yaymaq çox təhlükəlidir. Xarici mətbuatla, xüsusilə erməni mətbuatı ilə işləyən jurnalistlər sərgilədiyi mövqeyə, verdikləri şərhə ehtiyatlı davranmalıdırlar. Məntiqsiz və Azərbaycan dövlətinin maraqlarına zidd olan məqamlar mütləq nəzərə alınmalıdır”.
Yeganə Oqtayqızı