Modern.az

“Ata yurdu” dərsliyinin həmmüəllifindən Cəmil Həsənliyə AÇIQ MƏKTUB

“Ata yurdu” dərsliyinin həmmüəllifindən Cəmil Həsənliyə AÇIQ MƏKTUB

28 Yanvar 2015, 17:04

Tarixçi professorlar Cəmil Həsənli ilə Yaqub Mahmudov arasında tarixi məsələlərin təhrifi və dərsliklə bağlı yaranan münaqişə medianın müzakirə mövzusudur. Bunun əsas səbəbi isə Cəmil Həsənlinin Facebook-da Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun həmmüəllifi olduğu 5-ci sinif şagirdləri üçün “Ata yurdu” kitabında bəzi tarixi məqamlara yer verlməməsini, qeyri-bərabərliyin olduğunu vurğulamasıdır. Bundan əlavə, Cəmil Həsənlinin Lənkəran xanlığını Talış xanlığı kimi qeyd etməsi də, münaqişənin əsas təzahürlərindən olub.

“Ata yurdu“ kitabının həmmüəllifi Hafiz Cabbarov Cəmil Həsənlinin dərsliklə bağlı iradlarına cavab məqsədilə Modern.az saytına açıq məktub göndərib:

Həmin məktubun mətnini təqdim edirik:

“Hörmətli Cəmil müəllim!

Sizin 5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyi haqqında fikirlərinizlə tanış oldum. Səmimi olaraq bildirim ki, çox təəccübləndim. Çünki sizin kimi tarix elmləri doktoru, professor elmi adı daşıyan, tariximiz haqqında dəyərli əsərlər yazan alimdən belə təxribat xarakterli münasibət  gözləmirdim. Öncə dərslikdə yalnız bəzi xanlıqların tarixi ilə bağlı mövzuların olmasına  iradınıza cavab kimi bildirim ki, bu hər hansı bir məqsəd daşımır. Bildiyiniz kimi, XVIII yüzillikdə Azərbaycanda 20-dən çox xanlıqlar yaranmışdı. Bu xanlıqların hamısı ilə bağlı ayrıca mövzular tədris olunsa, bu təxminən bir tədris ilinə yaxın müddəti əhatə edərdi. Onda Azərbaycan tarixinin başqa dövrləri necə tədris oluna bilərdi?  Əgər müasir tədris proqramı ilə tanış olsaydınız, bilərdiniz ki, tarixin tədrisi konsentrik prinsipə əsaslanır. 5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyi vətənimizin ən qədim zamanlardan müasir dövrə qədər olan tarixini əhatə edir. Dərslik tarix haqqında şagirdlərdə ilkin təəssürat yaratmaq məqsədi daşıyır. Ona görə də tariximizin ən şərəfli və faciəli hadisələri kiçik hekayələr şəklində yazılıb. Şəki xanlığının yazılmasının səbəbi Azərbaycanda yaranan ilk müstəqil xanlıq olması ilə bağlıdır. Bunu  bir tarixçi-alim kimi siz gözəl bilirsiniz. Həmçinin, Hacı Çələbi xan tərəfindən Azərbaycan xanlarının (baxmayaraq ki, ona qarşı xarici qüvvələrlə birləşmişdilər) düşmən əsirliyindən azad edilməsi hər kəsin örnək alması gərəkən hadisədir. Xarici işğalçılara təslim olmayan və vətən uğrunda şəhid olmağı üstün tutan Cavad xanın qəhrəmanlığı da haralı olmasından asılı olmayaraq hər bir azərbaycanlı üçün, xüsusilə gələcəyimiz olan uşaqların mənəvi tərbiyəsi üçün böyük önəm daşıyır. Qarabağ və İrəvan xanlıqlarının tarixi ilə bağlı mövzunun yazılması isə ermənilərin əsassız ərazi iddialarının gələcək nəsillərə öyrədilməsi ilə bağlıdır. Bu bizim ortaq ağrımız və acımızdır. Düşünməyin ki, digər Azərbaycan torpaqları bizim üçün ikinci dərəcəli əhəmiyyət daşıyır. Azərbaycanın bütün bölgələri bizim üçün müqəddəsdir. Bizim dostumuz da bir, düşmənimiz də birdir. Sevincimiz və kədərimiz birdir. Qəhrəmanlarımız nə sənin, nə də mənimdir. Onlar bizim dəyərlərimizdir.

Hörmətli Cəmil müəllim, məlumunuz olsun ki, yuxarı siniflərin müvafiq dərsliklərində Azərbaycan tarixi vahid şəkildə, bölgələrə ayrılmadan sistemli olaraq öz əksini tapıb və tapacaqdır. 9-cu siniflər üçün dərsliklərdə Azərbaycanın bütün xanlıqları ilə bağlı ayrıca mövzular verilib və bu, davam edəcək. Əgər siz enerjinizi və vaxtınızı özünüzün də ifadə etdiyiniz kimi “xırda hislərə’’ əsaslanan məqaləyə deyil, nəvənizə əlavə məlumatlar öyrətməyə həsr etsəydiniz, səmərəli iş görmüş olardınız. Necə ki, Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə həsr olunan mükəmməl monoqrafiya yazdığınız kimi. Onda müasir təhsilin məqsədi olan yalnız dərslikdəki məlumatları əzbərləmək deyil, yeni məlumatlar toplamaq, araşdırmaq bacarığı formalaşdırmaqda bizə və nəvənizə kömək etmiş olardınız.

İndi isə bizə tutduğunuz bəzi iradlara cavab verim.
1.Yazırsınız ki, “Azərbaycanın parçalanması” mövzusunda Şimali Azərbaycan xanlıqlarının hamısının adı olsa da,  Talış xanlığı haqqında bir kəlmə də yoxdur. Bu iradınıza  cavab olaraq bildirirəm ki, burada yalnız Azərbaycan torpaqlarını birləşdirmək siyasəti həyata keçirən xanlıqların-Urmiya, Qarabağ, Quba və Şəki xanlıqlarının, həmçinin  Naxçıvan və İrəvan xanlıqlarının adı çəkilib. Bu isə hər hansı bir məqsəd daşımır, yalnız Gülüstan müqaviləsinin obrazlı şərhi ilə bağlıdır. Gördüyünüz kimi, burada digər Azərbaycan xanlıqlarının ( Bakı,  Şamaxı, Dərbənd və s.) adı çəkilmir. Bəs, bu xanlıqların da adının çəkilməməsini qeyd etməməyiniz  “təsadüf”dür, yoxsa hər hansı bir “xırda hislər?”

2. Soruşursunuz: “Bütün xanlar kimi eyni dərəcədə öz yurduna bağlı olan və 28 il xanlıq taxtında oturmuş Mir Mustafa xanın adı niyə çəkilmir?” Burada sizinlə razı olduğum və olmadığım məqamlar var. Razı olduğum məqam budur ki, bəli, haqlısınız. Mir Mustafa xan  digər bəzi  Azərbaycan xanları kimi taxtında, sadəcə oturmuşdu. Xalqın gələcəyini deyil, öz taxtlarını düşünürdülər. Rusiyapərəst siyasət yürüdən Mir Mustafa xan Lənkəran xalqı 1812-ci ildə işğalçılara qarşı qəhrəmancasına mübarizə apararkən  harada idi? Niyə azadlıq mübarizəsinə başçılıq etmirdi? Bu hansı yurduna bağlılıq idi? Əgər bunu nəvəniz sizdən soruşsaydı, onda nə cavab verəcəkdiniz? Bax, razılaşmadığım məqam məhz budur.

Hörmətli Cəmil müəllim, 5-cı sinif “Azərbaycan tarixi” dərsliyində Azərbaycanın cənnət məkanlarından olan Lənkərana qarşı ayrı-seçkilik edildiyini və onun adının çəkilmədiyini iddia edirsiniz. İddialarınızın əsassız və qərəzli olduğunu irad bildirdiyiniz dərslikdən nümunələr gətirməklə diqqətinizə çatdırmaq istəyirəm:

1. “Azərbaycanda teatrın əsası məhz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri xani Lənkəran” (Lənkəran xanının vəzirinin sərgüzəştləri) komediyası ilə qoyulmuşdur.”  Azərbaycan tarixi, 5-ci sinif, 2012, səh .116.

2. “… sonralar Qazax, Quba, Lənkəran, Dərbənd, Naxçıvan şəhərlərində də müsəlman qızları üçün məktəblər açıldı”  Azərbaycan tarixi, 5-ci sinif, 2012, səh.125

3. “1918-ci il mart soyqırımı yalnız Bakıda olmamışdı. Vətənimizin Şamaxı, Quba, Lənkəran, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Göyçay və digər bölgələrində də müsəlman əhalisinə, hətta yəhudilərə qarşı da qırğınlar təşkil olunmuşdu”. Azərbaycan tarixi, 5-ci sinif, 2012, səh. 140

4. “Səməd bəy Mehmandarov 1857-ci ildə Lənkəranda anadan olmuşdu”.  Azərbaycan tarixi, 5-ci sinif, 2012, səh.147 

5. “İkinci dünya müharibəsi və Azərbaycan” mövzusunda böyük bir bölüm Azərbaycanın qəhrəman oğlu Həzi Aslanova həsr edilmişdir. Azərbaycan tarixi, 5-ci sinif, 2012, Səh.168-169

Bu faktlar yalnız 5-ci sinif  “Azərbaycan tarixi” dərsiliyində öz əksini tapıb. Əgər bir az səbirli olsaydınız, öz nəvəniz İbrahimin gələcək dərslərinə kömək edərkən bu faktları görəcəkdiniz. Görəcəkdiniz ki, biz Azərbaycanı bölgələrə ayırmır, vahid və qüdrətli şəkildə öyrətmək istəyirik. Şah İsmayıl Xətai demiş:  “Bizə Gülüstan qalası yox,  Azərbaycan lazımdır”. Çünki biz onda güclü oluruq. Bu dərsliyin qayəsi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyasıdır. Çünki biz fəxr edirik ki, azərbaycanlıyıq!

Hörmətlə, Hafiz Cabbarov
(5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyinin həmmüəllifi.)".

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza