Modern.az

Türkiyənin Minsk Qrupunda həmsədr olmasına mane oldular...

Türkiyənin Minsk Qrupunda həmsədr olmasına mane oldular...

28 Yanvar 2015, 22:55

1992-ci ildən bəri beynəlxalq müstəvidə Qarabağ məsələsinin nizamlanmasını üzərinə götürən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu bu istiqamətdə heç bir irəliləyişə nail ola bilmir.

Buna rəğmən Minsk Qrupunun həmsədrlik institutunda dəyişiklik təklif olunur.

Milli Məclisin deputatı Fuad Muradov Modern.az-a açıqlamasında vaxtilə Türkiyə dövlətinin həmsdərlik məsələsinin gündəmdə olduğunu deyib:

“Əslində, tarixə nəzər salsaq Türkiyə məsələsinin orada müzakirə edildiyini görə bilərik. Amma həmin vaxt Ermənistanın etirazlarına əsasən Türkiyə həmsədrlər siyahısına daxil edilmədi. Amma müzakirələrdə Türkiyənin həmsədrliyə namizədliyi irəli sürülmüşdü. Ümumi razılaşmaya görə o vaxtlar belə qərar qəbul edilmişdi ki, Fransa Avropa Birliyinin üzvü kimi Avropa fikirli dövlətdir. Reallıq ondan ibarətdir ki, Fransa ilə Avropa Birliyinin fikirləri heç zaman üst-üstə gəlmir. ABŞ isə öz maraqları istiqamətində hərəkət edir. Rusiya da həmçinin. Ona görə də ümumi götürəndə Azərbaycan tərəfi ATƏT-ə daxil olan başqa dövlətlərin olmasını təklif kimi də verə bilər”. 


Deputat vurğulayıb ki, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər məsələsinə baxılmalıdır.

“O fikri dəstəkləyirəm ki, ATƏT-in son illərdə həyata keçirdiyi siyasətin ümumi həll istiqamətində atılan addımlara heç bir təsiri olmayıb. Eyni zamanda, bu gün Minsk qrupundan başqa bir platforma mövcud deyil. Biz ATƏT-də də, Avropa Birliyindədə bu formatın dəyişməsi istiqamətində ciddi məsələ qaldırmalıyıq. Ora Türkiyə də, Almaniya da daxil edilə bilər.Digər Avropa dövlətləri də həmçinin. Düşünürəm ki, istər parlament səviyyəsində, istərsə də XİN səviyyəsində bu istiqamətdə bizim tərəfdən lazımi addımlar atılır, ancaq təəssüflər olsun ki, hələ ki heç bir dəyişiklik əldə etməmişik. ATƏT-in Minsk qrupunun toplantısı keçirilməlidir. Toplantıda həmsədrlər məsələsi gündəliyə salınmalı və yenidən səsə qoyulub gündəmə gəlməlidir.

Fransa Avropa Birliyinin üzvü və həmsədr dövlət kimi son illər bu quruma üzv ölkələrin maraqlarını necə qoruyub və necə təmsil etməsi haqqında hesabat versin”. 

Qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev qurumun qış sessiyasında bu məsələni qaldıracağını bildirib.

Deputat özəl olaraq Almaniyanın həmsədrlik institutuna daxil edilməsini təklif edib.


Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza