Modern.az

Heydər Əliyev Xeyrəddin Qocaya isti münasibət bəsləyirdi

Heydər Əliyev Xeyrəddin Qocaya isti münasibət bəsləyirdi

29 Yanvar 2015, 09:52

Elmira Axundova,
Milli Məclisin üzvü

Tanınmış publisist, dramaturq Xeyrəddin Qocanın 65 ili tamam olub

Məncə Xeyrəddin Qocanın təbiətində ən əlamətdar cəhət onun bir jurnalist, bir publisist kimi prinsipiallığı, əzmkarlığı, qorxmazqlığıdır. O, öz cəsarətli, prinsipial məqalələri ilə Azərbaycan publisistikasının tarixində qalacaqdır. Mən məhz onun 90-ci illərin jurnalistikasından danışmaq istəyirəm, çünki bu sahə mənə daha yaxındlr, ikinci tərəfdən də Heydər Əliev haqqında çoxcildliyimin 5-ci kitabımda mən Xeyrəddin müəllimin obrazını və onun Heydər Əliyevlə münasibətlərini canlandırmışam.

Xeyrəddin H.Əliyev haqqında yazılarını 90-cı ildə Azərbaycanın Kİ-lərində çap elətdirməyə başlamışdı. Onda bir çox yazarlar Hydər Əliyevə qarşı törədilən haqsızlıq barəsində danışmağa cürət etmirdilər.  Xeyrəddin tam başqa bir insan idi.

1990-cı il iyulun 3-də “Dan ulduzu” qəzetində Xeyrəddin Qocanın “Heydər Əliyevi düşünərkən”, elə həmin il iyulun 13-də yenə həmin qəzetdə “Unudulmuş adam və ...” adlı iki səhifəlik geniş məqalə, 1990-cı ilin sentyabr ayında isə “Xalq məhəbbəti və böhtançıların aqibəti” adlı material dərc olundu. Bu yazılarda respublika mətbuatında bəlkə də ilk dəfə Heydər Əliyev və onun ailəsi haqqında “yenidənqurma” illərində respublika və ittifaq mətbuatının səhifələrində özünə yer tapan uydurmaların çoxu təkzib edilir. Lakin daha əhəmiyyətlisi budur ki, jurnalist həmin məqalələrdə Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində işləyərkən sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində apardığı böyük quruculuq işlərini oxuculara xatırladır.

1990-cı il avqustun 1-də təxminən 70 min nüsxə tirajla çıxan “Vətən səsi” qəzetində dərc edilmiş “Niyə susurlar?” adlı yazıda Xeyrəddin Qoca heyrətlənir: necə olur ki, “Komsomolskaya pravda”, “İzvestiya”, “Arqumentı i faktı” qəzetləri, “İnterfaks” agentliyi, “Azadlıq” radiostansiyası və başqaları Əliyev haqqında materiallar, onunla müxtəlif müsahibələr dərc edir, yerli mətbuat, radio, televiziya isə respublikanın keçmiş rəhbərinin vətənə qayıtması, Naxçıvanın mərkəzində təxminən 80 min nəfərin toplaşdığı möhtəşəm mitinq haqqında, H.Əliyevin həmyerliləri tərəfindən səmimi qarşılanması haqqında inadkarlıqla susur. Bu ədalətsizliyin aradan qaldırılmasını jurnalist kimi özünə borc sayan Xeyrəddin rəhbəri olduğu “Dan ulduzu” qəzetində Heydər Əliyev fenomeni haqqında məqalələr və fikirlər dərc etməyə başladı.  Ümumiyyərlə 1991-1993-cü illərdə Xeyrəddin Qoca H.Əliyev ilə bağlı mifləri və stereotipləri puç edərək müxtəlif dövri nəşrlərdə (“Şərq qapısı”, “Açıq söz”, “İki sahil”, “Millət” və digər qəzetlərdə) H.Əliyevi dəstəkləyən çoxlu məqalə dərc etdirmişdir. O, Heydər Əliyevin opponentlərinə və bədxahlarına uzaqgörənliklə cavab verərək, yazırdı: “Kimin istəyib-istəməməsindən asılı olmayaraq Heydər Əliyev siyasi fəaliyyətdədir, xalq üçün böyük işlər görür. Bu, danılması mümkün olmayan həqiqətdir. Əminəm ki, gec-tez Heydər Əliyev həqiqəti dərk olunacaqdır”.



Bu yazılarına görə Xeyrəddin Qoca təqib olunur, dəfələrlə işlədiyi qəzetlərdən qovulurdu.  Bu barədə heç vaxt Heydər Əliyevə şikayət etməmişdi, lakin o vəfalı jurnalistin işlərindən xəbərdar idi. 1991-ci ilin yayında Heydər Əliyev Kommunist Partiyasından çıxmaq haqqında ərizə vermək üçün Moskvaya getməzdən əvvəl Cəlal müəllimin evində Xeyrəddinlə görüşdü.

- Partiyadan çıxmaq haqqında ərizə verməyə gedirəm, - dedi, - sənin başına gələnlərin də hamısını yazacağam.

Xeyrəddin əvvəl düşündü ki, o zarafat edir, lakin sonra onun ərizəsinin mətni ilə tanış oldu, orada belə bir cümlə vardı: “Qəzet redaktorları, jurnalistlər mənim Azərbaycandakı çıxışlarımı dərc etdiklərinə görə işdən azad edilir, təqiblərə məruz qalırlar”. Əlbəttə, bu sözlər Xeyrəddin kimi cəsarətli jurnalistlər haqqında deyilmişdi. Elə o özü də qayıdandan sonra bunu təsdiq etdi.

Xeyrəddin Qoca dəfələrlə Naxşıvana uçur, Heydər Əliyevin əhatəsində olur, onu işini müşahidə edir və sonra Bakının KİV-lərində bunu təbliğ edirdi. Deyərdim ki, məhz Xeyrəddin Qoca kimi namuslu jurnalistər sayəsində Heydər Əliyevin ətrafında süni yaradılan informasiya blokadası yarıla bildi və belə insanlar ona mənəvi dayaq oldular.

Sonralar “El” qəzetinə verdiyi müsahibədə Xeyrəddin Qoca özü Heydər Əliyevin təmiz adı uğrunda mübarizəsinin motivlərini belə izah edirdi:

“Müxtəlif qəzetlərdə Əliyev haqqında yazılar dərc etməyə bir növ məcbur olmuşdum. Çünki gözüm görə-görə bütün planetdə görkəmli siyasi xadim və nadir dövlət adamı kimi tanınmış Heydər Əliyevin bədxahları onun haqqında keçmiş İttifaq və respublika mətbuatında böhtan və iftiralarla dolu yazılar dərc edirdilər. Özü də bir-birindən yalan “faktları” o “jurnalistlər” uydururdular ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 14 il müddətində işləri-peşələri onu TƏRİFLƏMƏK idi.

Buna dözmək olardımı? Bəs onda mərdlik, kişilik harda qaldı? Mən millətimizin o ağrılı-acılı günlərində təkzibedici məqalələrimlə öz vicdani borcumu yerinə yetirirdim, taledən bəxtimə düşən jurnalistlik missiyasını yerinə yetirirdim. Hər bir təhqirlərdən, təqiblərdən, hədə-qorxulardan sonra daha üsyankar olurdum, yeni-yeni məqalələr yazırdım və, doğrusunu deyim ki, hətta bundan xüsusi həzz də alırdım: deməli, mən haqlıyam! Deməli mən öz səsimi Böyük Haqqın müdafiəsinə qoşmaqda səhv etmirəm...”.

Təsadüfi deyil ki, yeni yaradılan “Yeni Azərbaycan” partiyasının mətbu orqanını təşkil etməyə Heydər Əliyev məhz Xeyrəddin Qocaya təklif etmişdi. Onların nə binası vardı, nə də texniki imkanları, lakin Heydər Əliyev tapşırmışdı ki, qəzetin birinci nömrəsi 1993-cü il aprelin 10-da buraxılmalıdır. Həmin gün bütün maneələri dəf edərək “Yeni Azərbaycan” qəzeti fəaliyyətə başlamış, partiyanın lideri isə bu münasibətlə öz təbrikini göndərmişdi.

Həmin tarixi gündən Xeyrəddin Qoca Türkiyədə konsul işləməyə gedənə qədər onun baş redaktoru vəzifəsində çalışdı. Məgər bunları unutmaq olar? Olmaz!

Mən Xyrəddin Qocayla çoxdan ünsiyyətdəyəm, vaxtı ilə Heydər Əliyevi Türkiyəyə səfərlərində müşayiət edərkən orada onunla təmasda olmuşuq, mən şəxsən Heydər Əliyevin Xeyrəddin Qocaya necə səmimi, isti münasibət bəslədiyini görmüşəm, hiss etmişəm. Onları həqiqətən də da dostluq telləri bağlayırdı.

Şadam ki, böyük siyasətçi və istedadlı jurnalist arasında olan bu qeyri-adi  dostluq tarixçəsini mən öz kitablarımda əks etdirmişəm və Xeyrəddin Qoca öz dəyərli və səmimi xatirələri ilə çoxcildlik romanımı zənginləşdirib.

Bir dəfə Xeyrəddin mənimlə söhbətində etiraf etmişdi:

“Heydər Əliyev mənim həyatımda heç kəsin oynaya bilməyəcəyi rol oynayıb. Bu insan mənim ən güclü dayağım və köməyim idi. Heydər Əliyevin sayəsində indiyə qədər yaşayıram...”

Mən öz həmkarım və dostuma səmimi-qəlbdən arzu edirəm: yüz il yaşa, yarat, yazılarınla bizi coşdur, silkələ. Çünki cəmiyyətimiz sənin kimi dəyərli insanlara həmişə möhtacdı. Ad günün mübarək, qocalmayan Qocamız!

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI