Modern.az

Şəmsəddin Hacıyev: “Təhsildəki problemlərlə bağlı komitəmizə müraciətlər edilib”

Şəmsəddin Hacıyev: “Təhsildəki problemlərlə bağlı komitəmizə müraciətlər edilib”

29 Yanvar 2015, 12:44


Bu gün Milli Məclisin Elm və təhsil komitəsi 2014-cü ilin payız sessiyasında gördüyü işlərlə bağlı hesabat verib. Modern.az saytının məlumatına görə, komitənin sədri Şəmsəddin Hacıyev bildirib ki, komitənin hesabat dövründə 4 iclası keçirilib və gündəliyə daxil olan 6 məsələyə baxılıb. Onun sözlərinə görə, komitəyə 2014-cü il ərzində 133 ərizə daxil olub: “Müraciətlər vətəndaşların sosial vəziyyətinin, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, mənzil məsələləri, seçicilərin işlə təmin olunması, xəstələrin müalicəsi üçün maddi yardım göstərilməsi, əfv məsələləri ilə bağlıdır”.

O qeyd edib ki, tələbələrin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil müəssisələrinə bərpa olunması, xaricdə təhsil alan məzunların diplomlarının tanınması, magistraturaya qəbul olunanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı məsələlər də müraciətlər sırasında yer alıb.

Komitə sədri deyib ki, müraciətlər baxılması üçün müvafiq qurumlara göndərilib: “Komitə 92 məktub hazırlayıb müvafiq qurumlara göndərib”.

Şəmsəddin Hacıyev Milli Məclisin yaz sessiyasının müzakirəsinə tövsiyə olunan “Elm haqqında” qanun layihəsindən də söz açıb. Deputat vurğulayıb ki, sözügedən qanun layihəsi Milli Məclisin yaz sessiyasının plenar iclaslarının birində müzakirəyə çıxarılacaq.

O qeyd edib ki, “Elm haqqında” qanun layihəsi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi və Ali Attestasiya Komissiyası yeni rəy və tövsiyələrini veriblər.

Aqşin KƏRİMOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza