ABŞ-da yerləşən “Freedom House” təşkilatı “Dünyada azadlıq - 2015” adlı növbəti hesabatını yayıb. Hesabatda region ölkələri ilə yanaşı, separatçı qurumlara, o cümlədən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimə də yer verilib. Təşkilatın qiymətləndirməsinə görə, Dağlıq Qarabağdakı rejim azadlıqlar səviyyəsinə görə Azərbaycandan öndədir.
Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayevin fikrincə, “Freedom House”un son hesabatında separatçı rejimlərə simpatiya nümayiş etdirməsi bu təşkilatın beynəlxalq aləmdə özünü tam nüfuzdan saldığını göstərir.
Modern.az-ın məlumatına görə, hazırda Strasburqda AŞPA-nın sessiyasında olan millət vəkili məsələyə belə münasibət bildirib:
- “Freedom House” təşkilatı “Dünyada azadlıq 2015” adlı hesabatında Azərbaycana qarşı açıq aşkar qərəzli münasibətini bir daha göstərib. Azərbaycanda keçirilən köklü iqtisadi, sosial, hüquqi islahatları nəzərə almayan, vətəndaşlara yaradılan sosial və hüquqi təminatı ümumiyyətlə qiymətləndirməyən təşkilatın bu cür qərəzli, böhtan dolu fikir söyləməsi gözlənilən idi.
“Freedom House” indiyədək öz hesabatlarında bir dəfə də olsun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, torpaqlarımızın beşdə birinin 20 ildən çoxdur ki, işğal altında qalmasına, bu torpaqlarda həyata keçirilən etnik təmizləməyə, bir milyondan çox insanın öz yurd-yuvasından didərgin salınmasına diqqət ayırmayıb. Təşkilatın “azadlıq” hesabatlarında azərbaycanlıların pozulan təməl haqları, doğma torpağına qayıtmaq, öz yurdunda yaşamaq, azad hərəkət etmək hüquqları barədə bir kəlməyə də rast gəlməzsiniz. Erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində, Dağlıq Qarabağdakı digər işğal olunmuş yaşayış məntəqələrində həyata keçirdikləri soyqırımı, kütləvi qətllər barədə də bu hesabatlarda bir cümlə tapmaq olmaz.
Əvəzində isə “Freedom House” bir qayda olaraq Ermənistanı insan hüquq və azadlıqları baxımından Azərbaycandan üstün mövqedə təqdim etməyə, Yerevanın mərkəzində etiraz nümayişinə çıxan öz vətəndaşlarını güllələyən bir rejimi demokratik, azadlıqsevər kimi göstərməyə çalışır.
Təşkilatın budəfəki “azadlıq” hesabatı isə açıq-aşkar qərəzliyi və mümkün olmayan müqayisəsi ilə fərqlənir. “Freedom House” ekspertlərinin “qiymətləndirmə”sinə görə, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda yaratdığı qondarma rejim azadlıqların səviyyəsinə görə guya Azərbaycandan irəlidədir.
Hüquqi rejimi qiymətləndirən bir təşkilat ümumiyyətlə qondarma qurumun qeyri-legitim olması haqqında bir fikir söyləmir, əksinə, quldur bir “hakimiyyət”in insanlara qarşı münasibəti müsbət qiymətləndirilir. Bundan böyük iftira və hədyan düşünmək olmazdı.
Təşkilatın rəhbərləri Azərbaycana qarşı qərəzləri o həddə çatıb ki, ölkənin işğal olunmuş bölgəsində yaradılan, dünyanın heç bir dövləti, beynəlxalq qurumu tərəfindən tanınmayan qondarma rejimə demokratik don geyindirməyə çalışırlar. Təbii ki, “Freedom House”un hesabatında Dağlıq Qarabağda qondarma rejimin Ermənistan tərəfindən idarə olunmasından söz belə açılmır.
Təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə göz yumaraq, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləməyə, insanlığa qarşı cinayətlərə, azərbaycanlı əhalinin kütləvi şəkildə öz torpaqlarından zorla qovulmasına qiymət vermək əvəzinə, öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə yer verir.
Bu günlərdə Dağlıq Qarabağda öz valideynlərinin məzarını ziyarət edən iki azərbaycanlıya - Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı “məhkəmə” səhnəsi qurulmuşdu. Onlar öz doğma torpaqlarına – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonuna getdikləri, orada yaxınlarının qəbirlərini ziyarət etdikləri üçün həbs ediliblər. Günlərlə əzab və işgəncələrə məruz qalıblar, sonra da qurama “məhkəmə” qarşısına çıxarılıblar: birinə ömürlük, digəri 22 il həbs cəzası verilib. Bütün bunlardan sonra insanı öz doğma torpağında azad hərəkət etmək hüququndan mərhum edən işğalçı rejim “Freedom House” təşkilatından “azadlıq nominasiyası”nda tərif qazanır.
Əslində, başqa ölkələrə azadlıq və demokratiya dərsi keçməyə çalışan bu təşkilat qərəzli, qeyri-obyektiv mövqeyi ilə beynəlxalq aləmdə özünü çoxdan nüfuzdan salıb. Özünü insan hüquqlarının və fundamental azadlıqların keşikçisi kimi təqdim etməyə çalışan “Freedom House”un separatçı, işğalçı rejimlərə belə açıq havadarlığı isə onu təşkilat olaraq tam diskreditasiya edir. Belə təşkilatların ölkəmiz əleyhinə qaralama fəaliyyətlərini də artıq ciddi qəbul etmək olmaz.
Bu gün Azərbaycan özünün müstəqil dövlətçilik kursu, sabit inkişaf yolu ilə gedir. Azərbaycandakı tolerant mühit dünya ölkələri üçün nümunədir və bunu nüfuzlu beynəlxalq təşkilatlar, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı etiraf edir. Bir neçə aydan sonra ölkəmiz ilin ən böyük idman hadisəsinə - I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu, Azərbaycanın dinamik inkişafını, tolerant, multikultural cəmiyyətini dünyaya təqdim etmək üçün daha bir fürsət və “Freedom House” kimi təşkilatlara ən təsirli cavab olacaq”.