Modern.az

“Çox ehtiyatlı olmalıyıq, İŞİD-lə bağlı problem yarana bilər”

“Çox ehtiyatlı olmalıyıq, İŞİD-lə bağlı problem yarana bilər”

Təhsil

29 Yanvar 2015, 15:42


Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, baş nazirin keçmiş birinci müavini Vahid Əhmədov prezident İlham Əliyevin Heydər Əliyev Mərkəzindəki çıxışında Azərbaycanı gözləyə bilən təhlükələrdən bəhs edərkən “hər şeyə hazır olmalıyıq” mesajını şərh edib və Azərbaycan üçün mümkün təhlükələrin haradan gələ biləcəyinə toxunub. O, moderator.az-a deyib ki,

Azərbaycan üçün təhlükələr çoxdur: “Birincisi, etiraf etməliyik ki, Azərbaycanın uğurlarına qısqanan, kiçik bir dövlətin qlobal miqyaslı oyunçuya çevrilməsini həzm edə bilməyən ölkələr, güc mərkəzləri yetərincədir. Təsəvvür edin, dünya çalxalanır və ətrafımızdakı ölkələri, yerləşdiyimiz regionları çoxsaylı ictimai-siyasi, sosial-iqtisadi, humanitar problemlər cənginə alıb. Amma Azərbaycan dinamik və stabil inkişafını davam etdirir. Baxın, sanksiyalardan sonra təkcə Rusiyada deyil, bütün MDB məkanında, uzağa getməyək, elə ətrafımızdakı dövlətlərdə nələrin baş verdiyinin şahidisiniz. Ona görə də bu gün təhdidlər üstüörtülü şəkildə olsa da daha qabarıq nəzərə çarpır. Nəzərə alın ki, dünən Avropa Şurasında Rusiyaya qarşı sərt qərarlar qəbul olundu və heç şübhəsiz bu da vəziyyəti gərginləşdirən amildir. Təbii ki, bütün bunların hamısı Rusiyanı Ukraynaya qarşı addımlardan çəkindirməyə hesablanıb. Belə bir situasiyada Rusiya üçün Azərbaycanın önəmi birə beş artır. Biz həm karbohidrogen ehtiyatlarının ixracatçısı olaraq Rusiyaya rəqib hesab olunuruq, digər tərəfdən gizlətmək lazım deyil ki, Moskvanın Bakıda digər çoxsaylı maraqları da var. Elə ona görə də gizlətmək lazım deyil ki, Azərbaycana ən böyük təhlükə Rusiyadan gələ bilər. Bu təhlükə dünən də olub, bu gün də, heç şübhəsiz sabah da olacaq.

Bundan başqa Rusiyaya dəxli olmayan digər təhlükə beynəlxalq terrorizmdən qaynaqlanır. Azərbaycan hər zaman terrorizmdən əziyyət çəkib və diqqət yetirdinizsə prezidentin Davosdakı çıxışında toxunduğu məsələlərdən biri də beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın oynadığı rol barədə idi. Odur ki, İŞİD-lə bağlı müəyyən problemlər yarana bilər. Son vaxtlar bu terrorçuların anti-Azərbayacn bəyanatları intensivləşib. Unutmaq olmaz ki, bu yay ilk dəfə Birinci Yay Avropa Oyunları Bakıda keçiriləcək və bu oyunlar Azərbaycanın beynəlxalq imici üçün çox əlamətdar hadisə olacaq. Ona görə də biz çox ehtiyatlı və sərvaxt olmalıyıq. Amma mən narahat deyiləm və ümid edirəm ki, xüsusi xidmət orqanlarımız ölkəmizin təhlükəsizliyi üçün bütün təhdidləri neytrallaşdırmaq imkanındadırlar”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza