Yanvar ayının 29-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda YAP İdarə Heyətinin 2014-cü ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2014-cü ilə dair illik statistik hesabat, partiyanın 2014-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib.
Modern.az xəbər verir ki, iclasda baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov çıxış edib. Bildirib ki, ötən iln dekabrında keçirilmiş bələdiyyə seçkilərində bələdiyyələrə seçilənlərin 10 315 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləridir.
Digər çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyasının sıralarına hesabat dövrü ərzində 29 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiyanın üzvlərinin sayı 646 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İdarə Heyətinin iclasında həmçinin, YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilib. Qeyd olunub ki, 2014-cü ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 433 486.37 manat olub. Bunun 6 180 077.29 manatını üzvlük haqlarından, 100 000 manatını depozitdən əldə olunan daxilolmalar, 1 153 409.08 manatını büdcədən ayrılan vəsait təşkil edib.
Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 5 478 768.58 manat təşkil edib. Hesabat ilinin sonuna toplanan vəsaitin 1 954 717.79 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb.
YAP İdarə Heyətinin 2014-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.
İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ təşkilati işlərlə bağlı olub. YAP İdarə Heyətinin qərarı ilə YAP Siyasi Şurasının üzvü, MM-in deputatı Aydın Mirzəzadə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin, MM-in deputatı Sevinc Fətəliyeva isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təsdiq edilib.
Modern.az