Modern.az

Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri Birgə Bəyanat imzaladılar

Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri Birgə Bəyanat imzaladılar

29 Yanvar 2015, 16:23


Yanvarın 29-da  Aşqabadda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Raşid Meredov və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun sayca ikinci üçtərəfli görüşü keçirilib.

Modern.az xəbər verir ki, görüş zamanı tərəflər hər üç ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsi ilə bağlı razılıq əldə olunub.

Görüşdə tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bu sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə tərəflər işçi görüşlər səviyyəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmə məsələləri ətrafında müzakirələr aparılıb. 

Görüş zamanı çıxış edən nazir Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin regionda nəqliyyat infrastrukturunun daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Nazir Elmar Məmmədyarov təhsil sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edərək,  ADA Universitetinin rektoru Hafiz Paşayevin bu görüşlərdə iştirakının müsbət hal olduğunu diqqətə çatdırıb.

Dünyada cərəyan edən hadisələrin fonunda bu formatda üçtərəfli görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayan nazir Elmar Məmmədyarov bunun  Azərbaycan, Türkmənistan və Türkiyə əlaqələrinin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini söyləyib.

Görüşün sonunda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün nəticələrinə dair Birgə Bəyanat imzalanıb.

Bəyanatda qeyd olunub ki, görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün “Əfqanıstan-Türkmənistan-Azərbaycan Respublikası-Gürcüstan-Türkiyə Respublikası” nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb.

"Üç dövlət arasında nəqliyyat prosesinin iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi, dəstək və multimodal daşımaçılığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə Tərəflər üç ölkənin nəqliyyat nazirliklərinin və qurumlarının nümayəndələrinin görüşünün keçirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Ticarət-iqtisadi əlaqələr məsələsinə nəzər salaraq, xarici işlər nazirləri bu sahədə təmasların əhəmiyyətini və bərabər hüquqluluq, qarşılıqlı fayda və bir-birilərinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələri arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi və genişləndirilməsinin prioritetliyini qeyd ediblər.

Görüş zamanı ticarət əməkdaşlığının və malların üç dövlətin ərazisindən tranzitinin fəallaşdırılması məsələləri müzakirə edilib. Bu məqsədlə Azərbaycan, Türkiyə və Türkmənistanın ticarət-sənaye palataları və müvafiq nazirlik və qurumlarının nümayəndələrinin görüşünün təşkilinin zəruriliyi qeyd olunub.

Tərəflər həmçinin üç ölkənin xalqlarının ümumi mədəni, dil və tarixi irslərinə əsaslanan mədəni-humanitar sahədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Nazirlər 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə proqramını qəbul ediblər və onun həyata keçirilməsində xarici işlər nazirliklərinin əlaqələndirici rolunu vurğulayıblar. Bununla əlaqədar xarici işlər nazirləri müvafiq nazirlik və qurumları çərçivə proqramının müddəalarını həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın fəallaşdırılmasına və onun yerinə yetirilməsinə səy göstərməyə çağırıblar".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza