Modern.az

Abdulla Abdullayevin işi: məhkəmə öz tərkibinə etiraz etdi

Abdulla Abdullayevin işi: məhkəmə öz tərkibinə etiraz etdi

29 Yanvar 2015, 17:00

Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə məhkəmənin hazırlıq iclası olmalı idi. Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, proses başlayan kimi məhkəmə öz tərkibinə etiraz edib: “Səbəb göstərdilər ki, eyni tərkibdə məhkmə heyəti əvvəllər “AMAY” MMC-nin eyni işi üzrə bir məhkəməsinə baxıb. Buna görə də etirazı Apellyasiya Məhkəməsinə göndərdilər. Əgər apellyasiya instansiyası etirazı qəbul edərsə, işə başqa məhkəmə tərkibi baxacaq. Qəbul olunmasa, işə yenidən etiraz edən tərkib baxacaq. Apellyasiya Məhkəməsi işə baxandan sonra proses Bakı Ağır Cinayətlər Məhkəməsində  davam edəcək”.

Əkbər Bağırov müvəkkilinin hüquqlarını digər vəkil Osman Kazımovla birgə qoruduğunu deyib: “Müdafiə tərəfi hesab edir ki, iş mülki xarakterlidir. Bu istiqamətdə də müdafiəmizi quracağıq. Verilən ittihamla razı deyilik. Abdulla Abdullayevi təqsirsiz hesab edirik”.

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsi onun həbsinin bu il fevralın 4-dək uzadılması haqda qərar qəbul edib.

Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır.          

Yeganə Oqtayqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza